Dini təhsilin təşkil edilməsi qaydası müəyyənləşir


18:02     13 Aprel 2021 milli-meclis.jpg

Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis ediləcək.

Femida.az-ın məlumatına görə, bu,“Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada biləəcək.

Qüvvədə olan qanuna əsasən, dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün təhsil müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər.

Qanuna təklif edilən dəyişikliyə əsasən, dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılacaq və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat veriləcək.

Qüvvədə olan qanuna əsasən, dini qurumlar tərəfindən gənclərin və yaşlıların müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq, tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə yaradılır.

Qanun layihəsinə əsasən, ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərəcəklər.

Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquqlardan və güzəştlərdən istifadə edəcəklər.

Açar sözlər:

Oxunub: 1007