Bələdiyyə üzvü seçilən gənc xanım: "Problemlərin həllində qadınlar fəallıq göstərəcəklər"


12:08     31 Yanvar 2020 2020/01/sss_1580457478.jpeg

Azərbaycanda keçirilən bələdiyə seçkiləri bu dəfə qadınların bir qədər də ön plana çıxması ilə yadda qaldı. Xüsusilə gənc xanım namizədlərə olan etimad sevindirici haldır.


Müsahibimiz bələdiyyə seçkilərində uğur qazanmış gənc xanım namizədlərdən biri, Surxanı rayonu Qaraçuxur bələdiyyəsinin üzvü seçilmiş Leyla Cahangirovadır. Leyla xanım Bələdiyyə sahəsində təmsil olunan ən gənc xanımlardandır. 2012-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirsə də, ictimai-siyasi fəallığı onu bələdiyyə sahəsinə gətirib. Uzun illərdir və beynəlxalq təlimlərdə iştirak etmişəm. Bu təlimlərin əksəriyyəti seçkilərlə bağlı olub. Nəticədə Leyla xanım seçkilərdə özünü namizəd kimi sınamaq qərarına gəlib. 2014-cü ildə keçirilən Bələdiyyə seçkilərinə namizədliyini Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürən Leyla xanım lider namizədlər sırasına daxil olaraq Qaraçuxur bələdiyyəsinə üzv seçilib. 5 il müddətində bu sahəni daha yaxşı öyrənib və yerliidarəetmə ilə bağlı çox tədbirlərin, təlimlərin iştirakçısı olub. Bu sahədə daha çox təkmilləşib və 2019-cu ildə keçirilən seçkilərdə yenidən namizəd olub. Bu dəfə seçicilərin böyük etimadını qazanan Leyla xanım yüksək səs faizi ilə yenidən bələdiyyə üzvü seçilib.



2019-cu il seçkiləri göstərdi ki, Azərbaycan qadınlarının seçkilərdə aktiv iştirakı üçün heç bir hüquqi maneə yoxdur. Maneələr yalnız stereotiplər və qadınların passivliyidir. Ki, bu da hər seçkidə bir qədər də aradan qaldırılır. Əbəs yerə deyil ki, sonuncu seçkilərdə qadınların say nisbəti bir qədər də yüksələrək 40 faizə yaxınlaşdı. Halbuki ilk bələdiyyə seçkilərdə seçilən şəxslərin cəmi 4 faizi qadınlar idi. 10 dəfə artım böyük nəticədir.

Leyla xanım düşünür ki, qadınların bələdiyyədəki fəallığının artması cəmiyyətə bir sıra üstünlükləri qazandıracaq:



"Ötən seçkilərə nəzər salsaq bu dəfə qadınların sayının biraz da artığının şahidi oluruq. Əslində, seçkilər o cümlədən elə bələdiyyə seçkisi də siyasi yarışmadır. Hər nə qədər siyasi olsa da, digər seçkilərlə müqayisədə daha çox ictimai məsələləri özündə əks etdirir. Bələdiyyədə fəaliyyət göstərmək daha çox insanlarla ünsiyyətdə olmaqdır. Ölkədə gedən demokratik inkişafın düzgün aparılması, çoxsahəli islahatların həyata keçməsində qadının fəallığı mühimdir. Çünki bələdiyyələrin fəaliyyətində əsas prioritet kimi daha çox sosial problemlər olur və bu problemlər cəmiyyətdə müxtəlif səbəblərdən əsasən qadınların üzərinə düşür. Qadınlar öz problemini daha yaxşı bilir. Məsələn, qadın daha yaxşı bilir ki, məktəbin, xəstəxananın problemi nədir, hansı aspektdən yanaşmaq lazımdır. Eləcə də işıq, qaz, su təminatı, infrastrukturun qaydasında olması daha çox qadının problemləri deyilmi? Deməli, bu problemlərin həll edilməsində daha çox məhz elə qadınlar fəallıq göstərəcəklər. Cəmiyyətə də problemlərin həll olunması lazımdır".



