İcra başçısı olmadıqda rayonu kim idarə etməlidir? - Hüquqi ŞƏRH


13:33     20 Dekabr 2019 2019/12/79534742_2824143610984551_2286851522824241152_n_1576834457.jpg

Son bir neçə gündür ölkədə ən çox müzakirə olunan və kifayət qədər də sensasia yarada bilən hadisə Ağsatafa rayon İcra Hakimiyyətinin başçısının və müavinlərinin, həmçinin Yevlax rayonunun keçmiş icra başçısının həbs edilməsidir.


Elə bu gün ölkə Prezidentin verdiyi sərəncamla Nizaməddin Məhəmməd oğlu Quliyevi Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.


Vətəndaşlarda belə bir sual yarana bilər.

Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində olmadıqda və ya həmin vəzifə müəyyən səbəbdən boş olduqda onun vəzifələrin kim icra etməlidir?



Mövzu ilə bağlı Femida.az -ın əməkdaşı hüquqşünas Yalçın Hacızadə ilə əlaqə saxlayıb. Hüquqşünasın sözlərinə görə, rayon icra hakimiyyətləri hakimiyyətin icraedici qoluna aiddirlər və mərkəzi hakimiyyətə tabedirlər.



"Rayon İcra Hakimiyyətlərinin fəaliyyəti əsasən Azərbaycan Respublikasının Konstitusiyası və Prezident fərmanı ilə təsdiq edilən Yerli icra hakimiyyətləri haqqında Əsasnamə ilə tənzimlənir. Rayon İcra Hakimiyyətlərinin başçıları Prezident tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. Yerli icra hakimiyyəti başçısının müavinlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla, müvafiq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad edir.

Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qurmalıdırlar.

Amma bu halda biz bu şəxslərin öz şəxsi maraqları üçün iş apardıqlarının şahidi olduq.

Yerli İcra Hakimiyyəti başçılarının səlahiyyətləri də kifayət qədər genişdir. Başçının müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan dövlət büdcəsindən maliyyələşən orqanlar, dövlətə məxsus hüquqi şəxslər və mərkəzi icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirirlər.
Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə görə icra başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.


Hazırladı: Miri Məcidli
Femida.az



Açar sözlər: #icra_hakimiyyəti   #Prezident   #ağstafa   #həbs_edildi  

Oxunub: 4527