Daha 30 şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə ev verilib


16:33     12 Yanvar 2021 21_01_12_1610453206.jpg

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxsə mənzil və fərdi evlər verilib.


Nazirlikdən verilən məlumata görə, onlardan 22 nəfərə Yevlax rayonunda yeni yaşayış binasından alınmış mənzillər təqdim edilib. Mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev iştirak ediblər.

V.Nəsirli bildirib ki, Prezidentin 2020-ci il dekabrın 30-da imzaladığı Fərmanlarla şəhid ailələri üçün Prezidentin təqaüdü 66,7% artırılaraq 300 manatdan 500 manata, Azərbaycanın Milli Qəhrəmanları üçün 20% artırılaraq 1500 manatdan 1800 manata çatdırılıb. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin təqaüdü orta hesabla 50%-dən çox artırılıb. Vətən Müharibəsi Qəhrəmanları üçün də Prezidentin aylıq təqaüdü (2000 manat) təsis olunub. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər təqaüdlə yanaşı, müavinət və ya pensiya ilə də təmin olunurlar.

V.Nəsirli qeyd edib ki, 2020-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə rekord sayda - 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Bu gün təqdim edilən 30 mənzil və fərdi ev də daxil olmaqla onlardan 1480-i verilib, yaxın iki gündə daha 20 mənzil və fərdi ev də veriləcək. Ümumilikdə ötən dövrdə həmin vətəndaşlara 9100-dən çox mənzil və fərdi ev təqdim edilib.

O bildirib ki, Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına da evlər veriləcəyini bəyan edib. Keçmiş köçkünlər üçün azad edilmiş yurd yerlərində evlərin tikiləcəyini, onlar üçün inşa olunmuş mənzillərin isə şəhid ailələrinə verilməsini tapşırıb. Dövlət başçısının göstərişi ilə inşa olunmuş həmin mənzillərin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri aparılır. Təbii ki, bu böyük bir proqram olmaqla şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların evlə təminatında çox mühüm bir irəliləyiş olacaq.

Açar sözlər:

Oxunub: 700