Zəfər Gününə iki gün qalmış şəhidlik zirvəsinə ucaldı - REPORTAJ


09:29     23 Fevral 2021 2021/02/Fərid_Seyfullayev_(DİN_DQ)_1614058516.jpg

Şəhid Fərid Seyfullayevin Vətən müharibəsində döyüş yolu Füzulidən başlayaraq Şuşayadək davam edib. Zəfər Gününə iki gün qalmış şəhidlik zirvəsinə ucalan qəhrəmanımız ölümündən sonra üç medalla təltif olunub.
Femida.az -ın məlumatına görə, Fərid Xeyrulla oğlu Seyfullayev 1991-ci ildə Xaçmaz şəhərində anadan olub. Ailədə bir bacı, bir qardaş olublar. Fərid əsgərliyini bitirdikdən sonra hərbi qulluqçu kimi xidmətdə qalmaq istəsə də, ailəsi evin tək oğlu olmasını nəzərə alaraq buna razı olmayıb. Amma Aprel döyüşlərindən sonra Fərid arzusunu reallaşdıraraq Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində xidmətə başlayıb.

Şəhidin anası Səidə Seyfullayeva oğlunu fəxr və qürurla yad edir: “Fərid Vətən müharibəsi başlayandan odun, alovun içində olub. Amma bizə hər hansı çətinliyi barədə heç nə demirdi. “Məndən nigaran olmayın, mən dünənki əsgər deyiləm” deyib, bizi arxayın edirdi. Qardaşım Birinci Qarabağ döyüşlərində şəhid olub. Zəng edəndə deyirdi ki, “ana dayımın qisasını alıram. Düşmənə nəfəs almağa imkan vermirik”. Deyirdim, özünü qoru, gözümün ağı-qarası bircə oğlumsan”.

Döyüş yoldaşı Zeynal Məmmədov şəhidi vətənpərvər biri kimi xatırlayır: “İki ay idi tanış idik. Çox yaxşı yoldaş və döyüşçü idi. Şuşa uğrunda qızğın döyüşlər gedirdi. Ermənilərin silah-sursatını götürüb gəlirdi. Çox mərd döyüşçü idi.”

Şəhidin bacısı Fəridə Seyfullayeva qardaş itkisi nə qədər ağır olsa da, Fəridlə fəxr etdiyini bildirir: “Müharibə vaxtı zəng edəndə deyirdi ki, bacı, mənim üçün həmişə dua elə. Yadımdadır, Mübariz İbrahimov, Fərid Əhmədov şəhid olan vaxtı videolara baxırdı. Orada Fəridin adı gələndə Əhmədov yerinə öz soyadını - Seyfullayev deyirdi. Məktəbdə tədbirlərdə hərbi formanı geyinib qürurla gəzərdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Fərid Seyfullayev 2 il əvvəl ailə qurmuşdu. Ayla adında bir yaşlı qız övladı var. Həyat yoldaşı Ağabacı Seyfullayeva deyir ki, bir aydan sonra Fəridlə evliliklərinin iki ili tamam olacaq: “Bir qız övladımız var. Yoldaşımla fəxr edirəm. Vətənpərvərliyi ilə qürur duyuram. Sonuncu dəfə oktyabrın 31-i danışdıq. Övladımızı çox istəyirdi. Hər dəfə zəng edəndə ilk onu soruşurdu”.
Fərid Füzulidən Şuşayadək ağır döyüş yolu keçib.

Qəhrəman döyüşçü noyabrın 6-sı Şuşa uğrunda gedən döyüşlərdə yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.





Vəli Turan,
Mais Allahverdiyev,
APA TV

Açar sözlər:

Oxunub: 683