Çinə üçüncü ixrac qatarı yola salındı


12:30     01 Mart 2021 2021/03/15096075554029250119_1000x669_1614587504.jpg

Türkiyənin daha bir ixrac yük qatarı Bakı- Tbilisi – Qars (BTQ) dəmir yolu ilə Çinə göndərilib.


Bu barədə Femida.az-a "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi “ADY Konteyner”dən bildirilib.

Məlumatda deyilir ki, Kösəköy stansiyasından yola çıxan konteyner blok qatarının son təyinat məntəqəsi Çinin Sian şəhəridir: “Qatar hər biri 40 futluq olmaqla 41 konteynerdən ibarətdir. Yükü isə Türkiyə istehsalı olan elektrik avadanlıqlarıdır. Qatar Bakı- Tbilisi – Qars dəmir yolu ilə hərəkət edərək Bakıya çatdıqdan sonra fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına yola salınacaq. Daha sonra isə yolunu dəmir yolu ilə davam etdirəcək. Bu, qardaş ölkədən dünyanın ən iri iqtisadiyyatlarından biri olan Çinə yola salınan sayca üçüncü ixrac qatarıdır”.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə istismara verilib. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir, iki qitə arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan dəmir yolu xəttinin 504 kilometri Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 433


Oxşar xəbərlər