11 yaşlı qızı nişanlayan ailəni hansı məsuliyyət gözləyir? - QANUN


14:23     08 Fevral 2021 2021/02/hyui_1612782397.jpg

Sosial şəbəkələrdə Gürcüstanın Poniçala (Soğanlıq) adlanan ərazisində yaşayan azərbaycanlı ailənin azyaşlı övladına etdiyi nişan mərasimi ilə bağlı videogörüntülər yayılıb.

Sözügedən hadisənin videosu sosial şəbəkədə paylaşılan andan geniş müzakirələrə səbəb oldu. Məlumata görə, ailə 11 yaşlı qızı öz dayısı oğlu ilə nişanlayıblar. Baş verən hadisəyə münasibət birmənalı olmayıb. Adətən etnik yaşayış olan bölgələrdə qızlar 7-8-ci sinifdə oxuyarkən nişanlanır və çox keçməmiş ərə verilir. Gürcüstanın sözügedən bölgəsində 15 yaşlı qızların valideynləri tərəfindən nikaha məcbur edildiyinə dair faktlar var.

Bəs qanun bu haqda nə deyir? Femida.az hər iki ölkənin nikah yaşı ilə bağlı qanunvericiliyini təqdim edir:

- Gürcüstanda
Mülki Məcəlləyə əsasən, vətəndaşların nikah yaşı 18-dir. 2015-ci ilin dekabrınadək Gürcüstanda 16-18 arası yaşda qızlar valideynlərinin razılığı ilə rəsmi nikaha girə bilirdilər. İstisna hallarda 17 yaşlı qızların nikahına icazə verilirdi. Belə ki, qız hamilə olduğu təqdirdə valideynlərin razılığı ilə rəsmi evlənmək hüququna malik idi. Lakin Ombudsmanın təklifi ilə 2017-ci ilin yanvarından qanuna edilən dəyişiklikdən sonra 18 yaşdan aşağı bütün qızlar üşün nikaha girmək tam qadağan olunub.

- Azərbaycanda

Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilərlər.



Qeyd edək ki, analoji hallarda ailələr adətən rəsmi nikah etmirlər. Bu cür ailələr çox vaxt "dini nikah", başqa sözlə kəbinlə kifayətlənirlər. 18 yaşa çatdıqdan sonra bir çoxları yenə də rəsmi nikaha girmir. Odur ki, qanun bu halda azyaşlıları nikaha məcbur edən valideynləri məsuliyyətə cəlb etməyə imkan vermir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #nikah   #Gürcüstan   #Azərbaycan   #evlilik   #hüquq   #qanun  

Oxunub: 5248