Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri əməkdaşlıq edəcək


16:48     23 Aprel 2021 2020/09/imza_esas_1599472771.jpg

Mətbuatda məlumat verildiyi kimi, Özbəkistan Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Dördüncü Sənaye İnqilabı dövründə hüquqa baxış mövzusunda videokonfrans formatında Daşkənd Beynəlxalq Hüquq Forumu keçirilir.

Forumda Azərbaycanın ədliyyə naziri məhkəmə-hüquq sistemindəki innovasiyalar barədə çıxış edərək müsbət təcrübəmizlə bölüşüb, iştirakçıların diqqətini Ermənistanın insanlıq əleyhinə və müharibə cinayətlərinə cəlb edib.

"İki sahil" xəbər verir ki, tədbir çərçivəsində, həmçinin Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun və Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletovun videokonfrans formatında görüşü keçirilib.

Görüşdə əsrlərdir dost və qardaşcasına yaşayan Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi, bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin xüsusi rolu vurğulanıb.

Ədliyyə naziri F.Məmmədov pandemiya şəraitində aktual mövzuya həsr olunmuş və yüksək səviyyədə təşkil olunan Beynəlxalq Forumun əhəmiyyətini qeyd edib, dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə sistemində müasir İKT tətbiq olunmaqla ardıcıl islahatların aparıldığını söyləyib.

İki ölkə arasında əlaqələrin inkişafından məmnunluq bildirilərək Vətən müharibəsi zamanı Özbəkistanın ilk günlərdən Azərbaycanın haqlı mövqeyini dəstəkləməsindən minnətdarlıq ifadə olunub. Həmçinin Özbəkistanın səfiri ilə nazirlikdə keçirilən görüşə toxunularaq onun Ermənistanın raket hücumlarına məruz qalan şəhərlərimizə səfər edərək dinc əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin canlı şahidi olduğu vurğulanıb.



Özbəkistanın ədliyyə naziri azərbaycanlı həmkarının Forumda iştirakını yüksək qiymətləndirərək respublikamızın müxtəlif, o cümlədən ədliyyə sahəsindəki müsbət təcrübəsini təqdir edib, əlaqələrin inkişafı üçün yeni imkanların yarandığını vurğulayıb. R.Davletov torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi zamanı yaşanan hadisələrin ölkəsində narahatlıqla izlənildiyini qeyd edib.

Görüşdə xalqımızın ümummilli lideri Heydər Əliyevin Özbəkistana tarixi səfəri zamanı, həmçinin Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair Sazişin implementasiyasına toxunularaq nümayəndə heyətlərinin ikitərəfli səfərləri və faydalı təcrübə mübadiləsinin aparıldığı bildirilib. Özbəkistan nümayəndə heyətlərinin ölkəmizə səfərlər edərək ədliyyə sahəsində innovasiyalarla, Azərbaycan brendi olan ASAN xidmətlə tanış olduğu və bu sahədə müsbət təcrübəmizdən bəhrələnildiyi qeyd olunub.

COVID-19 qlobal pandemiyasına baxmayaraq əlaqələrin dərinləşdirilməsinə böyük maraq göstərilərək Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında 2021-2022-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb.

Əməkdaşlıq Proqramı ədliyyə və məhkəmə sistemlərinin, elektron xidmətlərin və rəqəmsal innovasiyaların tətbiqinin öyrənilməsi, qanunvericilik, məhkəmə ekspertizası, qeydiyyat, notariat, hüquqşünasların tədrisi və digər sahələrdə konkret tədbirləri, onların pandemiya şəraitinə uyğun bilavasitə və ya videokonfrans formatında keçirilməsini nəzərdə tutur.

İmzalanma mərasimində sənədin qarşılıqlı fəaliyyətə mühüm töhfə verəcəyi, hüquqi sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağı vurğulanaraq əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Femida.az

Açar sözlər: #ədliyyə   #Özbəkistan  

Oxunub: 735