İşsiz statusunu və işsizlik müavinətini necə almalı? - QANUN


11:05     07 Yanvar 2020 20_01_07_1578380742.jpg


Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfəki mövzumuz işsiz statusunun və işsizlik müavinətinin verilməsi ilə bağlıdır.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, bu ildən etibarən isə Dövlət Məşğulluq Agentliyi Azərbaycanda işsizlərə müavinət təyin olunması məsələsini həll edir. Bu proses "Məşğulluq haqqında" 2001-ci il 2 iyul tarixli 170-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 4-cü, 24-27-ci maddələri; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti haqqında Əsasnamə"nin 2.1.3-cü yarımbəndi; Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydaları" nın 2.1-ci-2.10-cu bəndləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşsizlərin qeydiyyata alınması Qaydaları"nın 3.1-ci və 3.2-ci bəndləri ilə həyata keçirilir.

Müavinət almaq üçün müraciət etdikdən 11 gün sonra rəsmi cavab verilir və bunun üçün hər hansı rüsum tələb olunmur. Kimlər bu müavinəti ala bilməzlər? Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş "İşsizlərin qeydiyyata alınması Qaydaları"nın 2.2-ci yarımbəndində əsasən aşağıda göstərilən vətəndaşlar işsiz sayıla bilməzlər:

- 15 yaşına çatmayanlar;
- pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar;
- qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzrsüz səbəbdən şəhər, rayon məşğulluq mərkəzinə gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz);
- ilk dəfə iş axtaranlar;
- azadlıqdan məhrumetmə cəzasını çəkənlər;
- muzdla işləyən, o cümlədən əmək müqaviləsi (kontraktı) ilə tam və tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar;
- sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar;
- haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər;
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayandırılması və ya başqa səbəblərlə əlaqədar iş yerində müvəqqəti olmayanlar;
- Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
- Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər:

- Yaşadığı yeri üzrə vergi orqanlarından fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqqında arayış
- Şəxsiyyət vəsiqəsi
- İşsizliyin başlanmasından əvvəlki 12 ay ərzində işəgötürənin təqsiri olmadan müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məcburi ödənişsiz məzuniyyətdə olduğu hallarda və bu səbəbdən həmin 12 ay ərzində 26 təqvim həftəsindən az müddətdə haqqı ödənilən işə malik olan vətəndaşlar qeyd olunan sənədlərlə yanaşı, işəgötürənin təqsiri olmadan işin dayandırılması və müddəti haqqında işəgötürənin və həmkarlar ittifaqı təşkilatının təsdiq etdiyi arayış təqdim edirlər
- Qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindən son 12 ay üzrə əmək haqqı barədə arayış
- Yerli icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış
- Peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda)
Əmək kitabçası (yaxud onu əvəz edən sənəd)
- Pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla) , yaşa görə və əlilliyə görə sosial müavinət almaması haqqında arayış
- Himayəsində olan 18 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surəti
- İşsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra işsiz vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən işsizliyə görə müavinət almaq üçün: 1. pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla) , yaşa görə və əlilliyə görə sosial müavinət almaması haqqında arayış. 2. himayəsində olan 18 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surəti

İşi və qazancı olmayan, işə başlamağa hazır olub, məşğulluq orqanında işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar işsiz statusu almaq hüququna malikdirlər. İşaxtaran kimi qeydiyyata alınmış vətəndaş müvafiq sənədləri təqdim etdiyi andan, ona münasib iş təklif olunmadığı halda, məşğulluq orqanı 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir. Müavinətin ödənilməsi müddəti 12 aylıq dövr ərzində 26 təqvim həftəsindən çox ola bilməz. İşsizlik müavinəti alan vətəndaşlar ayda bir dəfə müvafiq İcra Hakimiyyəti orqanında yenidən qeydiyyatdan keçməklə müavinət alırlar.

İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün məşğulluq orqanına müraciət etmək hüququ vardır. İşsizlik müavinətinin təyin olunmasına əsassız olaraq rədd cavabı aldıqda, onun ödənilməsi müddətləri başqa vaxta keçirildikdə, müavinətin məbləği ilə razılaşmadıqda işsiz vətəndaşlar şəhər, rayon məşğulluq mərkəzini işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) həmin mərkəzin yuxarı orqanlarına şikayət edə bilərlər.
Şikayətə 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Hazırladı: Amin Nəzərli
Femida.az

Açar sözlər: #ƏƏSMN   #işsiz   #müavinət   #məşğulluq  

Oxunub: 2891