Dövlət Agentliyindən vətəndaşlara MÜRACİƏT


17:34     08 Aprel 2021 2021/04/fddb5-1617886710_1617888945.jpg

Məlum olduğu kimi, bütün ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, icbari tibbi sığorta sisteminin məqsədi səhiyyənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarını yaratmaq və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaqdır.

Agentlik tərəfindən tibbi xidmətlərin hamı üçün əlçatan olması və əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Sözügedən proseslərin gedişində vətəndaş-qurum arasında qarşılıqlı əlaqənin formalaşdırılması əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Agentlik mütəmadi olaraq vətəndaşları icbari tibbi sığortanın tətbiqindən irəli gələn, həmçinin qurumun səlahiyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlərin aidiyyəti üzrə baxılması barədə məlumatlandırır.

Vətəndaşların diqqətinə çatdırırıq ki, icbari tibbi sığortanın tətbiqi, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin göstərilməsi qaydaları, tibbi xidmətlərin göstərildiyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri haqqında məlumat Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az/) yerləşdirilib. Agentliyin internet səhifəsində icbari tibbi sığorta haqqının hesablanması üçün kalkulyator mövcuddur. Ən çox verilən suallar bölməsində vətəndaşlar onları maraqlandıran suallara cavab tapa bilərlər. Sığortaolunanlar Agentliyin hər gün yenilənən sosial şəbəkələrdəki səhifələrində sözügedən mövzularda məlumatlandırıcı postlarla tanış ola bilərlər.

Xidmətlər Zərfi çərçivəsində əhaliyə 2 550 sayda müxtəlif tibbi xidmət göstərilir. Sığortaolunanlar ixtisaslı həkimin göndərişi əsasında tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilərlər. Xidmətlər Zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin göstərilməsi üçün vətəndaşlar tibb müəssisələrinə (post terminallarına) ödəniş etməlidir. Ödəniş icra olunduqdan sonra vətəndaşa ödənişi təsdiq edən sənəd (qəbz) təqdim olunur.

Vətəndaşın icbari tibbi sığorta sistemi ilə bağlı sualları yaranarsa, Agentliyin “1542” nömrəli Çağrı mərkəzinə, qurumun internet səhifəsində “Elektron müraciət” bölməsinə, habelə [email protected] elektron poçt ünvanına və rəsmi ünvanına (Lev Tolstoy küç.170, Bakı, AZ1095) müraciət edə bilər. Qeyd edək ki, həkimlər tərəfindən dövlət və qeyri-dövlət xəstəxanalarına göndərişlərin verilməsi ilə bağlı müraciətlərə tibb müəssisələrinin rəhbərlikləri tərəfindən baxılır. Tibb müəssisəsinin rəhbərliyi tərəfindən müraciətlə bağlı verilən cavab qənaətbəxş olmazsa, vətəndaş Agentliyə müraciət edə bilər. Vətəndaş müraciətlərinin qəbulu, onların qanunvericiliyə uyğun araşdırılması və cavablandırılması Agentlik üçün prioritet məsələdir.

Femida.az

Açar sözlər:

Oxunub: 392