İnnovasiya, şəffaflıq və tərəqqinin təminatı: Azərbaycanda məhkəmə-hüquq islahatları


12:35     12 Mart 2020 20_03_12_1584002207.jpg


2019-cu il respublikamızda məhkəmə-hüquq sahəsində uğurlu islahatlar ili kimi yadda qaldı. Ölkəmiz hüquqi dövlət quruculuğu baxımından inkişaf etdi və möhkəmləndi. Son 2 ildə məhkəmə-hüquq sahəsində aparılan islahatları hələ Ulu Öndər Heydər Əliyevin dövründə başlayan, Prezident İlham Əliyevin güclü siyasi iradəsi və yorulmaz fəaliyyəti ilə davam etdirilən növbəti addım kimi qiymətləndirə bilərik. Sözsüz ki, bu addım əvvəlkilərdən bir qədər fərqləndi. Çünki 2018-2019-cu illərdə Azərbaycanda ədliyyə, məhkəmə-hüquq sahəsi tərəqqi etdi, yeni inkişaf dövrünə qədəm qoydu.


Məhkəmə sisteminin müasirləşdirilməsi, məhkəmələrə əlçatanlığın və müraciət imkanlarının asanlaşdırılması, şəffaflığın artırılması, süründürməçilik hallarının aradan qaldırılması, yeni innovasiyaların tətbiqi ilə bağlı mütərəqqi addımlar atıldı.

Ölkə başçısının 2018-ci ilin dekabrında təsdiq etdiyi "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üzrə Dövlət Proqramı", "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı sözügedən sahə üçün yol xəritəsinə çevrildi. Fərmanın icrası üzrə 40-dək yeni qanun layihəsi hazırlandı.

"Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik" deyən Prezident İlham Əliyev cəmiyyət həyatının bütün sahələrində müasir innovativ metodların tətbiqinə böyük önəm verir. Əbəs yerə deyil ki, artıq məhkəmə-hüquq sahəsində də bir çox innovativ yeniliklərə imza atılıb.

Dövlət başçısı məhkəmə fəaliyyətinin elektronlaşdırılması ilə bağlı imzaladığı 13 fevral 2014-cü il tarixli "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Sərəncamla böyük bir dövrün əsasını qoydu. Artıq vətəndaşlar məhkəməyə getmədən elektron müraciət etmək, proses barədə məlumatları elektron şəkildə almaq, məhkəmə proseslərinin videogörüntüsünə baxmaq imkanına malikdir. Məhkəmələrdə kağız, məktublaşma dövrü tarixə qovuşmaq üzrədir.

Ölkənin bütün məhkəmə sistemi vahid internet portalında (www.courts.gov.az) birləşdirilib. Burada hər bir məhkəmə və hakim barədə ətraflı məlumatlar almaq, məhkəmə sənədlərinin nümunələrini əldə etmək, qəbul günləri və s. barədə ətraflı məlumat almaq mümkündür. Ədliyyə Nazirliyindən verilən məlumata görə, artıq portaldan istifadənin sayı 18,4 milyona çatıb, o cümlədən, "Elektron məhkəmə" (https://e-mehkeme.gov.az) səhifəsindən istifadənin sayı 3,5 milyonu ötüb. Mühüm innovasiyalar sayılan "Mobil məhkəmə" və “Mobil etibarnamə” proqramları istifadəyə verilib. Ədliyyə Nazirliyinin sorğumuza cavab olaraq bildirib ki, dörd aya yaxındır istifadəyə verilən "Mobil etibarnamə" tətbiqi vasitəsilə artıq 3710 nəfər nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamələri rəsmiləşdirib. Bütövlükdə isə bu müddət ərzində "Mobil notariat" proqram təminatının istifadəçilərinin sayı artaraq 43 minə çatıb. Vətəndaşlar təkcə nazirlik və bölgələrdə yox, həm də virtual şəkildə qəbul edilib. Ötən il Ədliyyə Nazirliyinin rəhbərliyi 18 minə yaxın vətəndaşın qəbulunu keçirib. Nazirlik tərəfindən vətəndaşlara göstərilən 31 elektron xidmətdən istifadənin sayı 3 milyonu ötüb.

