Elmi fəaliyyətinizi bu yolla maliyyələşdirin - Hüquqi maarifləndirmə


12:18     22 Yanvar 2020 20_01_22_1579681158.jpg


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Elmi fəaliyyətin qrant maliyyələşdirilməsini həyata keçirir. Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində bu mövzuda məqaləni təqdim edir. Əgər sizin hər hansı elmi araşdırmanız və cəmiyyətə faydalı olacaq elmi fəaliyyətiniz varsa, bunun üçün dövlət maliyyələşdirməni öz üzərinə götürür.

Bu xidmət Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqramları, layihələrinin və tədbirlərin qrant şəklində ünvanlı maliyyələşdirilməsini əhatə edir.

"Qrant haqqında" 1998-ci il 17 aprel tarixli 483-IQ tarixli, “Elm haqqında“ 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanun və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nə əsasn bu xidmət hüquq nomrları çərçivəsində dövlət tərəfindən göstərilir.

Qeyd edək ki, müstəqil elmi ekspertizanın nəticələri və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının qərarı xidmətin həyata keçirilməsinin dayandırılmasına və ya ondan imtina edilməsinə əsasdır.

Qrant layihələrinin qəbulu, ekspertizası, araşdırılaraq seçilməsi, qərar qəbul edilməsi, hüquqi qeydiyyatı və maliyyələşdirilməsi prosesləri olmaqla 4 mərhələ üzrə aparılır.


1-ci mərhələ - Qrant layihəsinin təqdim olunması:
Bu mərhələdə müsabiqədə iştirakla bağlı elektron qeydiyyatdan keçmə (ASAN İmzadan istifadə olunmaqla), virtual şəxsi kabinetlərin yaradılması, layihənin formalaşdırılması və iştirakçıların layihəyə virtual dəvət olunması, layihənin əsas məzmununun on-line olaraq Azərbaycan və İngilis dillərində yüklənilməsi, redaktəsi (aralıq versiyanın yadda saxlanılması imkanı ilə) və müvafiq sənədlərin “e-Qrant” – “Qrant Layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə qəbulu həyata keçirilir. Bu mərhələdə tərtibat və qeydiyyatdan keçmə ilə bağlı qurum tərəfindən interaktiv məsləhət seminarları keçirilir, layihələrin ideyası Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində əqli mülkiyyət hüququnun subyekti qeydiyyatdan keçirilir.

2-ci mərhələ - qrant layihələrinin texniki ekspertizası:
Elektron formatda “e-Qrant” vasitəsilə təqdim olunmuş layihə və müvafiq sənədlər ilkin olaraq araşdırılır və texniki ekspetizadan keçən layihələr virtual yolla elmi ekspertizaya yönəldilir, texniki ekspterizadan keçməyən layihələrin rəhbərlərinə elektron-poçt vasitəsilə bildiriş göndərilir.

3-cü mərhələ - Qrant layihələrinin elmi ekspertizası:
Bu mərhələdə qrant layihələri müstəqil yerli və xarici ekspertlər cəlb olunmaqla “e-Qrant” sistemindən istifadə olunmaqla elmi ekspertizadan keçirilir, layihənin növündən asılı olaraq hər bir layihəyə 1-dən 5-dək konfidensial rəy verilir. Rəylər qurumun icraçı direksiyası və daimi ekspert komissiyası tərəfindən araşdırlır, sistemləşdirilir, hər bir layihə haqqında ayrıca olaraq rəy və arayışlar hazırlanır.

4-cü mərhələ - Himayədarlar Şurasında müzakirə, qaliblərin elan edilməsi və maliyyələşdirilmə:
Elmi ekspertizadan keçmiş və maliyyələşdirilməyə tövsiyə olunan hər bir layihə üzrə rəy və arayışlar, həmçinin maliyyələşdirilmə həcmi, icra müddəti, icraçıların tərkibi və digər zəruri məlumatlar qurumun Himayədarlar Şurasında müzakirə olunur və Şuranın yekun qərarından sonra müsabiqənin qalibləri elan olunur. Bu haqda məlumat rəsmi internet saytında, KİV-lərdə dərc olunur və fərdi qaydada qrant iddiaçılarına bildirilir. Müsabiqədə qalib gəlmiş layihələrin rəhbərləri ilə müqavilə bağlanılır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçirildikdən sonra, mərhələli maliyyələşmə həyata keçirilir, vaxtaşırı olaraq elmi-texniki və malliyyə monitorinqi həyata keçirilir, hesabatlar qəbul edilir, daimi ekspert komissiyasında müzakirə edilir.

Xidmətin elektron ünvanı - http://e-grant.sdf.gov.az/ vasitəsi ilə əlavə məlumat almaq olar.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #qrant   #elm   #fond   #femida   #qanun   #hüquq  

Oxunub: 2120