Azərbaycan Prezidentinin liderlik nümunəsi


19:47     26 Aprel 2021 2021/04/ilhamaliyevmehribanaliyeva110419_1619452321.jpg

Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm...


İlham ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı



Müdrik tövsiyə və xalqın doğru seçimi

Azərbaycanın müasir tarixində millətimizin böyük oğlu Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri aydın görünür. Nəhəng tarixi şəxsiyyət Heydər Əliyev özünün zəngin həyat təcrübəsinə, nüfuzuna, iradəsinə, ən çətin məqamlarda dəqiq qərarlar vermək bacarığına görə demokratik cəmiyyətə keçid mexanizmini məharətlə müəyyənləşdirərək, bu istiqamətdə ardıcıl və sistemli siyasət yürütməklə qarşısına qoyduğu məqsədlərə uğurla nail olmuşdur. Ümummilli lider Heydər Əliyev öz ideyalarının mükəmməlliyi ilə əsl rəhbər kimi xalqı və Vətəni qarşısında üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirərək müstəqil və qüdrətli Azərbaycana doğru gedən yolu məharətlə nurlandırmışdır. Müstəsna xidmətləri ilə Azərbaycanın taleyində əvəzsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı ulu öndər Heydər Əliyevin milləti qarşısındakı xidmətlərindən biri də, Azərbaycan üçün cənab İlham Əliyev kimi bütün ali insani keyfiyyətlərə malik şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur. Bu, ondan irəli gəlirdi ki, vətənpərvər insanı Azərbaycanın təkcə özünün rəhbərlik etdiyi dövr deyil, ondan sonrakı taleyi də düşündürürdü. 2003-cü ildə səhhətində ciddi problemlər yaranan vaxtlarda belə öz sağlamlığını deyil, xalqını və Azərbaycanın istiqbalını fikirləşən böyük qəlbli şəxsiyyət Heydər Əliyev ictimai rəyə və ümumxalq mövqeyinə əsaslanmaqla Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirmişdir.

Azərbaycanın taleyinin həlledici məqamlarında hər zaman olduğu kimi, yenə də Heydər Əliyevin müdrik məsləhətinin intizarında olan xalq məhz sonsuz inandığı rəhbərin millətinin və dövlətinin gələcəyini düşünməklə verdiyi çox dəyərli tövsiyəsindən bəhrələnərək, düzgün seçim etməklə, bu gün dünyanın ən nüfuzlu liderlərindən biri olan böyük tarixi şəxsiyyət cənab İlham Əliyevi özünə Prezident seçdi. Danılmaz həqiqətdir ki, özünü xalqın birinci xidmətçisi sayan dövlət başçısı ömrünü xalqına və Vətəninə həsr edir. Buna görə də, ulu öndərin layiqli xələfi tükənməz və əbədi xalq sevgisini qazanmaqla qəlblərdə özünəməxsus yer tutur.

Dövlət başçısı cənab İlham Əliyev özünün prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək, daxili ictimai-siyasi sabitliyi daha da möhkəmləndirmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifahının yüksəlməsinə nail olmuşdur. Bununla yanaşı, digər əsas daxili inkişaf parametrləri – makroiqtisadi sabitlik, sürətli inkişaf edən iqtisadiyyat, sosial və mənəvi təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanılmaqla, dövlət idarəçiliyinin effektivliyi təmin edilmişdir.

Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artmış, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənmişdir. Ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi, mənəvi və insan resurslarından səmərəli istifadəyə, transmilli nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sahəsində həyata keçirilən uğurlu regional siyasət və düzgün mövqe seçiminə, daxili və xarici siyasətin müstəqillik əmsalına, sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə də hazırda Azərbaycan regionun özünü tam təmin edən dövlətinə çevrilmişdir.

Praqmatik lider

Xalqın rifah halının hərtərəfli yaxşılaşdırılması, onun layiqli həyat şəraiti ilə təmin edilməsi və dövlətin daha da qüdrətlənməsi məqsədi ilə yüksək elmi biliklərə, dərin zəkaya, zəngin siyasi təcrübəyə, mükəmməl rəhbərlik bacarığına və sarsılmaz iradəyə sahib olan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə nəhəng layihələr reallaşdırılır, qeyri-neft məhsullarının istehsalı və ixracı artırılır, dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin daha da yaxşılaşdırılması üçün kompleks stimullaşdırıcı tədbirlər görülür, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır. Ölkəmizdə bütün sahələrdə müntəzəm olaraq səmərəli islahatlar həyata keçirilir, regionlar tarazlı inkişaf etdirilir, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə olunur ki, bütün bunların nəticəsində də Azərbaycan durmadan çiçəklənərək, daha da qüdrətlənir və intibah dövrünü yaşayır.

Prezident dövlət idarəçiliyinin möhkəm təməl prinsipləri əsasında Azərbaycanın qüdrətlənməsini özünəməxsus peşəkarlıqla sürətləndirməklə yanaşı, onun davamlılığını təmin edir. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilir. Azərbaycan iqtisadiyyatı daha da güclənir, əldə edilən iqtisadi mənfəətlərin qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır, ölkəmizdə informasiyalı cəmiyyətin formalaşması prosesi sürətlənir, elmi texnologiyaların son nailiyyətləri həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bütün bunlarla bərabər, aparılan demokratik islahatlar getdikcə daha geniş vüsət alır, insan hüquq və azadlıqlarının təminatı sistemi mükəmməlləşdirilir, Azərbaycanda tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar möhkəmləndirilir, respublikamızda vətəndaş cəmiyyəti formalaşdırılır və ölkəmiz hərtərəfli inkişaf edir.