İnnovativ yeniliklər təkcə dövlət qurumlarında aparılmır. Məsələn, vətəndaşların hüquqi yardıma əlçatanlığını asanlaşdırmaq üçün Vəkillər Kollegiyası tərəfindən “Mobil hüquqi yardım” platforması yaradılıb. Kollegiya sədri Anar Bağırovun sözlərinə görə, vətəndaşların vəkillərə əlçatanlığı üçün bu tətbiq mühüm rol oynayacaq. Misal üçün, hansısa regionda yaşayan şəxs Bakıda çalışan vəkildən məsləhət almaq istəyirsə, onu elə həmin mobil platforma vasitəsi ilə həyata keçirə biləcək. Regionlarda vəkil azlığı problemi bu formada həllini tapacaq. Eyni zamanda, vəkillər işdən kənar vaxtlarda tətbiq vasitəsi ilə hüquqi yardım göstərə biləcəklər. Tətbiqin iyun ayında işə düşməsi planlaşdırılır.

Anar Bağırov açıqlamasında məhkəmə sistemindəki yeniliklərin vəkillər üçün də böyük imkanlar yaratdığını bildirib:

“Məhkəmələrlə bağlı şikayətlər xeyli azalıb. Mən vəkillərlə söhbətlər zamanı da görürəm ki, indi vəkillər də məhkəmə sistemindən razılığını bildirirlər. Əvvəllər məhkəmələr ictimaiyyətə açıq deyildi. Nəticədə bəzən KİV-də məhkəmələr haqqında qərəzli məlumatlar dolaşırdı. Heç kim onları təkzib etmədiyindən, hamı elə düşünürdü ki, məhkəmələrdə qanunsuzluq, özbaşınalıq halları var. Hazırda bütün məhkəmələrdə spiker-hakim insitutu formalaşıb ki, onlar məhkəmənin mövqeyini bildirirlər.

Zənnimcə, bu işlər davam etdirilməlidir. Məhkəmələr müstəqil olmalarına baxmayaraq, cəmiyyətə məlumat verməlidirlər. İctimaiyyəti düşündürən, narahat edən, mediada yer alan neqativ məlumatlarla bağlı məsələlərə hakimlər və məhkəmələr tərəfindən mövqe bildirilməlidir. Məhkəmələrdə iş yükü azalmalıdır, daha çox “açıq qapı” günləri keçirilməlidir. Gənc hüquqşünaslarla, KİV-lərlə iş aparılmalıdır. Bir sözlə şəffaflıq yüksək səviyyədə təmin olunmalıdır.

İlin əvvəlindən kommersiya və inzibati məhkəmələr fəaliyyətə başlayıb. Mart ayından etibarən vəkillər və mülki işlər üzrə digər proses iştirakçıları tərəfindən də ekspertiza təyin olunması imkanı mövcuddur. Hakim korpusunun sayı artırılıb. Təkcə ötən il ölkədə 170-dən çox bəraət hökmü qəbul olunub. Bu çox böyük bir rəqəmdir. Bir sözlə ölkədə məhkəmə-hüquq sitemindəki islahatlar ardıcıl şəkildə davam etdirilir. O cümlədən vəkillər də bu prosesdə fəal iştirak edirlər”.

İslahatlar təkcə innovativ yeniliklərlə məhdudlaşmır. Məhkəmə-hüquq sahəsində sırf vətəndaşlara xidmət edən, onların işlərinin asanlaşdırılmasına hesablanmış yeniliklər də edilib.

