Hansı hallarda qaz sayğacları çıxarıla bilər?


11:45     21 Fevral 2020 azeriqaz9.jpg

Bir çox hallarda “Azəriqaz” İB-nin müvafiq əməkdaşları tərəfindən qaz sayğacının çıxarılması və qaz verilməsinin dayandırılması halları ilə qarşılaşırıq.

Hansı hallarda qaz sayğacları çıxarıla bilər və hansı hallarda mənzilinizə və ya obyektinizə qaz verilişi dayandırıla bilər?

Qaz sayğaclarının çıxarılması halları və dövlət qeydiyyatına göndərilməsi

1. Qaz sayğaclarının çıxarılması.

1.1 Əhali abonentlərinin mənzillərində quraşdırılmış sayğaclar aşağıda göstərilən hallarda qaz xəttinin üzərindən çıxarıla bilər:

- Sayğacın hesablayıcı mexanizminə, hesablayıcı mexanizminin və birləşmələrinin plomblarına müdaxilə olunduqda, növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün;

- Sayğac düzgün işləmədikdə (sayğacdan qaz keçmədikdə, aşağı sərfiyyatı qeyd etmədikdə, hesablama mexanizmi dayandıqda, elektron hissəsi işləmədikdə, işlək vəziyyətdə müəyyən səslər gəldikdə) növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün;

- Mənzil daxilində və ya həyətlərdə quraşdırılmış sayğaclar kənara çıxarıldıqda;

- Sayğaclar yeni müasir tipli sayğaclarla əvəz edildikdə;

- Sayğac faktiki sərfiyyata uyğun olmadıqda;

- Sayğacın növbəti dövlət yoxlamasının vaxtı çatdıqda;

- Sayğacın birləşməsində sızma aşkar olunduqda.


1.2 Qaz sayğaclarına yerində baxış zamanı təbii qazdan qanunsuz istifadə halları (sayğaca, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və ya sayğacın yivli birləşməsinə vurulmuş plomba müdaxilə olunduqda) aşkar edildikdə, qaz təminatı dərhal dayandırılır. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar istehlakçı tərəfindən aradan qaldırıldıqdan sonra qazın verilməsi bərpa edilir.

1.3 Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsini “Azəriqaz” İB-nin müvafiq struktur bölmələri tərəfindən müvafiq qaydada təmin edir. İstehlakçının arzusu ilə və ya müdaxilə hallarında qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

1.4 Qeyri-iş saatlarında qaz sayğacının normal işləməsində hər hansı bir nasazlıq, sızma və s. barədə “Azəriqaz” İB-nin müvafiq stuktur bölmələrinə daxil olan məlumatlar qeydiyyata götürülərək dərhal yerində araşdırılır. Plombun qırılmasına və ya sayğacın dəyişdirlməsinə zəruriyyət yaranarsa, qaz təminatı dayandırılır və növbəti iş günü ərzində müvafiq qaydada tədbir görülür.

1.5 Hər hansı bir təbii fəlakət nəticəsində yararsız hala düşən qaz sayğacı “Azəriqaz” İB-nin müvafiq stuktur bölmələri tərəfindən əvəzlənir.


2. Dövlət yoxlamasına gətirilən sayğacların qeydiyyatı və sənədləşdirilməsi.


2.1 Sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü (Bakı, Sumqayıt, Abşeron üzrə 5 iş günü) müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə gətirilir.

2.2 Dövlət yoxlamasına gətirilən sayğacın qəbul edilərkən göstəricisi və plombların nömrəsi siyahıda göstərilən rəqəmlərə uyğun olmadıqda xüsusi qeydiyyat aparılır və İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən “Azəriqaz” İB-yə məlumat verilir.

2.3 İstehlakçının istəyi ilə qaz xəttinin üzərindən açılmış sayğacın yoxlanılmasının bütün mərhələlərində, həmçinin sınaq qurğusunda iştirakı təmin edilir.

2.4 Sayğacların İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə daxil olan vaxtdan, 10 iş günü müddətindən gec olmayaraq dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və “Azəriqaz” İB-nin nümayəndəsinə təhvil verilməsi təmin edilir.

2.5 İstismara yararsız hesab edilmiş (müdaxilə faktı aşkar olunmamış) və müdaxilə faktı aşkar olunmuş və ya hesabatı qeydiyyata almayan sayğaclara “Azəriqaz” İB-nin nümayəndəsinin iştirakı ilə müvafiq olaraq aktlar (bildirişlər və rəylər) tərtib edilərək İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən 7 iş günü müddətində (sayğacların qəbulundan sonra) “Azəriqaz” İB-yə təqdim edilir (Əlavə 6 və Əlavə 7).

2.6 Aktların (bildirişlər və rəylər) müvafiq tədbirlər görülməsi, sayğacın bərpası və dəymiş ziyanın ödənilməsi məqsədi ilə istehlakçıya rəsmi məlumat təqdim edilir.

2.7 Abonent müdaxilə edilmiş və ya onun təqsiri nəticəsində sıradan çıxmış sayğaca görə dəymiş zərərin ödənilməsini təmin etməlidir. Yəni sayğacın dəyərini (bütün xərclər daxil olmaqla) “Azəriqaz” İB-nin hesabına ödəməlidir.

2.8 Abonent dəymiş zərəri “Azəriqaz” İB-nin hesabına ödəmədikdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” nömrəli “AKT” tərtib edilərək quraşdırılmış sayğac çıxarılır və həmin mənzilin qaz təminatı müvafiq qaydada dayandırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2466