Mədəni və təsərrüfat infrastrukturuna nəzər salsaq görərik ki, cənab İlham Əliyevin prezidentliyi dövründə bu sahədə ardıcıl olaraq mütərəqqi addımlar atılmışdır. Bu dövrdə müasir standartlara tam cavab verən 4000-ə yaxın məktəb, 1000-ə yaxın tibb müəssisəsi tikilmiş, yaxud əsaslı təmir edilmişdir. Yüzlərlə tarixi binalarda, muzeylərdə, teatr və kitabxanalarda geniş yenidənqurma işləri həyata keçirilmiş, ölkənin ali təhsil ocaqları müasir tələblərə uyğun təmir edilərək yeni avadanlıqlarla təchiz olunmuşdur.

Eyni zamanda, bu dövrdə nəqliyyat və yol təsərrüfatı ilə bağlı genişmiqyaslı infrastruktur layihələri həyata keçirilmişdir. Təsadüfi deyil ki, Davos Forumunun hesabatına görə, Azərbaycan bu istiqamətdə görülən işlərlə bağlı dünya sıralamasında öncül yerlərdədir. Belə ki, forumun hesabatında Azərbaycan infrastruktur layihələri ilə bağlı-dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdə, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerdə qərarlaşmaqla dünyanın bir çox qabaqcıl ölkələrini geridə qoymuşdur.

Planetimizin üzləşdiyi, bütün dünyanı cənginə alan koronavirus (COVID-19) pandemiyasına qarşı ölkəmizdə aparılan uğurlu mübarizəni də xüsusi vurğulamaq lazımdır. Dünyanın bir sıra qüdrətli dövlətləri aciz olduğu, xeyli itkilər verdiyi və ciddi zərərə məruz qaldığı halda, ölkəmizin pandemiyadan az zərər və minimal itki ilə çıxması aqil rəhbərin mükəmməl siyasətinin, müdrik tövsiyələrinin, onun rəhbərliyi ilə aidiyyatı dövlət orqanları tərəfindən görülən əhəmiyyətli tədbirlərin, səmərəli fəaliyyətin nəticəsidir. Təsadüfi deyil ki, virusla effektiv mübarizə aparmaq məqsədilə öz vətəndaşlarını kifayət qədər peyvəndlə təmin edən Azərbaycan bu sahədə də dünyanın lider ölkələrindəndir.

Belə bir şəraitdə cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl daxili və xarici siyasət sayəsində ölkəmiz hazırda da eyni templə inkişaf edir və doğma Azərbaycanımız durmadan çiçəklənir. Vurğulanmalıdır ki, ölkəmizdə gedən sürətli inkişaf beynəlxalq təşkilatlar tərəfindən də hər zaman yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankının "Doing Business" proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yeri tutmuşdur. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Vurğulanmalıdır ki, dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun son hesabatına əsasən, dövlətimiz dünya miqyasında əhalinin elektrik təchizatı səviyyəsinə görə ikinci yerdə, inklüziv inkişaf indeksi üzrə üçüncü yerdə, hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə beşinci yerdə, hökumətin uzunmüddətli strategiyasına görə onuncu yerdə, hökumətin siyasi sabitliyi təmin etməsinə görə on birinci yerdə qərarlaşmışdır.

Dünya miqyaslı mahir siyasətçi

Böyük iftixar və fərəh hissləri ilə deyə bilərik ki, dünya dövlətləri sırasında özünəməxsus yeri və nüfuzu olan Azərbaycan cənab İlham Əliyevin prezidentliyi dövründə qlobal proseslərdə söz sahibi kimi aktiv mövqeyi ilə seçilmişdir. Respublikamızda hökm sürən ictimai-siyasi sabitlik, beynəlxalq arenadakı nüfuzumuz və etibarlı tərəfdaşlığımız xarici dövlətləri bizimlə əməkdaşlığa sövq etmişdir ki, bu da iqtisadiyyatımıza böyük məbləğlərdə sərmayələrin qoyulmasını şərtləndirmişdir. Uzaqgörən liderin rəhbərliyi ilə görülən böyük işlərin sayəsində 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilmişdir. Bundan başqa, 2018-ci ilin may ayının 29-da Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin, iyun ayının 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin Bakıda rəsmi açılış mərasimləri keçirilmişdir. Azərbaycandan Avropa bazarlarına təbii qazı ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmiş, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi də yekunlaşdırılmışdır. Bundan əlavə, 20 sentyabr 1994-cü il tarixdə Bakıda imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in müddəti 2017-ci ilin sentyabr ayının 14-də yeni, ölkəmiz üçün daha əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılmış, bu isə Azərbaycanda bundan sonra da uzun illər neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına zəmin yaratmışdır.
Ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən enerji, nəqliyyat layihələri də təkcə bölgədə deyil, həm də qlobal miqyasda əməkdaşlığa böyük töhfədir. Azərbaycan-Gürcüstan-Türkiyə, Rusiya-Azərbaycan-İran enerji dəhlizlərinin, həmçinin Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizinin mövcudluğu bunun növbəti bariz nümunəsidir.