Məsələn, özəl ekspertiza institutunun yaradılması xüsusi vurğulanmalıdır. Bu il martın 1-dən qüvvəyə minən müvafiq dəyişiklik ədalətli məhkəmə araşdırmasının təmin edilməsində xüsusi rol oynayacaq. Təkcə 2019-cu ildə Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində 35 minə yaxın işə baxılıb. Özəl ekspertiza insitutunun yaradılması isə onların iş yükünün azalmasına, iş keyfiyyətinin artmasına imkan verəcək.

Ekpertiza ilə yanaşı özəl icra institutunun tətbiqi də gündəmdədir. Həmçinin "elektron icra" informasiya sisteminin tətbiqinin genişləndirilməsi, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına xidmət edib. Təkcə ötən il dövlət başçısının problemli kreditlərlə bağlı imzaladığı fərmanla 200 minə yaxın icra işi geri çəkilib. Dövlət başçısının bu addımı vətəndaşlara qayğının təzahürü olmaqla yanaşı, icra xidmətinin iş yükünü böyük ölçüdə azaltmış oldu.

Artıq sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər baxacaq. Bu məqsədlə ölkə Prezidentinin 2019-cu il 19 iyul tarixli Sərəncamı ilə yaradılmış regional kommersiya və inzibati məhkəmələri mühüm önəm daşıyır.

Ədliyyə Nazirliyinin nəzdindəki Ədliyyə Akademiyasında təkcə vəkil, prokuror, hüquqşünas və s. şəxslərin təkmilləşdirilməsinə yox, həm də əhalinin aztəminatlı təbəqəsinə ödənişsiz hüquqi yardım göstərilməsinə xidmət edir. Belə ki, Akademiyada fəaliyyət göstərən Hüquq Klinikası ötən il 630-a yaxın şəxsə pulsuz hüquqi yardım göstərib.

İslahatlar çərçivəsində hakimlərin sayının artırılmasını qeyd etməmək olmaz. Mart ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 540 hakim fəaliyyət göstərir. Müqayisə üçün deyək ki, son illərədək Avropa dövlətlərində hər 100 min nəfərə 20 hakim düşdüyü halda Azərbaycanda bu göstərici 6 idi. Bu baxımdan dövlət başçısı tərəfindən imzalanan Fərmanla hakimlərin sayının 200 vahid artırılması mühüm addımdır. Artıq yeni hakimlərin təyinatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat prosedurunun, iqtisadi işlər üzrə icraatın yalnız elektron aparılması nəticəsində hakimlərin mülki işlər üzrə iş yükü 2 dəfədən çox azalıb.

Bundan əlavə, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilələrin aradan qaldırılması üçün Məhkəmə-Hüquq Şurasında "qaynar xətt" yaradılıb. Şurada “Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi”, “İnformasiya texnologiyaları və innovasiyalar” sektorları təsis edilib. Ötən il fəaliyyətlərində nöqsan və qanun pozuntularına yol verdiklərinə, o cümlədən korrupsiya hüquqpozmalarına şərait yaratdıqlarına görə 48 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfərin səlahiyyətlərinə xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunub. 18 hakimin səlahiyyət müddəti uzadılmayıb.

Mediasiyanın respublikamızda tətbiqi ilə bağlı Avropa İttifaqı ilə birgə yeni layihənin icrasına başlanılıb, "Mediasiya haqqında" normativ sənəd layihələri hazırlanaraq qəbul olunub. Ölkə Prezidentinin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 10.02.2017-ci il tarixli Sərəncamı ilə cinayət qanunvericiliyinin dekriminallaşması nəticəsində 6400-ə yaxın məhkum cəzadan tamamilə azad olunub və ya cəzası yüngülləşdirilib. İstintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı isə 20 faizədək azalıb. Alternativ cəzaların - elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənərək, 3000-dən çox məhkuma elektron qolbaqlar tətbiq edilib.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyevin açıqlamasına görə, 2019-cu ildə aparılan islahatlar hüquqi dövlət quruculuğunda ciddi irəliləyiş yaradacaq:

