Ali məktəblərə müsabiqə şərtləri açıqlanıb


14:15     02 Fevral 2021 21_02_02_1612261023.jpg

Ali məktəblərə müsabiqə şərtləri açıqlanıb.

Femida.az -IN məlumatına görə, "Abituriyent" jurnalının yeni dərc olunan 1-ci nömrəsində qeyd edilib ki, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır. Abituriyent eyni tədris ilində eyni qrup üzrə keçirilən bir neçə qəbul imtahanında iştirak etdiyi halda, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

Ümumi balı eyni olan 2 və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal);

Qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bal;

Qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə nisbi balların cəmi;

Qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə düzgün cavabların (yazılı suallar üzrə balların) sayı;

Qəbul imtahanının ikinci mərhələsinin imtahan fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanan nisbi balların miqdarı;

Qəbul imtahanının birinci mərhələsi üzrə Azərbaycan və ya rus dili fənnindən toplanılan bal;

Qəbul imtahanının birinci mərhələsi üzrə riyaziyyat fənnindən toplanılan bal.

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Yekun balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

Abituriyentin qəbul (müvafiq ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;

Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

Riyaziyyat fənni üzrə imtahan balı;

Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri “məqbul”la qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (müvafiq ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azəbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

Riyaziyyat fənni üzrə imtahan balı;

Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.

Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər ilk növbədə ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.

Abituriyentlərin yerləşdirilməsi onların seçdikləri ixtisasların ardıcıllığına uyğun olaraq, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Qəbul imtahanları nəticəsində dövlət sifarişi ilə ali təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq, dövlət sifarişi əsasında mütəxəssis hazırlığında iştirak edən istənilən ali təhsil müəssisəsini seçə bilərlər.

Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, abituriyentlər tərəfindən ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

Müsabiqənin nəticələri elan olunduqdan sonra, Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir. Ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlər tərəfindən ixtisas seçimi həyata keçirilir və həmin yerlərə Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə yerləşdirmə aparılır. Hazırlıq qruplarında tədrisin sonunda DİM tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçirilir və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.

Açar sözlər:

Oxunub: 560