Ədliyyə Nazirliyi: 300-ə yaxın hakimliyə namizəd Türkiyədə təlim keçib


19:34     22 İyul 2020 20_07_22_1595432737.jpg


Azərbaycan və Türkiyə Ədliyyə akademiyaları səmərəli əməkdaşlığını davam etdirir.

Ədliyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Azərbaycan və Türkiyə Ədliyyə akademiyaları arasında səmərəli əməkdaşlıq nəticəsində 300-ə yaxın azərbaycanlı hakimliyə namizəd qardaş ölkədə nəzəri və praktiki təlim keçiblər.

COVİD-19 qlobal pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiqi nəzərə alınaraq iki ölkənin Ədliyyə akademiyaları tərəfindən hazırda tədris kursu keçən namizədlər üçün 16-22 iyul tarixlərində videokonfrans formatında distant təlim kursu təşkil olunub.

Təlimin açılışında Türkiyə Ədliyyə Akademiyasının rektoru Muhittin Özdemir və Azərbaycan Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov tərəfindən çıxış edilərək iki ölkə arasında qədim tarixə söykənən dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə inkişafı, ölkələrimizin başçılarının ikitərəfli əməkdaşlığın möhkəmlənməsində güclü siyasi iradəsi qeyd olunub, dövlətlərimizin hər zaman bir-birinə dəstək göstərdiyi, bu ərəfədə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın törətdiyi hərbi təxribat zamanı Türkiyənin Azərbaycana dəstəyi xüsusilə vurğulanıb.



Tədbirdə hüquqi sahədə əlaqələrimizin inkişafından məmnunluq ifadə olunub və birgə keçirilən tədbirlərin, o cümlədən hakimliyə namizədlər üçün distant təlimin və beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti qeyd edilib.

Təlimdə hakimliyə namizədlərə Türkiyə Ədalət Akademiyasının fəaliyyətinə dair təqdimat nümayiş etdirilib, Türkiyə məhkəmə sistemi və ixtisaslaşdırılmış məhkəmələrin mühakimə prosedurları, UYAP – SEGBİS (Türkiyə milli elektron məhkəmə və ədliyyə məlumat sistemi, səs və video informasiya sistemi), elektron bildiriş, icra qurumlarında elektron tədbirlərin tətbiqi və icra icraatı sistemi, mediasiya, korrupsiya cinayətləri barədə məlumat verilib.

Kursun proqramına uyğun olaraq mövzular Türkiyənin nüfuzlu hakimləri tərəfindən tədris olunub, maraqlı diskussiyalar keçirilib, namizədləri maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər: #ədliyyə   #Türkiyə   #hüquq   #femida   #nazirlik  

Oxunub: 3051