Azərbaycanın yüksək nüfuzunu və qlobal taleyüklü məsələlərdə fəal rolunu ehtiva edən hadisələrdən biri kimi 2011-ci il oktyabrın 24-də respublikamızın BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsini də qeyd etmək lazımdır.
Qeyd etmək lazımdır ki, dövlətimizin həyata keçirdiyi mükəmməl diplomatiya sayəsində digər məsələlərlə bərabər Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də əksər beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləmişlər. Vurğulanmalıdır ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasını özündə əks etdirən önəmli qərarlar çıxarmışlar. Onlardan, BMT Baş Assambleyasının Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 7 sentyabr 2006-cı il və 14 mart 2008-ci il tarixli “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinin xüsusi əhəmiyyəti olmuşdur. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar məsələ ilə bağlı ədalətli olmaqla bizim haqlı mövqeyimizi dəstəkləmişlər. Onu da qeyd etmək zəruridir ki, əvvəlki illərdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT ölkəmizin lehinə ədalətli qətnamələr qəbul etmişdir ki, bu da münaqişənin həlli üçün hüquqi baza yaratmışdır. Belə ki, ötən illərdə BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel 822, 29 iyul 853, 14 oktyabr 874 və 12 noyabr tarixli 884 saylı qətnamələri və ATƏT-in 1996-cı il dekabrın 2-3-də Lissabonda keçirilən zirvə toplantısında qəbul olunan və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil edən sənəd Ermənistan–Azərbaycan münaqişəsinin ədalətli həll edilməsi yolunda böyük siyasi nailiyyətlər olmuşdur.
Beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə vermək məqsədilə 1961-ci ildə yaradılan, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatı olan və 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə Azərbaycan Respublikasının üzv seçilməsi beynəlxalq diplomatiyada atılmış ən mühüm addımlardan biridir. Bu təşkilata üzvlüyün mahiyyətini bəziləri dərk etməsə də, onun beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rola malik çoxtərəfli platforma olmasını, qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından xüsusi əhəmiyyətini öncədən duyan cənab Prezidentimiz bunun gələcəkdə Azərbaycana çox mühüm siyasi dividentlər gətirəcəyini dəqiqliklə təhlil etmişdir. Uğurlu xarici siyasəti sayəsində beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış cənab Prezidentin müdrik düşüncəsinin və yorulmaz əməyinin nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv olduğu qısa müddət ərzində – 2019-cu ildə bu təşkilata sədrlik etmək kimi məsul vəzifə ona həvalə olundu.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda 2019-cu il 25-26 oktyabr tarixlərində Bakı şəhərində keçirilmiş XVIII Zirvə görüşündə cənab Prezident Dağlıq Qarabağ münaqişəsi və onun həlli yollarını da əhatə edən genişməzmunlu çıxışında Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əsaslanan haqlı mövqeyini üzv dövlətlərin nümayəndələrinin diqqətinə çatdırdı. Bu görüşün eləcə də üzv ölkələrlə sıx və işgüzar əməkdaşlığın müsbət nəticəsini Vətən müharibəsinin gedişində 29 sentyabr və 19 oktyabr 2020-ci il tarixlərində BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələrin keçirilməsi zamanı aydın müşahidə etdik. Belə ki, qeyd olunan tarixlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr – İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe tutmaqla ölkəmizə dəstək olmuşlar. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürmək məcburiyyətində qalmışlar. Həmsədr ölkələr tərəfindən Azərbaycanın dövlət maraqlarına cavab verməyən və beynəlxalq hüququn prinsiplərinə zidd olaraq hazırlanmış bu bəyanat qəbul edilmiş olsaydı, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda haqlı mübarizəmiz yarımçıq qala bilərdi.

Görülən böyük işlərin nəticəsində müxtəlif ciddi maneələrə, o cümlədən erməni lobbi təşkilatları tərəfindən əleyhimizə aparılan kampaniyalara baxmayaraq, ölkəmiz sözügedən münaqişənin həlli məsələsində beynəlxalq təşkilatların dəstəyini qazana, Ermənistanın işğalçı siyasətini ifşa edə bilmiş, Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması təsdiqini tapmış, qondarma “Dağlıq Qarabağ”ı heç bir dövlət tanımamış, orada qanunsuz keçirilən “referendum” qonşu ölkələr və bir neçə beynəlxalq təşkilatlar tərəfindən pislənmişdir.

Qeyd olunanlara baxmayaraq, Ermənistan 30 ilə yaxın bir müddət ərzində Azərbaycanın 20 faiz ərazisini, beynəlxalq səviyyədə tanınmış tarixi torpaqlarını – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlamaqda davam edirdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılmasını nəzərdə tutan müddəaları özündə əks etdirən dörd qətnaməsinin qəbul olunmasına baxmayaraq, təəssüf həmin qətnamələr icra olunmamış, bununla əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar heç bir tədbir görməmiş, BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sonuncu müzakirələr isə 1995-ci ildə keçirilmişdir. Ermənistan da bu illər ərzində mövcud vəziyyətdən istifadə edərək qeyd olunan qətnamələri yerinə yetirmir, hər vəchlə münaqişəni mümkün qədər çox və daha uzun müddətə dondurmağa çalışır və status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışlarına əhəmiyyət verməyərək onları cavabsız qoyurdu. Bütün bunlar xalqımızı daha da hiddətləndirirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə hər dəfə mötəbər kürsülərdən deyirdi: “Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik...”. Buna görə də hər bir azərbaycanlı, o cümlədən Silahlı Qüvvələrimizin əsgəri, çavuşu, giziri, zabiti və generalı tarixi torpaqlarımızı düşməndən azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyərək, buna hər an hazır idi.

Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbəmizdən sonra, hər kəsə aydın oldu ki, Azərbaycan uzun müddət işğal altında olan torpaqlarını bu vaxta qədər istənilən an hərbi yolla düşməndən azad edə bilərdi. Bununla belə, ölkəmiz bu məsələnin beynəlxalq hüquqla və sülh yolu ilə öz həllini tapmasının tərəfdarı olduğundan bu qədər səbrlə davranmış, lakin düşmənin ikrah doğuran hərəkətləri, o cümlədən məlum son təxribatları Vətən müharibəsinin başlanmasına zəmin yaratmışdır.

Hər fürsətdə yüksək beynəlxalq tribunalardan Azərbaycanın haqq səsini ucaltmağı özünə amal bilmiş cənab Prezidentimiz Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın ünvanına müxtəlif məzmunlu təhdidlər səsləndirərək, onu silahlı münaqişəyə cəlb etməyə çalışdığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ötən ilin dekabr ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Ermənistandan fərqli olaraq Azərbaycanın heç bir zaman müharibə meyilli mövqe tutmadığını, münaqişənin danışıqlar yolu ilə həllinin mümkün olduğunu, aşağıdakı kimi ifadə etmişdir: “Ermənistanın hərbi-siyasi rəhbərliyi belə bir bəyanatla bizi qorxutmağa çalışırdı ki, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü.”

Etibarlı məsləkdaş

Azərbaycanın hərtərəfli uğurlarından, yüksək templə inkişafından və sürətlə qüdrətlənməsindən bəhs edərkən zəngin elmi bilikləri, dərin düşüncəsi, peşəkar idarəçilik qabiliyyəti, ibrətamiz davranışı, xalqına, həyat yoldaşına olan sədaqəti və digər məziyyətləri, bir sözlə, əsl Azərbaycan xanımına xas ali insani keyfiyyətləri ilə dünya qadınlarına örnək olan Mehriban xanım Əliyevanın – cənab Prezidentin ən etibarlı məsləkdaşının dövlət və xalq qarşısında müstəsna xidmətləri haqqında söz açmamaq mümkün deyil. Bu nəcib insanın ölkənin Birinci vitse-prezidenti kimi mühüm dövlət postuna təyin edilməsi, dövlətimizin daha da qüdrətlənməsinə və milli maraqlara hesablanmış növbəti bir qərar idi ki, Mehriban xanım ötən 4 il ərzindəki fəaliyyəti ilə bunu təsdiq etmişdir. Sözsüz ki, onun bundan əvvəl istər daxili, istərsə də xarici siyasətdə bütün dünyada qəbul və təqdir olunan səmərəli fəaliyyəti də ölkəmizin inkişafına böyük töhfələr vermişdir. Hazırda bu uğurlu fəaliyyət yeni statusda yüksək templə davam edir ki, bu da öz növbəsində dövlətimizin daha da qüdrətlənməsində və xalqımızın rifahının hərtərəfli yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb etməkdədir. Mehriban xanımın təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafında xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü böyük işlər xüsusi vurğulanmalıdır. “Ölkəyə və insanlara xidmət edirəmsə, bu, mənim üçün ən yüksək mükafatdır.” – deyən Mehriban xanımın Azərbaycanın ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edilməsi onun əməyinə dövlət səviyyəsində verilən yüksək dəyərin təzahürü olmuşdur.

Birinci xanımın sadəliyi, təvazökarlığı, səmimiliyi, bütün məsələlərdə ədalətli mövqeyi, Vətəninə və xalqına bağlılığı, insanlığın təntənəsinə xidmət edən təşəbbüsləri və saysız-hesabsız xeyirxah əməlləri ona sonsuz xalq məhəbbətini qazandırmışdır. Heç kəsə sirr deyil ki, xalqımızın qəlbində Mehriban xanıma böyük inam və misilsiz etimad var. İnsanların öz dərd-səri ilə bağlı müraciətlərinin böyük bir hissəsinin ona ünvanlanması bunun aşkar göstəricisidir. Təbii ki, bu, həm də vətəndaşlarımızın dövlətimizə olan etibarından irəli gəlir.

Azərbaycanın birinci xanımının gördüyü böyük işlər respublika hüdudları ilə məhdudlaşmayıb ümumbəşəri xarakter daşıyır. Mehriban xanımın dünya mədəniyyətinin inkişafı istiqamətindəki səriştəli fəaliyyəti, sivilizasiyalararası dialoq prosesinə verdiyi töhfələr və müxtəlif ölkələrdə həyata keçirdiyi humanitar tədbirlər isə ona Azərbaycan xalqının sevgisi ilə bərabər, bir sıra xarici dövlətlərin vətəndaşlarının da rəğbətini qazandırmışdır.

Birinci vitse-prezidentin xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları ümumbəşəri maraqlar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq səviyyədə təqdir olunur. Bu gün Mehriban xanım Əliyevanın gördüyü böyük işlərin sədası dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrindən gəlir.

