Yük maşınının vurduğu piyadanın ayağı amputasiya edilib - MƏHKƏMƏ


14:03     13 Mart 2020 1398947325_mehkeme.jpg

Şəkidə piyadanın ağır xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elşad Behbudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Pərviz Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası martın 19-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 32-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Elşad Qərib oğlu Behbudov idarə etdiyi “Howo” markalı yük avtomobili ilə piyada, 1984-cü il təvəllüdlü Yevlax rayon sakini Seymur Süleyman oğlu Quliyevi vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarəti alan S.Quliyev Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb və sağ ayağı amputasiya edilib.

E.Behbudova Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 659