Prezident: "Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmışdır"


13:30     26 Aprel 2021 21_04_26_1619434395.jpg


"Ötən il Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoymuşdur. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmışdır. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirmişdir. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmışdır".


Femida.az xəbər verir ki, bunu aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

"1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin həmin qətnamələr heç vaxt Ermənistan tərəfindən icra edilməmişdir. Mən ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edirəm. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə Ermənistanın əməl edəcəyinə dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir.

Əksinə, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ilin iyul ayında Ermənistan dövlət sərhədində hərbi təxribat törətmişdir. Avqust ayında isə Ermənistanın diversiya qrupu təmas xəttini keçməyə cəhd etmişdir.

Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir.

44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır", - dövlət başçısı bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 478