Şöhrəti ölkə hüdudlarından kənara çıxan Mehriban xanımın səriştəli və səmərəli fəaliyyəti digər dövlətlər tərəfindən də yüksək qiymətləndirilmişdir. Onun “Qızıl ürək” beynəlxalq mükafatı, Pakistan Respublikasının “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi” mükafatı, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Fransa Respublikasının “Fəxri Legion”, İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Rusiya Federasiyasının “Dostluq” ordenləri və digər dövlətlərin müxtəlif ali mükafatları ilə təltif edilməsi beynəlxalq səviyyədə gördüyü əhəmiyyətli işlərə verilən dəyərin təcəssümü olmuşdur.

Mehriban xanımın həm dövlət rəsmisi, həm bir xeyirxah insan kimi hər zaman ehtiyaclı insanların yanında olması xüsusi minnətdarlıqla vurğulanmalıdır. Sirr deyil ki, Birinci vitse-prezidentin və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qayğısı sayəsində saysız-hesabsız insanın müxtəlif problemləri öz həllini tapmış, xeyli şəxs, o cümlədən də qazilərimiz öz sağlamlıqlarına qovuşmuş, bir çox ailələr çətinliklərdən xilas olmuşdur. Eyni zamanda, uşaq evlərinin sakinləri, internat məktəblərin şagirdləri, xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, az təminatlı ailələr hər zaman diqqət mərkəzində saxlanılmış və onlara mütəmadi olaraq müxtəlif şəkildə yardımlar göstərilmişdir. Mehriban xanımın çoxşaxəli fəaliyyətində ən mühüm istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, müharibə əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir. Sözügedən zümrədən olan insanlar da hər zaman birinci xanımın və Heydər Əliyev Fondunun yüksək diqqət və qayğısı ilə əhatə olunub. Mehriban xanım müntəzəm olaraq şəhid ailələri, müharibə iştirakçıları və yurd-yuvalarından qovulmuş qaçqın və məcburi köçkünlərlə görüşür, onların qayğısına qalır, problemlərini dinləyir və yerindəcə həlli istiqamətində müvafiq tədbirlərin görülməsini təmin edir. Xüsusi vurğulanmalıdır ki, Vətən müharibəsindən əvvəl Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlət başçısı İlham Əliyevlə birlikdə şəhid ailələri, müharibə əlilləri və veteranları ilə mütəmadi olaraq görüşləri, onların qayğıları ilə maraqlanmaları, problemlərini həll etmələri Vətən uğrunda, xalq yolunda öz qanını və canını əsirgəməyən, bu yolda xidmətləri olan insanlara qarşı yüksək diqqətin təcəssümü olmaqla bərabər, həmçinin hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradaraq qələbə əzmini artırırdı. Aprel döyüşlərində yaralanan və yüksək texnologiyalı protezlərlə təmin edilmiş hərbi qulluqçularla 2019-cu il aprelin 3-də keçirilən görüşdə Mehriban xanım Əliyeva onlara “qardaşlarım” deyərək müraciət etməklə söyləmişdir:

“...Belə xalqla, belə əsgərlərlə biz Qarabağı mütləq qaytaracağıq...”. Qeyd olunanlar qəti əminliklə onu deməyə əsas verirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan torpaqlarımız düşmənlərdən təmizlənəcək və doğma Azərbaycanımızın ərazi bütövlüyü bərpa olunacaqdır. Çox keçmədi ki, bu, belə də oldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bir damlası düşmənin vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan hərbçilərimiz bu şərəfli missiyanı uğurla yerinə yetirdilər.

Cənab Prezidentin ən sadiq silahdaşı, Vətən müharibəsi zamanı da yorulmaz fəaliyyəti ilə seçilən Mehriban xanım Əliyeva ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün vətənpərvər çağırışları ilə hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən qəhrəman hərbçilərimizə duaları, yaralılarımıza hərtəfli dəstəyi ilə yardımçı olan, şəhidlərimizin və həlak olan günahsız dinc insanlarımızın əzizlərinin ağrı-acısına şərik çıxaraq bir ana, bir bacı kimi doğma və qayğıkeş münasibəti ilə onları ovunduran Birinci vitse-prezident xalqımıza böyük təsəlli oldu.

Koronavirus (COVID-19) pandemiyasına qarşı uğurlu mübarizədə də Mehriban xanım Əliyevanın öz missiyasına, amalına növbəti dəfə sadiqliyi mühüm rol oynadı. Ölkənin birinci xanımı xalqa müraciət edərək hamını "gözəgörünməz düşmən”lə mübarizədə birlik, həmrəylik nümayiş etdirməyə səslədi. Xalqa bir övlad, bir ana və nənə olaraq müraciət edən Mehriban xanım hər kəsi evdə qalmağa, bir-birini qorumağa səslədi. Birinci vitse-prezidentin "Evdə qal, sağlam qal!” şüarlı təşəbbüsü ona sonsuz inam olduğu üçün böyük dəstək qazandı ki, bu da koronavirus infeksiyasına qarşı mübarizəyə öz müsbət təsirini göstərdi.

Göründüyü kimi, Mehriban xanımın Azərbaycanın ictimai-siyasi həyatında rolu əvəzsizdir və onun çoxşaxəli fəaliyyəti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlarına öz layiqli töhfələrini verməkdədir.

Müzəffər sərkərdənin nizami ordusu

Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu strategiyasını müasir tələblərə uyğun reallaşdıran Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunmuş, şəxsi heyəti peşəkar kadrlarla komplektləşdirilmiş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı əhəmiyyətli dərəcədə artırılmışdır.

Dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində müxtəlif ölkələrin qanunvericiliyindən və təcrübəsindən bəhrələnilməklə, eləcə də şanlı hərb tariximizə əsaslanılmaqla müasir hərbi qanunvericilik bazası yaradılmış, hərbi xidmətə çağırış və səfərbərlik işi xeyli təkmilləşdirilmiş, həmçinin hərbi hissələrdə nizam-intizam və qanunçuluq daha da möhkəmləndirilmişdir.
Maddi-texniki təchizat baxımından ordu quruculuğu işinin xarici ölkələrdən asılılığını minimuma endirmək və bu istiqamətdə atılacaq addımları sürətləndirmək məqsədilə 16 dekabr 2005-ci ildə cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Yaradıldığı ilk gündən Türkiyə, Pakistan, CAR, Ukrayna, İsrail, Polşa və İordaniya ilə sıx əməkdaşlıq edərək dörd adda snayper, iki adda avatomat, bir adda hücum tüfəngi, bir adda hücum pulemyotu, üç adda tapança, altı adda zirehli texnika, bir adda mianatan, bir adda reaktiv yaylım atəş sistemi, bir adda mina əleyhinə cihaz, üç adda pilotsuz uçuş aparatı və müxtəlif çaplı sursatlar, ümumilikdə isə 1200 adda silah sitemləri istehsal edən nazirlik bu sahənin inkişafında mühüm rol oynamışdır. Bütün bu böyük işlərin nəticəsində, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir Azərbaycan Silahlı Qüvvələri formalaşdırılmışdır.
Təsadüfi deyildir ki, “Global Firepower” hərbi-analitika təşkilatının hazırladığı son hesabatında da Silahlı Qüvvələrimiz ötən illərdə olduğu kimi, Cənubi Qafqaz regionunun ən güclü ordusu olmaqla yanaşı, dünya miqyasında 50, MDB ölkələri sırasında isə 3 ən güclü ordu sırasındadır.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər edərək hərbi qulluqçularla görüşməsi, onların qayğı və problemləri ilə maraqlanması, hərbçilərimizin qələbə əzmini artıran qətiyyətli çıxışları və düşmənə ünvanlanmış tutarlı ismarıcları şəxsi heyətdə sarsılmaz ruh yüksəkliyi yaradırdı.

Silahlı Qüvvələrimizin daha da qüdrətlənməsi istiqamətində həyata keçirilən tədbirlər, hərbçilərimizin xidmət şəraitinin müasirləşdirilməsi, əsgərlərin məişət işlərindən azad edilməsi, yüksək tələblərə cavab verən əsgər yataqxanalarının istifadəyə verilməsi, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, həmçinin onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli, eləcə də Silahlı Qüvvələrdə 1992-ci ildən etibarən 20 il və daha çox qüsursuz xidmət etmiş 1500-dən artıq hərbçiyə mənzillərin verilməsi, bir daha sübut edir ki, həyatını Vətəni müdafiə etmək kimi şərəfli peşəyə həsr etmiş şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Vurğulanmalıdır ki, əsgərlərin məişət işlərindən azad olunması, onların mülki vətəndaşlardan ibarət peşəkar personalın formalaşdırdığı yüksək məişət şəraiti ilə təmin olunmaları, göstərdikləri keyfiyyətli xidmətdən bəhrələnmələri ilə yanaşı, qulluq keçmələrinin səmərəliliyinin artması və nizam-intizamın daha da möhkəmləndirilməsi ilə nəticələnmişdir.

Sadalananlar hərbi uğurlarımızı şərtləndirdi və nəticədə 2020-ci ilin 27 sentyabrından başlayaraq düşmənin törətdikləri növbəti təxribatların qarşısının alınması məqsədi ilə həyata keçirilən əks-hücum əməliyyatı zamanı gedən döyüşlərdə Silahlı Qüvvələrimiz öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə bütün dünyaya sübut etdi.

Güclü strateqin dəmir yumruğu

Cənab Ali Baş Komandan hər bir döyüş əməliyyatında böyük zəfərlər əldə etməklə möhtəşəm qələbə qazanmış müzəffər Silahlı Qüvvələrimizin yenilməz sərkərdəsi kimi özünün və qəhrəman oğulların adını şanlı tariximizə qızıl hərflərlə həkk etdirdi. Zaman göstərdi ki, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin may ayında olan Günnüt əməliyyatı zamanı əldə olunmuş uğurlu nəticələr 44 günlük Vətən müharibəsinin müjdəçiləri imiş.

27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Silahlı Qüvvələrimizin mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da ikinci Qarabağ müharibəsi başladı. Böyükdən kiçiyə hər kəs Vətən müharibəsinin qələbə ilə başa çatmasını qarşıya məqsəd qoydu. Dövlət başçısı cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı dillərdə əzbər olmaqla xalqı öz liderinin ətrafında daha da sıx birləşdirərək mülki vətəndaşlarda mübarizə əzmi, hərbçilərimizdə isə böyük ruh yüksəkliyi yaratdı. Müharibənin gedişində xalqımız müqəddəs amal uğrunda birləşməyin, vahid toplum olmağın, güclü “Dəmir yumruğa” çevrilməyin yeni bir nümunəsini yaratdı. Xalq öz təpəri ilə mübarizə meydanında, əsgərlərin yanında, dövlətin arxasında olduğunu göstərdi. Müxtəlif dövlət qurumları, eləcə də prokurorluq, o cümlədən hərbi prokurorluq, idarə və təşkilatlar, ayrı-ayrı vətəndaşlar, hətta xarici ölkələrdə yaşayan soydaşlarımız da xalqımıza, ordumuza həm mənəvi dəstək olur, həm də maddi kömək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edirdilər.

