Ədliyyə işçiləri orduya 1,6 milyon manat dəstək göstərdi


23:57     29 Sentyabr 2020 2020/09/news_default_1601409588.jpg


İşğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatları həyata keçirilir.


Ordumuza daim xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən onun ən yüksək səviyyədə təchizatı təmin edilir.

Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır, cənubi Qafqazda isə birincidir. Bunun kökündə qəhrəman ordumuzun yüksək döyüş qabiliyyəti, müasir silah-sursat və texnika ilə təchizatı dayanır.

Torpaqlarımızın işğaldan azad olunmasında ordumuzun uğurlu hərbi əməliyyatları xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla, vətənpərvərlik hissini daha da artırmışdır. Vətəndaşlarımız kütləvi könüllü yazılır, cəbhə üçün, qələbə üçün hər şey etməyə hazır olduqlarını bildirirlər.

Ədliyyə işçiləri və hakimlər vətəndaş fəallığı və orduya dəstəklərini nümayiş etdirərək mütəmadi olaraq əmək haqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər.

Cəbhədə qələbələrimizdən ruhlanan ədliyyə işçiləri və hakimlər hazırda da əmək haqları fondundan 1 milyon 600 min manatın Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi qərarına gəliblər.

Ordumuz ən yüksək səviyyədə təchiz edilir, gündəlik dövlət qayğısı ilə əhatə olunur və əlavə heç bir yardıma ehtiyac yoxdur. Bu addım isə ordu ilə həmrəylik nümayişi kimi mənəvi borc hesab olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli mövqeyindən qürur və iftixar hissi duyan ədliyyə və məhkəmə işçiləri bu şərəfli yolda dövlət başçısının ətrafında sıx birləşdiklərini ifadə edirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 2582