Ombudsman DTX-nin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkib


11:24     21 Aprel 2021 21_04_21_1618989853.jpg


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Bu barədə Femida.az-a Ombudsman Aparatından məlumat verilib.

“İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Milli Preventiv Qrupun üzvlərinin də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti, qidalanma, ərzaq təminatı, tibbi xidmətin təşkili vəziyyəti araşdırılıb, bu məqsədlə müəssisənin obyektlərinə, kameralarına baxış keçirilib.

Ombudsman tərəfindən rəftar məsələlərinin araşdırılması ilə bağlı bir neçə təqsirləndirilən şəxslə təkbətək qaydada görüş keçirilib, müraciətləri dinlənilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, qanunvericiliyin tələbləri izah olunub, bir sıra müraciətlər isə yerində təmin olunub.

Başçəkmə zamanı qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından, müəssisədə saxlanma şəraitindən şikayət etməyiblər.

Yekunda müəssisə rəhbərliyinə və əməkdaşlara ünvanlanan hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

Femida.az

Açar sözlər: #Ombudsman   #DTX  

Oxunub: 4670