“Prezidentin məhkəmə-hüquq sahəsində apardığı islahatlar bu sahədə bir sıra yeni institutların yaranması ilə nəticələndi. Məsələn, alternativ ekspertizanın tətbiqi vurğulanmalıdır. İndiyə qədər yalnız dövlət orqanları ekspertiza aparırdı. Bu, həm monopoliya yaradırdı, həm də həmin ekspertiza mərkəzinə böyük iş düşürdü. Alternativ ekspertizalar tərəflərin bərabərliyi baxımından çox vacibdir. Bu, onların seçim imkanını çoxaldacaq. Bundan başqa, yeni yaradılan Kommersiya Məhkəmələri sahibkarların məhkəmələrə çıxış imkanına böyük töhvə verəcək. Məhkəmə proseslərində işlərə daha peşəkar hakimlər tərəfindən və daha qısa müddətdə baxılması vacibləşib. Bir hakim ayda təxminən 110-120, ildə 1500-dən çox işə baxır. Bu da ədalət mühakiməsinin keyfiyyətinə təsir göstərir. Hakimlərin sayının artırılması onların iş yükünü azaldacaq. Eyni zamanda məhkəməyəqədər məsələlərin həlli ilə bağlı alternativlər - arbitraj və mediasiyadan istifadə iş yükünün azalmasına kömək edəcək.

“Elektron məhkəmə” sistemi sayəsində qısa müddətdə məhkəməyə lazım olan arayışlar, sorğular elektron qaydada və operativ şəkildə əldə ediləcək. Fikir verin, artıq Azərbaycanda günün istənilən saatında notariusa getmədən mobil telefon vasitəsi ilə avtomobillər üçün etibarnamə vermək mümkündür.

Məhkəmə-Hüquq Şurasında qaynar xəttin yaradılması vacib məsələ idi. Burada vətəndaşlarla yanaşı, hakimlər onların işinə müdaxilə və təzyiqlərlə bağlı Şuraya məlumat verəcəklər. Məhkəmə-Hüquq Şurası, Prezident Administirasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsi məlum fərmanla bağlı çox böyük işlər görüb və hazırda da işlər davam etməkdədir”.

Onu da qeyd edək ki, artıq hüquq-mühafizə və məhkəmə orqanları sosial şəbəkələrdə aktiv fəaliyyətə və vətəndaşları operativ məlumatlandırmağa başlayıb. 2020-ci ilin "Könüllülər ili" elan edilməsi ilə əlaqədar ədliyyə və məhkəmə fəaliyyətinə könüllülərin daha geniş cəlb olunacağı da şübhəsizdir. Azərbaycandakı məhkəmə-hüquq islahatları Dünya Bankının "Doing Business 2020" hesabatında müsbət dəyərləndirilib. Mütərəqqi təcrübəmizin yayılması Avropa Şurasında təşviq edilib.

Göründüyü kimi, ölkə başçısının "İslahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma, tərəqqi deməkdir" fikrinə əsaslanaraq deyə bilərik ki, məhkəmə-hüquq sistemi daim təkmilləşir və inkişaf edir. Ölkəmizdə həyata keçirilən hərtərəfli, o cümlədən məhkəmə-hüquq islahatlarının aparılmasında Prezident İlham Əliyevin göstərdiyi vətəndaş yönümlü müstəsna siyasət hər bir azərbaycanlını sevindirir.

Qeyd: Məqalə Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda KİV təmsilçiləri arasında keçirilən jurnalist araşdırmaları müsabiqəsinə təqdim etmək üçündür.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #məhkəmə   #hüquq   #qanun   #islahat   #ədliyyə   #İlhamƏliyev   #prezident   #sərəncam   #müsabiqə   #mətbuatşurası   #araşdırma   #innovasoya  

Oxunub: 11248