"Səylərimiz korrupsiya və çirkli pulların yuyulmasına qarşı yönəlib" - Nazir müavini


12:33     03 Fevral 2021 21_02_03_1612342572.jpg

"Avropa İttifaqı ilə birgə səmərəli əməkdaşlığımız tərəfdaşlıq haqqında çərçivə sənədlərinə, fəaliyyət planlarına əsaslanır və son 10-11 il ərzində bu birgə həyata keçirilən on üçüncü layihədir".

Femida.az-ın məlumatına görə, bu fikirləri Avropa İttifaqı və Ədliyyə Nazirliyi tərəfindən keçirilən “Azərbaycanda Mübahisələrin Alternativ Həlli və İxtisaslaşmış Məhkəmələrin İnkişafına Əlavə Dəstək” layihəsinin onlayn təqdimat mərasimi zamanı nazir müavini Azər Cəfərov deyib.

O, bildirib ki, səylərimiz Məhkəmə-Hüquq Şurasının və məhkəmələrin, regional ədliyyə idarələrinin, Ədliyyə Akademiyasının və Penitensiar xidmətin potensialının yüksəldilməsinə, Yuvenal ədliyyənin inkişafına, Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqinə, məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, korrupsiyanın və çirkli pulların yuyulmasının qarşısının alınmasına yönəlib:

"Bu mühüm institutun fəaliyyətinin təmin edilməsi üçün qısa müddətdə xeyli işlər görülüb. “Mediasiya haqqında” Qanun, bu fəaliyyəti tənzimləyən bir neçə digər normativ hüquqi akt, o cümlədən mediasiya xidmətinə görə xərclərə, xərclərin ödənilməsinə, mediatorların hazırlanmasına, onların peşəkar etik davranışına, habelə mediasiya prosesinin həyata keçirilməsinə və mediasiya reyestrinin aparılmasına dair qaydalar qəbul olunub. Mediasiya Şurası hüquqi şəxs kimi qeydiyyata alınıb, onun idarə olunması üçün müşahidə şurası formalaşdırılıb. Avropa İttifaqının dəstəyi ilə 30-dək mediator təlimçisi hazırlanıb, 240 nəfər mediasiya təlimlərinə cəlb edilib və onların böyük əksəriyyəti (195 nəfər) mediator sertifikatı alıblar".

Amin Nəzərli


Femida.az

Açar sözlər: #ədliyyə   #korrupsiya   #məhkəmə  

Oxunub: 2165