Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşib


21:02     26 Fevral 2021 21_02_26_1614359037.jpg

Nazirlər Kabineti “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları” və “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nda dəyişiklik edib.

Femida.az -ın məlumatına görə, “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”na əsasən, ailə kəndli təsərrüfatının başçısı uçota durmaq üçün müvafiq ərazi bələdiyyəsinə ərizə ilə müraciət etməlidir.

İndiyədək ərizədə ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin adı, soyadı, atasının adı, yaşayış yeri və ailə kəndli təsərrüfatının yerləşdiyi yer barədə məlumatlar göstərilməli və ailə kəndli təsərrüfatının başçısının şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilməli idi.

Dəyişikliyə əsasən, ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri ərizəyə əlavə edilməlidir. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

- ailə kəndli təsərrüfatının adı və ünvanı;

- ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin fərdi identifikasiya nömrələri;

- ailə kəndli təsərrüfatı üzvlərinin təsərrüfata üzv olma tarixləri (gün, ay, il), fəaliyyətə başladıqları və fəaliyyətlərini dayandırdıqları (gün, ay, il), məşğul olduqları iş və ya peşələri

(vəzifələri).

Eyni zamanda artıq ailə kəndli təsərrüfatının uçotunu aparan bələdiyyə orqanı ərizəyə 2 gün deyil, 5 gündən gec olmayaraq baxmalıdır.

"Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”na əsasən, bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatı (AKT) üzvünə verilən vəsiqə onun statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəddir. Dəyişikliyə əsasən, bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatı (AKT) üzvünə vəsiqə artıq “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə təqdim ediləcək.

Müəyyən edilib ki, bu qərar qüvvəyə minənədək ailə kəndli təsərrüfatı üzvlərinə kağız formada verilmiş vəsiqə elektron vəsiqəyə bərabər tutulur. Kağız formada verilmiş vəsiqə itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə, ailə kəndli təsərrüfatı üzvünə elektron formada yeni vəsiqə təqdim edilir. Eyni zamanda, uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və 4 əmək stajı barədə məlumatlar 6 ay müddətində yerli özünüidarəetmə orqanları tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə əlavə edilir.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilərək müəyyənləşdirilİb ki, uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatları daxil etməklə yerli özünüidarəetmə orqanları ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələri təqdim edir.

“Ailə kəndli təsərrüfatı haqqında” qanuna əsasən bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən, forması və verilmə qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilən vəsiqə verilir. Ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə təqdim edilməsi nəzərdə tutulduğundan Nazirlər Kabinetinin qərarlarında müvafiq dəyişikliklər edilməsi zərurəti yaranıb. Qeyd olunanları nəzərə alaraq, Nazirlər Kabineti qərarlarında müvafiq dəyişiklik edib.

Açar sözlər:

Oxunub: 653