Qubadlının turizm potensialı - FOTOLAR


13:47     05 Noyabr 2020 2020/11/15671-1604565423_9627418284.jpg


Dövlət Turizm Agentliyi düşmən işğalından azad olunan Qubadlı rayonunun gəzməli-görməli yerləri, turizmi haqqında məlumat paylaşıb.

Femida.az xəbər verir ki, DTA-nın məlumatında 30 il ərzində erməni vandalizmi nəticəsində işğal altında olan rayonlarımızın bir çox turistik məkanlarının viran edildiyi qeyd edilib. Bildirilib ki, qələbədən sonra Qarabağın turizm potensialı inkişaf etdiriləcək.

Qubadlı rayonun gəzməli-görməli yerləri:

Laləzar körpüsü


1867-ci ildə inşa edilən körpü Bərgüşad çayının üzərində altı oval, üstü düz formada inşa olunub. Tikilinin inşasında Azərbaycanda olan bir çox tarixi körpülər kimi dayaq üçün təbii qayalardan istifadə edilib.

Hacı Bədəl körpüsü


XIX əsrə aid körpü Dəmirçilər kəndində yerləşir. Yaz aylarında Ağa çayının güclü axının körpünü dağıtmaması üçün tikili tağbənd formasında inşa edilib. Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla), əhəng və yumurta sarısından istifadə olunub.

Məmər kənd məscidi


Məmər kəndindəki XVIII əsrə aid edilən tarixi memarlıq abidəsi sovet dövründə anbara çevrilsə də Azərbaycanın müstəqilliyinin ilk illərində bərpa edilərək əhalinin ibadəti üçün istifadəyə verilib.

Gürcülü türbəsi


XVIII əsrin memarlıq abidəsi olan Gürcülü türbəsi Qubadlı rayonunun memarlıq incilərindən sayılır. Bir sıra xüsusiyyətlərinə görə Azərbaycanın səkkizgüşəli türbələri arasında unikal formaya malikdir.

Müalicəvi bulaqlar
Sarıbulaq, Paşa bulağı, Şirin bulaq, Məşədi Allahverdi bulağı kimi bulaqlar insanların ziyarət etdiyi yerlərdən olub. Məsələn, Sarıbulaqın tarixi XIX əsrdən əvvələ gedib çıxır. Bu bulağın suyundan sarılıq xəstəliyi tutan adamlar müəyyən vaxt içdikdən sonra sağaldıqlarına dair inanclar olub.

Alban məbədləri
Qubadlı rayonu ərazisində VI və VII əsrə aid kifayət qədər Alban məbədləri var.

Qoç heykəllər


Qubadlının simvolu hesab edilən özünəməxsus qoç heykəllərinə və qoç qəbir daşlarına rayonun bir çox yerərində rast gəlmək olur.

Biz doğma torpaqlarımıza qayıdırıq. Bizimlə birlikdə bu torpaqlara doğma nəfəs, istilik gələcək. Qubadlı bizimdir, Qarabağ Azərbaycandır.

Femida.az

Açar sözlər: #turizm   #DTA   #Qarabağ  

Oxunub: 1102