Onlarla əsgərini mühasirədən çıxararaq son gülləsini sinəsinə sıxan şəhid


11:54     06 Dekabr 2020 20_12_06_1607241334.jpg

Torpaqlarımızın suverenliyi uğrunda canından keçən qəhrəman oğullarımızdan biri də Sabirabaddan olan mayor Anar Məmmədovdur.


“Report”un Aran bürosu xəbər verir ki, Məmmədov Anar Elşad oğlu 1986-cı ilin 2 mayında Sabirabadda dünyaya göz açıb. Orta məktəbdə əla qiymətlərlə oxuyan Anarın uşaqlıq arzusu zabit olmaq idi. Elə bu arzusunun ardınca da ali hərbi təhsil alaraq zabit olub və mayor rütbəsinədək yüksəlib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlərdə iştirak edərək, bir sıra şücaətlər göstərib. Gözünü belə qırpmadan son damla qanına kimi döyüşüb və qəhrəmanlıqla ən ali mərtəbəyə - şəhidlik zirvəsinə ucalıb.

Şəhidin həyat yoldaşı Nəzirə Məmmədova bildirib ki, A.Məmmədov övladlarına daim vətənpərvərlik ruhu aşılayırdı: "Evdə söhbət ancaq Qarabağdan gedirdi. O, övladlarına da Vətən sevgisi aşılayırdı. Həmişə onlara deyirdi ki, Vətəni sevmək, Vətənçün ölmək lazımdır. Çox şərəfli zabit idi. İşini sevən və işinin peşəkarı idi. Başqa cür ölüm yaraşmazdı Anara. Anar şəhid olmalıydı".

Döyüş zamanı yaralanan zabitimiz müalicədən imtina edib. Bir az özünə gələn kimi yenidən səngərə, əsgərlərinin yanına qayıdıb.

"Qospitalda cəmi bir gün qalıb. Həkimlər dəfələrlə ona deyiblər ki, sən qalmalısan, vəziyyətin yaxşı deyil. Lakin Anar öz ərizəsi ilə qalmaqdan imtina edib. Deyib ki, "balalarım" məni gözləyir. O, balalarım deyəndə əsgərlərin nəzərdə tuturdu. Əsgərlərinə çox qayğı göstərirdi", - deyə Nəzirə Məmmədova vurğulayıb.

Şəhidin həyat yoldaşı qeyd edib ki, Anarı döyüşlərə aparan vətən sevgisi idi. Əsgərlərinə daim qayğı ilə yanaşan zabitimiz son döyüşündə onları mühasirədən çıxarıb, həyatlarını xilas edib. Onların həyatını xilas etmək üçün öz canından keçib. Və bununla da əsl şərəf salnaməsinə qanı ilə imza atıb.

Nəzirə Məmmədova: "Anar öz sinəsini qabağa verərək 26 əsgərini mühasirədən çıxarıb. Gülləsi qurtarıb və sonuncu gülləsini özünə sıxıb. Özünü sonuncu gülləsi ilə vurub".

Şəhid övladı olan Nəzirə xanım deyir ki, atası ilə necə fəxr edirdisə, həyat yoldaşı ilə də o qədər qürur duyur. Orta məktəbdə ingilis dilini tədris edən N.Məmmədovanın atası Heydər Həmidov birinci Qarabağ müharibəsində şəhid olub və hazırda rayonda onun adını daşıyan guşə mövcuddur.

"Anar yerimi, göyümü yandırdı. Amma mən fəxr edirəm. Hər zaman atamla necə fəxr edirdimsə, həyat yoldaşımla da o hissi yaşayıram, - Nəzirə Məmmədova əlavə edib.

Anar Məmmədovun qızı Zeynəb Məmmədli deyir ki, əvvəllər də atasının hərbçi olması ilə qürur duyub: "İndi daha çox fəxr edirəm. O, mənimçün dünyada ən yaxşı ata olub. Özümə söz vermişəm ki, heç vaxt ağlamayacam. Ağlasam da, bunu heç kim görməyəcək. Çünki mən qəhrəman qızıyam".

Mayor Anar Məmmədov öz qəhrəmanlığı ilə şəhidlik zirvəsinə ucaldı. Ondan geriyə isə 2 qız övladı qaldı: 11 yaşlı Zeynəb və 4 yaşlı İmanə.

Allahdan bütün şəhidlərimizin ruhuna rəhmət, qazilərimizə şəfa diləyirik. Vətən sağ olsun!

Açar sözlər:

Oxunub: 732