Ermənistanın törətdiyi növbəti təxribatların qarşısını almaq məqsədi ilə əks-hücum əməliyyatı zamanı gedən 44 günlük döyüşlərdə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz öz gücünün, qüdrətinin və yüksək döyüş hazırlığının, şəxsi heyətin peşəkarlığının və qəhrəmanlığının əyani sübutu kimi, Ermənistan silahlı qüvvələrini məhv etdi.

Tərəddüdsüz demək olar ki, Vətən müharibəsi zamanı şanlı qələbənin qazanılmasında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlılarının fədakarlığı mühüm rol oynadı. Onlar düşmənin çoxsaylı hədəflərini məhv etmiş, qəhrəmanlıq və ustalıqla tapşırıqları yerinə yetirmişlər.

Şuşa şəhərinin azad edilməsi də məhz xüsusi təyinatlı qüvvələrimizin peşəkarlığının simvoluna çevrildi. Bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra etdilər. Şuşanın bu cür azad edilməsi Azərbaycan xüsusi təyinatlılarını dünyaya tanıtdırdı. Məhz XTQ göstərdi ki, müasir dövrdə orduda həm intellektual-texniki vasitələrin, həm də xüsusi birləşmələr kimi universal keyfiyyətlərə sahib olan hərbçilərin rolu danılmazdır.

Azərbaycan Ordusunun qısa müddətdə uğurlu əks-həmlə əməliyyatları nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndini, eləcə də unikal döyüş taktiki əməliyyatları ilə Şuşanı işğaldan azad etməsi, bizim şanlı Qələbəmizi daha yaxınlaşdırdı. Ermənistan və onun havadarlarını qorxuya saldı. Məhz bunun məntiqi davamı olaraq düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi. Nəticədə heç bir güllə atmadan və itki vermədən 3050 kvadratkilometr əraziyə malik Kəlbəcər, 1835 kvadratkilometr əraziyə malik Laçın və 1094 kvadratkilometr əraziyə malik Ağdam rayonu, ümumilikdə 5979 kvadratkilometr ərazimiz düşmən tapdağından azad edildi. Bununla da, on min kvadrat kilometrdən artıq ərazimizdə suverenliyimiz bərpa edildi.

Vətən müharibəsi gedişində döyüş əməliyyatlarının bilavasitə rəhbəri Ali Baş Komandan aqil və qətiyyətli lider kimi dünya hərb tarixinə bəlli olmayan və beynəlxalq ekspertlərin təəccübünə səbəb olan döyüş taktikalarından istifadə etməklə, özünü güclü strateq kimi bir daha təsdiqlətdi. Altı həftəlik müharibə dövründə Silahlı Qüvvələrimiz tərəfindən pilotsuz uçuş aparatlarından və digər döyüş texnikalarından yüksək dəqiqliklə səmərəli şəkildə istifadə olunması istər rəsmi, istərsə də qeyri-rəsmi mənbələrə əsasən Ermənistan tərəfinin dəfələrlə çox canlı qüvvə və döyüş texnikası itkisinə məruz qalması ilə nəticələndi. Düşmənə nisbətən dəfələrlə az itki verməklə böyük qələbə qazanmağımız cənab Prezidentin müdrikliyinin, Ali Baş Komandan kimi, yüksək hərbi biliklərə malik olmasının və hərbçilərimizin peşəkarlığının növbəti təcəssümü idi.

Qürur hissi ilə qeyd etmək lazımdır ki, Vətən müharibəsi zamanı prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları, istər xidmət yerində, istərsə də ezam olunduqları müvafiq ərazilərdə həm xidməti vəzifələrinin icrası ilə bağlı, həm də vicdanlı bir vətəndaş kimi üzərlərinə düşənləri layiqincə yerinə yetirmişlər.

Vətən müharibəsindən bir neçə gün əvvəl baş prokuror cənab Kamran Əliyevlə, ondan bir müddət əvvəl isə müxtəlif vaxtlarda Dövlət Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyevlə və Müdafiə nazirinin müavini cənab Kərim Vəliyevlə birlikdə cəbhəyanı zonaya səfərlər etməklə düşmənlə üz-üzə dayanan hərbi hissə və bölmələrdə xidmət aparan hərbi qulluqçularla görüşlər keçirmişik. Hərbi Prokurorluğun bütün rəhbər işçiləri, o cümlədən Respublika Hərbi prokurorunun müavinləri, böyük köməkçiləri, idarə, şöbə rəisləri, ərazi hərbi prokurorları da aidiyyəti dövlət qurumlarının müvafiq yüksək vəzifəli şəxsləri ilə birlikdə mütəmadi olaraq ön xətdə xidmət aparan şəxsi heyətlə görüşmüşlər. Bu kimi tədbirlər döyüş əməliyyatları əsnasında da davam etdirilmişdir. Görüşlər zamanı hərbi qulluqçuların milli və döyüş ruhunun daha da yüksəldilməsi, onlarda vətənpərvərlik hislərinin dərindən aşılanması, hüquqi biliklərin artırılması istiqamətində söhbətlər aparılmış, verilən suallar ətraflı cavablandırılmış, həmçinin hərbi qulluqçuların qayğı və problemləri, eləcə də yaşayış, məişət və xidmət şəraiti, onların təchizatı ilə maraqlanılmış, ortaya çıxan problemlərin həlli ilə əlaqədar zəruri tədbirlərin görülməsi təmin edilmiş, eyni zamanda xidməti vəzifələrini nümunəvi icra edənlər müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.

