Polisi öldürmək istəyən şəxslərlə bağlı məhkəmə qərarı elan olunub


10:40     24 Yanvar 2020 1398947325_mehkeme.jpg

Bakı Apellyasiya Məhkəməsində Dövlət Yol Polisi (DYP) əməkdaşını öldürməyə cəhddə təqsirli bilinən Elçin İbrahimov və Elman Sadıxov barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Femida.az-ın məlumatına görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2018-ci il iyunun 14-də Maştağa qəsəbəsində baş verib. İttihama görə, təqsirləndirilən şəxslər DYP əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb.

E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib.

Sürücü yol polisinin tələbinə əməl etməyib. O, əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə onlar B.Qəmbərovun ayaq nahiyəsindən bıçaq zərbəsi endiriblər. Həmin şəxslər daha bir zərbəni isə yerə yıxılan polis əməkdaşının baş nahiyəsindən vurublar. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub.

Təqsirləndirlən şəxslərə Cinayət Məcəlləsinin qəsdən adamöldürməyə cəhd, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, narkotik, qanunsuz silah gəzdirmə maddələri ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İbrahimov 17 il və E.Sadıxov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 651