Yeni təyin olunan hakimlər and içdilər


17:10     05 Fevral 2021 2018/04/ali_mehkeme_414_1524073621.jpg

2021-ci il fevralın 5-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib.

Ali Məhkəmədən Femida.az-a verilən məlumata görə, Plenumun iclasını giriş sözü ilə açan Ramiz Rzayev bildirib ki, Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədalət mühakiməsinin səmərəliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına, hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsirini göstərib. Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, karantin şəraitində elektron xidmətlərin göstərilməsi və məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron idarəetmənin tətbiqi genişləndirilib.

Respublikada məhkəmə hüquq sisteminin inkişafı ilə əlaqədar həyata keçirilən mühüm tədbirlərin tərkib hissəsi olan yeni hakimlər korpusunun yaradılması sahəsində hüquqi-təşkilati işlər uğurla həyata keçirilməkdədir. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakimlərin iş yükünün azaldılması və işlərə daha keyfiyyətli baxılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə növbəti dəfə hakim ştatlarının sayı artırılıb, bununla əlaqədar hakimliyə namizədlərin seçilməsi prosesi aparılıb.

Çox mərhələli, şəffaf və beynəlxalq standartlara uyğun seçim proseduralarında, o cümlədən test üsulu ilə, habelə, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanan 44 nəfər hakimliyə namizəd bir illik tədris kursunu, məhkəmələrdə staj keçməni və digər mərhələləri uğurla başa vurub.

Namizədlərin tam əksəriyyətini (70 faiz) 35 yaşa qədər olan, o cümlədən xaricdə təhsil almış gənc nəsil hüquqşünaslar təşkil edir, onlar ölkənin müxtəlif hüquq təsisatlarında – məhkəmə, ədliyyə, prokurorluq orqanlarında, vəkillik xidmətində, özəl və digər müəssisələrdə çalışıblar.

İlk dəfə olaraq namizədlərin 40 faizdən çoxunun qadın olması ölkəmizdə gender bərabərliyi prinsiplərinə əməl edilməsi, qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürü olub.

Plenumda hakimliyə namizədlərin yüksək bilik və peşə vərdişi nümayiş etdirərək hakim vəzifələrinə təyin olunmaq üçün layiq bilinmələri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları qeyd edilib.

Plenum iclasında respublika məhkəmələrinə yeni təyin olunan 44 nəfər hakim “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.

Çıxış edənlər yeni təyin olunmuş hakimlərə ədalət mühakiməsini həyata keçirərkən daim qanunun aliliyini təmin etmələrini tövsiyə edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.


Femida.az

Açar sözlər:

Oxunub: 636