Arvadını öldürmək istəyən şəxsin apellyasiya şikayətinə baxılır


12:49     25 Dekabr 2019 apelyasiyamehkemesi.jpg

Bakı Apellyasiya Məhkəməsində arvadını qəsdən öldürməyə cəhddə təqsirli bilinən Akif İsmayılovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.


Femida.az-ın xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Baxış iclası 2020-ci il yanvarın 7-nə təyin edilib.

Qeyd edək ki, A.İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

İttihama görə, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü A.İsmayılov 2013-cü ildən Nəzakət Məmmədova ilə faktiki ər-arvad kimi yaşayıb.

Aralarındakı münasibətlərin pozulmasına görə qadın dəfələrlə ondan polisə şikayət edib. Axırıncı dəfə 2019-cu il mayın 7-də Nəzakət Məmmədova Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən fərdi evdən oğurluq edilməsinə görə DİN-in “102 xidməti”nə məlumat verib və ondan şübhələndiyini bildirib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə dəvət olunmasından hiddətlənən A.İsmayılov mayın 8-də Nəzakət Məmmədovanın işlədiyi “ZOO Mağaza”ya gəlib. Mağazanın həyətində onların arasında mübahisə yaranıb və A.İsmayılov bıçaqla qadına hücum edərək əvvəl ayaqüstə, sonra yerə yıxılmış vəziyyətdə bədən səthinə ardıcıl zərbələr vurub.

Təcili tibbi yardım briqadası Nəzakət Məmmədovanı vaxtında 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırdığından onun həyatını xilas etmək mümkün olub.

Həmin gün A.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, əvvəllər məhkum olunan şəxs Nəzakət Məmmədovadan əvvəl iki dəfə evli olub.

Femida.az

Açar sözlər:

Oxunub: 660