Məşhur narkobaron həbs olundu - Əməliyyatın detalları


18:06     03 May 2020 20_05_03_1588514834.jpg


Dünyaca məşhur türkiyəli narkobaron Nejat Daş saxlanılıb.

Femida.az azvision.az-a istinadən xəbər verir ki, narkobaron gömrükdə bəyan edilməyən 300 min funt sterlinq vəsaiti Türkiyəyə qaçaqmalçılıq yolu ilə keçirmədə ittiham olunur.

Belə ki, Ədirnə Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşları aldıqları əməliyyat məlumatına əsasən, Almaniyadan gələn və Türkiyəyə Kapıkule gömrük-keçid məntəqəsindən daxil olan TIR-ı nəzarətə götürüblər. TIR Böyükçəkməcə rayonuna qədər izlənilib. Daha sonra əraziyə narkobaron Nejat Daş gəlib. Bundan sonra polis basqın edərək TIR sürücüsünü və Nejad Daşı həbs edib.

TIR-da aparılan axtarış zamanı gömrükdə bəyan edilməyən 300 min funt sterlinq aşkarlanıb. TIR sürücüsü ilkin dindirilmə zamanı pulun ona məxsus olmadığını, yalnız vəsaiti daşıdığını bildirib. Qeyd edib ki, pulun sahibi kimi ona başqa bir şəxsin adı verilib.

Saxlanılan Nejat Daş isə dindirilmə məqsədilə Ədirnə Qaçaqmalçılıqla Mübarizə İdarəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nejat Daş 90-cı illərdə Aralıq dənizində narkotik daşıyan gəmilərin saxlanılması ilə gündəmə gəlib. Həmin dövrdə narkoticarətlə məşğul olan "Qismətim-1" və "Lucky-S" adlı gəmilərə basqınla əlaqədar başladılan istintaqdan sonra N.Daş Türkiyədən qaçıb. Daha sonra N.Daş İspaniyada narkotik qaçaqmalçılığı və ticarəti ilə əlaqədar bir neçə dəfə həbs olunub.

Femida.az

Açar sözlər: #məşhur   #cinayət  

Oxunub: 6383