Əlilliyə görə müddət bitirsə, əlillik ləğv olunurmu? - Hüquqi maarifləndirmə


11:16     05 Aprel 2021 21_04_05_1617607086.jpg


Azərbaycanda əlilliklə bağlı müavinət alan şəxslərin ən çox qarşılaşdığı problemlərdən biri də müavinətin dayandırılmasıdır. Bir çox hallarda müavinətlər müəyyən müddətə təyin olunur və vətəndaşlar bu müddətlə bağlı məqama diqqət etmirlər. Müddət başa çatandan sonra əlilliyə görə müavinətin verilməsi dayandırılır və şəxsin yenidən yoxlamadan keçməsi tələb olunur. Bəzən vətəndaşlar bu halı əlilliyin ləğvi kimi başa düşür.

Sənədlərlə diqqətlə tanış olmayan, əlillik müddətinə nəzər salmayan şəxslər məlumatsız olduqlarından əlilliyə görə aylıq sosial ödənişlər (pensiya, müavinət, təqaüd) dayandıqda bunu əlilliklərinin ləğv olunması kimi qəbul edirlər. Halbuki həmin sosial ödənişin dayanması əlillik müddətinin bitdiyini göstərir və əlilliyin ləğvi demək deyil. Əlillik müddəti bitən şəxslər qanunvericiliyə müvafiq olaraq səhiyyə müəssisələrinə müraciət edərək müayinə olunmalı və əlillik müddətinin uzadılmasına dair göndəriş (Forma-88) səhiyyə müəssisələri tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin e-sisteminə daxil edilməlidir.

Femida.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yaydığı məlumatda bildirilir.

Geridönməz hallar, amputasiya, sağalması mümkün olmayan ağır xəstəliklər və s. olduğu hallarda əlillik müddətsiz, yəni ömürlük verilir. Digər hallarda isə əlillik müddətli təyin edilir. Müddətli əlillik təyin edilmiş şəxslərə təyin olunmuş əlilliyin müddəti onlara təqdim edilmiş müvafiq sənədlərdə göstərilir.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılmışdır. Bu qərar çox sayda şəxsi əhatə etmiş və onların əlillik müddəti 2021-ci ildə bitir. Ona görə də əlillik müddəti cari ildə bitən şəxslər əlilliyə dair sənədlərinə diqqətlə yanaşmalı və əlillik müddətinin bitməsinə bir müddət qalmış yuxarıda qeyd olunan qaydada səhiyyə müəssisələrinə müraciət edərək əlillik müddətinin uzadılmasına dair göndərişin (Forma-88) tərtib edilməsi üçün müayinələrdən keçməlidirlər.

Qeyd edək ki, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə desək, həmin vaxta qədər əlilliyə görə müavinət alır.

"Əlilliyin qiymətləndirilməsi qaydası"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarına əsasən, istehsalat zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1(bir) il müəyyənləşdirilir.

Əlilliyi olan şəxslərin əlilliyinin vaxtı bitibsə, bu onun ləğvinə yox, əlilliyin yenidən qiymətləndirilməsinə əsas verir. Belə ki, şəxslərin və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə əlillik təyin edilmiş şəxs Xidmət tərəfindən müayinə olunur, tibbi sənədlərə və əsas xəstəliyinə, habelə ağırlaşmaların dərəcəsinə və yanaşı xəstəliklərə baxış keçirilir, ehtiyac olduğu təqdirdə əlavə müayinələr aparılır.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #əlillik   #qanun   #hüquq   #maarifləndirmə  

Oxunub: 9312