İşğaldan azad olunmuş torpaqlarda tarixi-dini abidələrin bərpasına başlanılıb


16:58     19 Fevral 2021 21_02_19_1613739883.jpg


BMT-nin mənzil qərargahında qurumun İqtisadi və Sosial Şurasının (ECOSOC) “Bərabərliyə yeni baxış: Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət onilliyi çərçivəsində irqçilik, ksenofobiya və ayrı-seçkiliyin hər kəs üçün aradan qaldırılması” mövzusunda nazirlərin iştirakı ilə virtual formatda görüş keçirilib.

Femida.az-ın məlumatına görə, dünyanın 20-dən çox ölkəsindən nümayəndənin iştirak etdiyi videokonfransda BMT-nin Baş katibi Antoniu Quterreş deyib ki, 2020-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının 75-ci ildönümü münasibətilə dünya liderləri "zorakılıq, insan haqları pozuntuları, korrupsiya, marginalizasiya, hər cür ayrı-seçkilik, yoxsulluq və təcrid, həmçinin savadsızlıq, işsizliyin kök səbəblərini aradan qaldırmağa" dair ümumi razılığa gəliblər. İrqçiliyə qarşı müxtəlif beynəlxalq insan haqları sənədlərində, 2030-cu ilədək davamlı İnkişaf Gündəliyində, 75-ci ildönümü Bəyannaməsində və digər müvafiq sənədlərdə göstərilən tədbirlər bu gün hər zamankındən daha aktualdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə videokonfransda çıxışı zamanı əhalisinin çoxunun müsəlmanlar olmasına baxmayaraq, müxtəlif dini icmaların sülh və dostluq şəraitində birgə yaşadığı Azərbaycanın dini, irqi və etnik zəmində ayrı-seçkilik, anti-semitizmin heç vaxt qeydə alınmayan ölkələr sırasında olduğunu diqqətə çatdırıb. Komitə sədri bildirib ki, Azərbaycanda hazırda qeydiyyatdan keçmiş dini icmaların ümumi sayı 963-ə çatıb. Ölkə ərazisində iki mindən yuxarı məscidlə yanaşı, 14 kilsə, qədim Azərbaycan dövləti Qafqaz Albaniyasına aid tarixi kilsələr, 7 sinaqoq, Zərdüştlük dininə aid Atəşgah məbədi və müxtəlif dinlərə aid ibadət yerləri fəaliyyət göstərir.

Komitə sədri Cənubi Qafqaz bölgəsində Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin, eyni zamanda qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış etməsinin dialoqa və dinc birgəyaşayışa mane olduğunu xüsusi qeyd edib. O deyib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunun işğalı zamanı Ermənistan tərəfindən bu ərazilərdə vandalizm aktı törədilib, Azərbaycanın mədəni-dini irsi yerlə-yeksan edilib və ya dəyişdirilib - məscidlər, ziyarətgahlar, kilsələr, qəbiristanlıqlar dağıdılıb və ya heyvan saxlanılan tövlə halına salınıb, həmçinin tarixi Qafqaz Albaniyasına aid abidələrin daxili və xarici görkəmləri dəyişdirilərək qriqoryanlaşdırılıb.

M.Qurbanlı erməni işğalçıları üzərində Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra işğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən vandalizm aktlarına məruz qalmış tarixi dini abidələrin dövlət tərəfindən bərpa edilməsi prosesinin başladığını vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 468