İşin səmərəliliyini daha da artırmaq və qarşıya çıxan məsələləri operativ həll etmək məqsədilə 27 sentyabr 2020-ci il tarixdən Respublika Hərbi Prokurorluğunda operativ qərargah yaradılmış, ayrı-ayrı vaxtlarda hərbi prokuror və onun müavinləri də daxil olmaqla mərkəzi aparatın rəhbər və digər işçilərindən ibarət qruplar, həmçinin müvafiq ərazi hərbi prokurorluqlarının əməkdaşları döyüş bölgələrinə ezam edilmişlər. Onlar vəzifə funksiyalarını yerinə yetirməklə bərabər, müşahidələr aparmış və hərbi qulluqçuları dinləyərək hər hansı nöqsan, çatışmazlıq, problemlərin aradan qaldırılması məqsədilə səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmüş, eləcə də zəruri hallarda aidiyyəti üzrə müraciətlər edərək cavabdeh qurum və şəxslərin qarşısında məsələ qaldırılmasına nail olmuşlar. Eyni zamanda, hərbi hissələrdə həm səfərbərlik üzrə hərbi xidmətə çağırılmış, həm də müddətli həqiqi hərbi xidmətdə olan şəxslərlə, habelə komandir heyəti ilə fasiləsiz görüşlər keçirilərək, hərbi qulluqçuların əhval-ruhiyyəsi öyrənilmiş, onlarda vətənpərvərlik hislərinin və döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunmuşdur. Sadalananlarla bərabər, müvafiq tibb müəssisələrində müalicə alan hərbi qulluqçularla, o cümlədən onların səhhəti və müalicələrinin gedişi ilə mütəmadi olaraq maraqlanılmış, diqqət və qayğı göstərilmişdir.

Bu zəfər yürüşündə cəsur Azərbaycan hərbçiləri qətiyyətli sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı ərazilərimizdə düşmənin otuz ilə yaxın müddətdə qurduğu istehkamları, Ermənistanın hərbi texnikasını və hərbi infrastrukturunu, çoxsaylı canlı qüvvəsini və nəhayət “yenilməz Ermənistan ordusu” mifini darmadağın edərək, torpaqlarımızı qarış-qarış düşmən əsarətindən xilas etməklə, doğma torpaqlarımızda üçrəngli şanlı bayrağımızın dalğalandırmışlar.

Dövlət başçısı cənab İlham Əliyevin 13 aprel 2021-ci il tarixdə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda suallara verdiyi cavablar yenidən Ermənistanın ciddi narahatlığına və erməni xalqının təlaşa düşməsinə səbəb olub. Həmin konfransda cənab Prezident demişdir: “...Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik... Biz tariximizi yadda saxlayacağıq, ancaq Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur...”. Ölkə rəhbərimizin səsləndirdiyi bu fikirlər Ermənistanda böyük ajiotaja səbəb olub və təşviş yaradıb. Ermənilər yaxşı bilirlər ki, cənab Prezident İlham Əliyev verdiyi bütün vədləri daim yerinə yetirib.

Qeyd etmək zəruridir ki, Vətən savaşı dövründə Ali Baş Komandan kimi üzərinə düşən bütün vəzifələri yüksək məharətlə yerinə yetirən dövlət başçısı cənab İlham Əliyev, eyni zamanda, informasiya müharibəsinə də uğurla rəhbərlik edirdi. Davamlı olaraq xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində əcnəbi jurnalistlər tərəfindən məqsədli şəkildə ona ünvanlanan qərəzli, heç bir məntiqə sığmayan və həqiqətə uyğun olmayan təxribat xarakterli sualları təmkinlə və yüksək peşəkarlıqla, beynəlxalq hüquqa və tarixi faktlara əsaslanan zəngin məntiqli fikirləri ilə cavablandırmaqla onları “yerlərində otuzdurdu”. Cənab Prezident torpaqlarımızın işğal edilməsinə və bu münaqişədə Azərbaycanın haqlı tərəf olduğuna dünya ictimaiyyətini inandıra bildi.

Təbii ki, sadalanan bütün bu uğurlar müzəffər Ali Baş Komandanın mükəmməl siyasətinin və qətiyyətinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın şücaətinin və xalqımızın mübarizliyinin sayəsində mümkün olmuşdur. Beləliklə, ölkə başçısı rəhbərinə güvənən və ona arxalanan xalqın ümidlərini, həmişə olduğu kimi, növbəti dəfə də doğrultdu. Hər kəs bir daha gördü ki, möhtərəm Prezidentin liderlik nümunəsi digər dövlət başçılarına örnəkdir. Əminik ki, cənab İlham Əliyev kimi müdrik liderin və əzmkar xalqın Vətəni olan doğma Azərbaycanımızın növbəti uğurları qarşıdadır.



Xanlar VƏLIYEV,

Azərbaycan Respublikası baş prokurorunun müavini – Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı

Açar sözlər:

Oxunub: 777