Şirvanda həkimlərin maaşlarını ala bilmir - TƏBİB-dən AÇIQLAMA


16:31     26 Yanvar 2021 21_01_26_1611665218.jpg


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə Şirvan Şəhər Təcili Yardım Stansiyasının həkimlərinin əməkhaqlarını ala bilmədikləri ilə bağlı etiraz aksiyası keçirmələrinə münasibət bildirib.


Qurumdan Femida.az-a verilən məlumata görə, bununla bağlı müraciət araşdırılacaq və qanunamüvafiq tədbir görüləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına müvafiq olaraq yalnız yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən işçilərə cəlb olunduqları iş vaxtına mütənasib olaraq müddətli əlavələrin ödənilməsi nəzərdə tutulub.

Agentlikdən vurğulanıb ki, müraciətdə qeyd olunan məsələnin araşdırılması ilə əlaqədar Şirvan Şəhər Mərkəzi Xəstəxanası tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilmiş məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin 2020-ci ilin noyabr ayı üçün təqdim edilmiş iş vaxtı tabellərinə əsasən ilkin hesablamalar aparılarkən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) işçilərinin əməkhaqlarına hesablanmış müddətli əlavənin məbləği 87 366,00 manat təşkil etməsi məlum olub. İş vaxtı tabellərinin, ilkin mühasibatlıq cədvəllərinin təhlili zamanı aydın olmuşdur ki, TTTYS-nın 77 işçisinə (həkim, feldşer, sanitar və sürücü) 24 iş günü və aylıq 144 saat nəzərə alınmaqla müddətli əlavə hesablanıb. Bütün bunları nəzərə alaraq, 2020-ci ilin 30 dekabr tarixində tibb müəssisəsinin rəhbərliyinin 38 nömrəli əmri ilə komissiya yaradılmışdır. Komissiyaya 2020-ci ilin noyabr, dekabr ayları üzrə TTTYS işçilərinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sayının, həmin işçilərin iştirak etdikləri iş günləri və iş saatlarının dəqiqləşdirilməsi tapşırılmışdır. Komissiya tərəfindən çağırış-qeydiyyat jurnallarına, təcili yardım sürücülərinin yol vərəqlərinə, götürülən yaxmaların qeydiyyat sənədlərinə baxış keçirilmişdir. Nəticədə məlum olub ki, ötən ilin noyabr ayı ərzində TTTYS-nın yalnız 60 nəfər işçisi, daha az iş günü və iş saatı ərzində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilib, buna əsasən həmin işçilərin əməkhaqlarına hesablanmış müddətli əlavənin məbləği cəlb olunduqları iş vaxtına mütənasib olaraq 20 157,67 manat təşkil edib və qanunvericiliyə uyğun olaraq məcburi tutulmalar (gəlir vergisi, məcburi dövlət sosial sığorta ayırmaları, işsizlikdən sığorta haqqı) tutulduqdan sonra ödənilib.

"Nəzərinizə çatdırırıq ki, əhalinin sağlamlığı və təhlükəsizliyi məqsədilə tibb müəssisələrinin əməkdaşları yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə zərurətlə əlaqədar növbəlilik qaydasında hazırlanan qrup əsasında cəlb edilirlər. Belə ki, həmin tədbirlərə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir. Tibb müəssisələrinin rəhbərliyi tərəfindən xəstə sayı və ya xəstəlik şübhəsi olanlar üçün təcili yardım üzrə çağırış sayı çox olduqda daha çox tibb işçisinin, əksinə xəstə sayı və ya xəstəlik şübhəsi olanlar üçün təcili yardım üzrə çağırış sayı az olduqda isə daha az tibb işçisinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi təmin edilir", - məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 532