Xüsusilə regionlarda qadınların ictimai fəallığının artırılması, seçkilərə cəlb edilməsi, onların seçkilərdə iştirakları istiqamətində yerli icra hakimiyyəti və bələdiyyələr qarşısında duran vəzifələr, eləcə də mövcud problemlərin aradan qaldırılması yollarını müzakirə edilir. Qadınların siyasi həyatda və liderlik mövqelərində olmaması demokratiyaya kölgə salır. Siyasi məsələlərdə bərabər iştirak hökümətləri daha reprezentativ, etibarlı və şəffaf edir. Mükəmməl demokratiyanın əldə edilməsi qadınların və kişilərin balanslı şəkildə iştirakını tələb edir. Qadınlar, konstitusiyanın və sülh prosesinin bərqərar olunmasında əhəmiyyətli dəyişiklik edə bilərlər. Azərbaycan əhalisinin tam yarısının qadınların payına düşməsi cəmiyyətdə aparıcı qüvvənin məhz onların üzərində olmasına yetərli əsasdır
.



Leyla xanımın fikirlərinə görə, bələdiyyə idarəçiliyində bərabər hüquqlar və bərabər imkanlar olan zaman iş daha da keyfiyyətli alınır:

"Bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır. Bizim ilk iclasımız artıq olub. Ümumilikdə 9 kişi, 8 qadın bələdiyyə üzvünün olması özü bir göstəricidir. Bərabər imkanların olması üçün təbii ki, qadın özünə inanmalı və bacarıqlarını ortaya qoymalıdır. Əgər qadın yerli idarəetmədə heç bir fəaliyyət göstərmirsə, yaxud da məsələlərin həllində kənarda qalırsa, necə digərləri ilə bərabər imkana sahib ola bilər?! Bələdiyyə üzvlərinin hamısının hüquqları bərabərdir. Sadəcə bu hüquqları bilib onlardan düzgün istifadə etmək lazımdır. Təbii ki, daha çox məsələni həll etmək imkanı, əlaqələrin genişliyi bələdiyyə sədrində olur, lakin iclaslarda hər kəsin fikri dinlənilir və qərarlar ümumi birgə rəy nəticəsində verilir".



Bələdiyyə seçkilərində uğur qazanan qadınların sayının ilbəil artması Azərbaycan qadınının cəmiyyətdə aparıcı qüvvəyə cevrilməsindən xəbər verir. Bu dəfəki seçkilərdə Azərbaycan qadınları ilk növbədə səsvermə ilə bağlı özünə inamsızlığı dəf edə bildi, aktivlik göstərdi. Amma bunlar kifayət etmir. Qadınlar öz hüquqlarını daha yaxşı bilməli və bir vətəndaş olaraq onlardan istifadə etməlidir. Bundan basqa, siyasi proseslərdə iştirak etməli, potensial seçicilərə seçki prosesi, namizədlər, seçki bülleteni haqqında dolğun məlumat verilməsi prosesinin fəal iştirakçılarına çevrilməlidirlər. Onlar qanunvericilik siyasətinin təkmilləşdirilməsinə kömək etməklə ölkədə demokratik fikrin inkişafına nail ola bilərlər. Dövlətin rəhbərlikdə təmsil olunacaq lider qadınlara daha çox ehtiyacı var.

Bələdiyyə idarəçiliyində qadın təmsilçiliyinin reallıqları və perspektivlərindən danışarkən Leyla xanım xüsusilə bu məqamları vurğulayır:



"Bələdiyyə yerli idarəetmə orqanıdır və bələdiyyə üzvləri də həmin ərazidən seçilmiş insanlar olur. Bayaq da qeyd etdiyim kimi, yerlərdə sosial problemlər daha çox olur və bir qadının öz problemini bir qadına anlatması, danışması (bəzən də tanıdığı biri olduğundan, məsələn qonşu olar və s.) onun üçün daha asan olur. Həm dərdini anlatmaq asan olur, həm də həll edən tərəf qadın olduğundan daha yaxşı anlayır və məsələyə hansı aspektdən yanaşacağını bilir və problemi o istiqamətdə həll edir. Məsələn, mən uşaqlıqdan seçildiyim ərazidə böyümüşəm, insanlarla da münasibət yaxşıdır, yerli problemləri də daha yaxşı bilirəm. Bu özü yerliidarəetmə qadın təmsilçiliyinin perspektividir.



Qadın təmsilçiliyinin reallığına gəldikdə isə 1999-cu ildən bu tərəfə hər seçkidə qadınların təmsilçiliyi artmaqdadır. Üzvü olduğum Qaraçuxur bələdiyyəsində bu seçkidə gender balansı tamamlanıb. Hələ bizim bir iclasımız olub, ümid edirəm ki, qadınların sayının çox olması bizim bələdiyyə üçün öz təsirini göstərəcək. Qadınlar təmsilçiliklərini çox gözəl nümayiş etdirəcəklər".




Amin Nəzərli

Femida.az

Açar sözlər: #bələdiyyə   #qadın  

Oxunub: 2041