Yol hərəkəti qaydaları təkmilləşdirilir - Hansı dəyişikliklər olacaq?
18:47 01 Fevral 2021
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təqdim edilən qanun layihələrinin məqsədi yol hərəkəti və təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsidir.
Femida.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov parlamentin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təqdim edərkən deyib.
Deputat bildirib ki, təklif edilən yeniliklər bir neçə istiqamətdə qruplaşdırıla bilər.
"Birincisi, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Belə ki, Dövlət Yol Polisi əməkdaşları bu məlumatları bort-kompüterlər vasitəsilə yoxlayacaqlar. İkinci əsas istiqamət və ictimaiyyətdə geniş müzakirələrə səbəb olan dayanma və durma qaydalarının pozulması ilə bağlıdır. Layihədə qeyd edilir ki, sürücü eyni inzibati xətanın gün ərzində törədilməsinə görə inzibati məsuliyyətə cəlb oluna bilməz. Burada bir məsələyə aydınlıq gətirmək istəyirəm. Çünki burada nəzərdə tutulan müddəa uzanan inzibati xəta anlayışı ilə bağlıdır. Misal üçün avtomobil dayanma və durma qaydasını pozub, 20 manat məbləğində cərimə edilib. 24 saat ərzində həmin avtomobilə eyni xətaya görə cərimə yazıla bilməz. Ancaq sürücü avtomobili əyləşib, həmin gün həmin yerdə təkrar və ya başqa bir yerdə dayanma və durma qaydalarını pozarsa, bu onu məsuliyyətdən azad etmir".
Deputat qeyd edib ki, digər vacib məqam kiçik-yol nəqliyyat hadisələri ilə bağlı icraatın sadələşdirilməsi ilə bağlıdır.
"Belə ki, yalnız kiçik-yol nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün qanuna dəyişiklik təklif edilir. Əgər tərəflər arasında qarşlıqlı razılıq olarsa və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir. Bildiyiniz kimi hazırda İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə, o cümlədən hüquq mühafizə orqanları və sürücülər arasında fərqli şərhlərə səbəb olur. Layihədə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilir. Sürücü aşağıdakı əməlləri törətdikdə avtoxuliqanlıq etmiş sayılır:
-aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirdikdə;
-mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etdikdə;
-avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxdıqda".
K.Cəfərov, həmçinin qeyd edib ki, sonuncu məsələ isə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlıdır.
"Bu məsələ ilə bağlı müxtəlif qurumlar fərqli qərarlar qəbul edirdi. Hətta bəzi hallarda hansı şüşəyə hansı dərəcədə plyonkanın çəkilməsi də fərqli şərhlərə səbəb olurdu, çünki bu cür qərarların hüquqi əsası yox idi. İndi isə təklif edilən dəyişiklikdə isə Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin, yəni pərdə, jalüz və plyonkaların çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif edilir. Əlbətdə biz indi layihəni konseptual formada müzakirə edirik. Mən əminəm ki, əlavə təkliflər olacaq. Ona görə xahiş edirəm ki, hər hansı təklif varsa, yazılı və ya şifahi formada Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim edin. Nəticəsi barədə sizlərə məruzə edəcəm".
Femida.az
Oxunub: 2291
Oxşar xəbərlər
- Yol polisi sürücülərə çağırış edib
- Yol qəzalarında daha 3 nəfər ölüb
- Yollar nə vaxt açılacaq?
- Yol polisi sürücülərə müraciət edib
- Yol qəzalarında daha 4 nəfər ölüb
- Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- Yol polisi Samuxda reyd keçirib
- Yollar buz bağlayacaq, dumana görə görünüş məsafəsi məhdudlaşacaq
- Yollar buz bağlayacaq, güclü külək əsəcək - PROQNOZ
- Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi