Ümummilli liderin ideyaları yeni müstəvidə uğurla reallaşdırılır


12:44     07 May 2021 onpbfl7iavin8ftak3mimhp1b5heyder.jpg

"Hərbi Prokurorluq iççisi kimi döyüş əməliyyatlarının və ardıcıl zəfərlərin şahidi, eləcə də işğaldan azad olunmuş torpaqlara ilk ayaq basan şəxslərdən biri kimi xüsusi vurğulamaq istərdim ki, müşahidə etdiyim mənzərələrin unudulmaz təəssüratlarını sözlə ifadə etmək mümkün deyil"


Femida.az xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov "Respublika" qəzetində dərc edilən "Ümummilli liderin ideyaları yeni müstəvidə uğurla reallaşdırılır" adlı geniş məqaləsində yer alıb. Həmin məqaləni təqdim edirik:


Vətən və xalq qarşısındakı xidmətlərin müstəsna əhəmiyyəti

Haqq dünyasına köçdükdən sonra hafizələrdə qalmaq və xalqın qəlbində əbədi yaşamaq heç də hər kəsə nəsib olmur. Xalq yalnız sevdiyi insanları yadda saxlayır və onu daim qəlbində yaşadır. Bu sevgini isə yalnız Heydər Əliyev kimi millətini və dövlətini sevən vətənpərvər insanlar öz müstəsna xidmətləri ilə qazanır. Hər kəsə məlumdur ki, nəhəng tarixi şəxsiyyət Heydər Əliyev xalqı və vətəni qarşısında misilsiz xidmətləri ilə hələ sağlığında ikən “dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış və bu adı tarixin yaddaşında əbədi həkk etdirmişdir. Buna görə də, ulu öndər Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir və əminik ki, bu ənənə hər zaman davam etdiriləcəkdir.

Gənc yaşlarından dövlət təhlükəsizliyi orqanlarında qulluq keçən Heydər Əliyevin zəngin elmi, geniş dünyagörüşü, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, peşə biliklərini mükəmməl qavraması, nümunəvi xidməti, prinsipiallığı və mahir idarəçilik qabiliyyəti onun uğurlarının davamlılığını şərtləndirir və müxtəlif mükafatlarla təltif olunan, eləcə də ardıcıl olaraq vəzifədə irəli çəkilən ulu öndər 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəlir, elə həmin ildə də ona general-mayor ali hərbi rütbəsi verilir. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının təyin edilməsi, Azərbaycanın, o cümlədən bu orqanın tarixində yeni bir mərhələnin başlanğıcı idi. Heydər Əliyevin bu vəzifəyə gəlişi hər şeydən əvvəl Azərbaycan SSR DTK-nın uğuru idi, çünki artıq bu orqana səriştəli, təcrübəli və peşəkar, təhlükəsizlik sisteminin daxili iş mexanizmini, əməliyyat heyətinin qarşısında duran vəzifələri dərindən bilən, ən başlıcası isə xalqının milli maraqlarının təminatçısı olan azərbaycanlı rəhbərlik edəcəkdi.

14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi və digər maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün mümkün tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, tərəddüdü aradan qaldırmağa, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağa müvəffəq olmuş və azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşınında boğulmasının qarşısını qətiyyətlə almışdır. Bu sahədə kütləvi informasiya vasitələrinin əhəmiyyətini nəzərə alan müdrik lider Heydər Əliyev Azərbaycan KP MK-nın 20 mart 1970-ci il tarixli plenumundakı çıxışında onların fəaliyyətindən narazılığını ifadə edərək demişdir: “...Bəzən mətbuat, televiziya və radio işçiləri mədəniyyətin və məişətin inkişafına, xalqın mənəvi həyatına aid mühüm məsələləri lazımi səviyyədə işıqlandırmağı bacarmırlar...”. Bu kəsərli çıxışdan sonra mətbuatda, televiziya və radioda xalqın milli-mənəvi dəyərlərini, adət-ənənələrini, tarixini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini, folklorunu təbliğ edən materiallar əhəmiyyətli dərəcədə çoxalmış, milli irsi təcəssüm edən verilişlər ərsəyə gətirilmiş, ana dilinin təbliği istiqamətində konkret addımlar atılmışdır.



Bütün həyatını doğma xalqına və Azərbaycanın çiçəklənməsinə həsr etmiş ulu öndər milli maraqlara xidmət edən bir çox misli görünməmiş uğurlara imza atırdı ki, onlardan biri həyata keçirilən səmərəli fəaliyyət nəticəsində 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycanın Konstitusiyasında təsbit olunması idi. Heydər Əliyev hər zaman deyirdi: “...öz ana dilini bilməyən adamlar şikəst adamlardır...”. Bundan başqa, o dövrdə SSRİ məkanında analoqu olmayan hadisə baş verdi. Məhz Heydər Əliyevin səyi nəticəsində böyük dramaturq Hüseyn Cavidin nəşi 1982-ci ildə öz vətəninə, Azərbaycana gətirildi. Müdrik strateq Heydər Əliyevin bütün fəlsəfi konstruksiyası məhz xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Qalan hər şey, o cümlədən də iqtisadi inkişafın sürətli həyata keçirilməsi taktikası da milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin əsas təməlinə çevrilməli idi. Dahi lider Heydər Əliyev kifayət qədər mürəkkəb bir dövrdə azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına imkan verməməklə bərabər, milli düşüncə sahibi olan ziyalıları da qorumuşdur. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, o cümlədən ədiblərinin və şairlərinin xatirəsini əbədiləşdirməklə, onların əsərlərinin nəşrini təmin etməklə milli ədəbi düşüncənin də inkişafına təkan vermiş, həmçinin azərbaycanlıların necə zəngin tarixə, qədim soykökünə malik olduğunu dünyaya bəyan etdirmişdir. Qətiyyətli rəhbər Nizami Gəncəvinin və İmadəddin Nəsiminin yubileylərinin dünya miqyasında qeyd olunması ilə bağlı partiya qərarlarının verilməsinə belə nail olmuşdur.

Millətin birliyində, həmrəyliyində mühüm rola malik, müqəddəs dəyərlərin qorunmasında müstəsna əhəmiyyəti olan dinə hər zaman xüsusi ehtiramla yanaşan Heydər Əliyev, onun siyasi alətə çevrilməsinə, insanların saf inanclarının cəmiyyətdə gedən proseslərin təsiri ilə adiləşib dəyərini itirməsinə heç zaman imkan verməmişdir. Qeyd olunmalıdır ki, ulu öndər ölkədə islam dininin mütərəqqi dəyərlərinin təşviqinə, formalaşmasına və inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin də təşəkkül tapmasını, tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yaranmasına müyəssər ola bilmişdir.

İstiqlala və firavan istiqbala gedən yol

Ümummilli liderimiz hələ birinci dəfə ölkəmizə rəhbərlik etdiyi ilk günlərdən Azərbaycanı hərtərəfli və sürətli inkişaf etdirməklə müstəqil güclü dövlətə çevirməyi qarşısına məqsəd qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” - deyən Heydər Əliyev dərindən dərk edirdi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. Buna görə də, SSRİ-nin əyalətlərindən biri kimi yanaşıldığından 60-cı illərin sonlarına doğru həyatın bütün sahələrində, o cümlədən iqtisadi sahədə geriləyən, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı Azərbaycanda hakimiyyətə gələn dahi öndərin ilk işlərindən biri, respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün qarşısını almaqdan ibarət oldu. Heydər Əliyevin gərgin əməyinin, yorulmaz fəaliyyətinin və yüksək idarəçilik qabiliyyətinin sayəsində o illər ictimai və iqtisadi sahədəki köklü islahatlar, baş verən dəyişikliklər miqyasına və xalqın rifahının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində ən parlaq dövrü təşkil etmişdir. Heydər Əliyevin müstəqil dövlətçilik strateji proqramının özünəməxsusluğu onunla səciyyələnirdi ki, burada nəzərdə tutulan tədbirlərin icrası bir sahənin deyil, bütün sahələrin çoxşaxəli inkişafını və milliləşdirilməsini təmin edirdi.

Heydər Əliyevin milli müstəqil dövlət quruculuğuna gedən yolda gördüyü böyük işlər, SSRİ-nin daxili və xarici siyasəti çərçivəsində olsa da, Azərbaycanın xarici aləmlə iqtisadi, mədəni, elmi və sair sahədə əlaqələrinin genişləndirilməsinə xidmət edirdi. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunur, eləcə də SSRİ respublikaları və digər xarici ölkələrdə Azərbaycan elmi, mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar xarici ölkələrlə, orada yaşayan insanlarla əlaqələrin qurulmasına, azərbaycanlıların xalq olaraq özünəməxsus tarixi, mədəni ənənələrinin hər yerdə tanınmasına, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan mədəniyyət və elm mərkəzinə çevrilməsinə, nəticədə isə Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə hesablanmışdı.

Ulu öndərin dərindən düşünülmüş məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın aqrar-sənaye kompleksi də bir necə dəfə genişləndirildi və ölkənin nəinki ərzaq müstəqilliyi təmin olundu, üstəlik, daxili məhsulun yarısından da artıq çəkisi olan bir sahəyə çevrildi. Azərbaycanın rayonlarında yüzlərlə zavod və fabrik tikildi. Kəndlərdə əhalinin əksəriyyəti dövlətdən əməkhaqqı almağa başladı. İqtisadi yüksəliş sözsüz ki, bütün sahələrin inkişafına ciddi təkan verdi.



Azərbaycan inkişaf edib yüksəldikcə, onun rəhbərinin də nüfuzu artırdı. Heydər Əliyevin “Sosialist Əməyi Qəhrəmanı” fəxri adını alması, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd seçilməsi xalqımızı nə qədər qürurlandırırdısa, tarixi düşmənlərimiz olan erməniləri bir o qədər məyus edirdi. Bununla belə, onlar ilk vaxtlar bunu büruzə vermir, təfəkkür tərzlərinə xas olan yaltaqlıqla vəziyyətdən çıxmağa çalışırdılar. 1982-ci ildə böyük öndərimizin İttifaq rəhbərliyinin ən yüksək pillələrindən birinə - Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi isə ermənilər üçün qorxulu yuxuya çevrildi. Heydər Əliyevin Mərkəzi Komitənin Siyasi Bürosuna üzv seçilməsi və ikinci dəfə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adına layiq görülməsi onlara daha bir ağır zərbə oldu. Ümummilli liderimiz yeni vəzifənin də öhdəsindən layiqincə gəlirdi. Heydər Əliyevin şöhrəti artdıqca, ölkə rəhbərliyinin yüksək eşalonunda əyləşənlərin də ona qarşı qısqanclıq hissləri güclənirdi və bu ermənipərəst Qorbaçovun hakimiyyətə gəlişindən sonra açıq-aşkar nəzərə çarpırdı. Bu fürsətdən istifadə edən ermənilər onun vəzifədən uzaqlaşdırılması planını işə saldı. Bu prosesə dünyada məşhur olan erməni lobbisi də qoşulmuşdu. Öz əli ilə qurub-yaratdığı Azərbaycanda da bəzi qüvvələrin ona qarşı çıxması Heydər Əliyevi mənən ağrıdırdı. Bu səbəbdən Ulu Öndər 1987-ci ilin oktyabrında vəzifədən istefa verdi. Həmin dövrdə ölkədə yenidənqurma pərdəsi altında bir-birindən mürəkkəb proseslər cərəyan edirdi. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək ideyası da ortaya atıldı. Buna qədər Heydər Əliyev amili, onun gücü, dəmir iradəsi və qüdrəti erməni millətçilərini bu kimi çirkin fikirlərdən çəkindirirdi. Təsadüfi deyildir ki, erməni millətçiləri Dağlıq Qarabağ məsələsini 1987-ci ildə onun siyasi rəhbərlikdən getməsindən heç iki həftə keçməmiş qaldırdı və Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirmək fikrini ortaya atdı. Bununla əlaqədar Xankəndidə və Ermənistanda fasiləsiz mitinqlər başlandı. Əlbəttə, o vaxtkı Azərbaycan rəhbərliyi bu təxribatların qarşısında aciz olduğundan öz qətiyyətli mövqeyini ortaya qoya bilməzdi.


Böyük qayıdış hərtərəfli uğurları şərtləndirdi

Sirr deyil ki, Siyasi Bürodan uzaqlaşmağa qərar vermiş Heydər Əliyevin 20 Yanvar faciəsi baş verənədək fəal siyasətlə məşğul olmaq niyyəti yox idi. Ancaq ulu öndər bu hadisəyə biganə qala bilməzdi və qalmadı da. Onun 1990-cı ilin sərt qış günlərində Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək respublikada 20 Yanvar faciəsini törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən qətiyyətli bəyanatla çıxış etməklə, Azərbaycan xalqının yanında olduğunu bildirməsi, yeni tarixi epoxanın başlanğıcında Heydər Əliyevin müstəqillik uğrundakı mübarizəsinin başlanğıcı kimi böyük əhəmiyyət kəsb edirdi.

Təbii olaraq bundan sonra ona qarşı təzyiqlər və təxribatlar kampaniyası geniş vüsət aldı. Həmin kampaniya daxilində hətta onu həbs etmək də istəmişlər. Buna baxmayaraq o, heç nədən və heç kimdən çəkinməyərək Azərbaycana üz tutsa da, ona Bakıda yaşamağa imkan vermədikləri üçün doğulub boya-başa çatdığı Naxçıvana qayıtdı. Naxçıvanda xalq onu, o, isə xalqı müdafiə etdi. Qeyd olunmalıdır ki, həmin vaxt ermənilərin məkrli niyyəti Naxçıvana da yönəlmişdi, onların planlarında buranın işğalı da nəzərdə tutulmuşdu. Ulu öndər buna imkan verməyərək erməniləri yerində oturtmaqla, Naxçıvanı qorudu və bununla da müstəqilliyin əldə edilməsi üçün həlledici addımlar atdı. Məhz onun təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı elan edildi və Azərbaycanın Ali Məclisinə bu bayrağın dövlət bayrağı kimi qəbul edilməsi barədə vəsatət göndərildi. Bununla yanaşı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək “Sovet Sosialist” sözlərinin çıxarılması da müstəqilliyə doğru gedən yolda atılan çox ciddi addımlardan biri idi. Göründüyü kimi, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol dahi öndərin təşəbbüsü, uzaqgörən təfəkkürü, gərgin əməyi, dərin düşüncəsi, iti zəkası, cəsarəti və qətiyyəti hesabına Naxçıvandan başlamışdır.

Hadisələrin məntiqi davamı olaraq, 1992-ci ilin noyabrında siyasi platforması Azərbaycanın parlaq gələcəyindən xəbər verən Yeni Azərbaycan Partiyası yaradıldı. Yeni Azərbaycan Partiyası öz düzgün fəaliyyəti, həmçinin bilavasitə xalqa və milli maraqlara xidməti sayəsində qısa zaman kəsiyində, 1993-cü ildə iqtidar partiyasına çevrildi. Azərbaycan xalqı növbəti dəfə müdrikliyini göstərib öz dahi rəhbərinə üz tutaraq onun hakimiyyətə gəlməsini təkidlə xahiş etməklə Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsini reallaşdırdı. Azərbaycanını və xalqını canından çox sevən ulu öndərin bu anda başqa seçimi yox idi. Heydər Əliyev Bakıya gəldi və həmin anda həll edilməli olan ən ümdə məsələni - vətəndaş müharibəsinin dayandırılmasını həll etdi. Bundan sonra, Azərbaycanda sabitlik yarandı və bu böyük islahatların başlanmasına rəvac verdi.
Hər kəsə məlumdur ki, o illərdə Azərbaycan vətəndaş müharibəsindən təzəcə qurtulmuş, atəşkəs rejimini yenicə əldə etmiş ölkə olduğundan, həmin vaxtlarda Azərbaycana sərmayə gətirmək, investorları sərmayə qoymaq üçün həvəsləndirmək, onları inandırmaq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ idi. Ancaq bütün bunlara baxmayaraq, ulu öndər 1994-cü ilin sentyabr ayında Azərbaycanın müstəqillik tarixində mühüm əhəmiyyəti olan “Əsrin müqaviləsi” kimi bir müqavilənin bağlanılmasına nail oldu. O da məlumdur ki, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında gərgin əməyi olan ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini öz əlləri ilə qoymuşdur. Bundan sonra, bu gün Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsi reallaşdı.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş iqtisadi islahatların sayəsində sürətlə qüdrətlənən Azərbaycanda paralel olaraq digər sahələrdə, o cümlədən hüquq sahəsində əsaslı islahatların aparılmasına zəmin yarandı. 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda cinayətkarlığa qarşı mübarizə gücləndirilərək qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu barədə danışılarkən ulu öndərin 9 avqust 1994-cü il tarixdə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmanının əvəzsiz rolu xüsusi vurğulanmalıdır. Bu sahədə aparılan islahatlar, o cümlədən sözügedən fərman əsasında hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, xüsusən də, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər edildi. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanını verdi. Məhz ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu ali hüquqi akt ölkəmizin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası isə aparılan humanist siyasətin bariz nümunəsi idi. Xüsusi vurğulanmalıdır ki, 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılmış, həmçinin onun təşəbbüsü ilə Milli Məclisin bu dövrdə qəbul etdiyi yeddi “Amnistiya haqqında” qərarı 60 mindən artıq şəxsə şamil edilmişdir.



Azərbaycan etibarlı əllərdədir

Tarixi proseslərin təhlili və müxtəlif dövrlərin təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, varislik prinsipinə riayət edilmədən dinamik inkişaf, xalqın rifahına xidmət edən ideyalar məcmusunun reallaşmasının davamlı xarakter alması mümkün deyil. Belə ki, bu halda mövcud olan mütərəqqi ideyalar aşınmalara məruz qalaraq məhvə məhkum ola bilər. Buna görə də, xalqa, cəmiyyətə xidmət edən ideyaların sivil qaydada, demokratik prinsiplər əsasında ötürülməsi cəmiyyətin inkişafı üçün çox vacib amildir. Bu mənada siyasi sələfindən estafet kimi qəbul etdiyi strateji inkişaf kursunu daha da təkmilləşdirməklə zənginləşdirən və yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə reallaşdıran Prezident İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədləri gördüyü işlərlə doğruldaraq hər bir vətəndaşın Prezidenti olduğunu sübuta yetirmiş, milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaratmışdır. Möhkəm siyasi iradəsi, qətiyyəti, məqsədə doğru inamla irəliləməsi, yüksək erudisiyası, praqmatizmi, təvazökarlığı və sadəliyi, ən əsası Heydər Əliyev siyasi kursunun etibarlı qarantı olması ölkə liderinə xalqın böyük rəğbətini qazandırmışdır. Onun 11 aprel 2018-ci il tarixdə keçirilmiş Prezident seçkilərindəki növbəti parlaq qələbəsi dediklərimizi bir daha təsdiq etmişdir. Möhtərəm Prezident İlham Əliyevin özünü xalqın birinci xidmətçisi kimi bəyan etməsi də məhz Heydər Əliyev ideoloji kursuna, onun siyasi irsinə sədaqətinin göstəricisidir. Xalqına bağlılığını və xalqla iqtidar arasında olan sıx birliyi təcəssüm etdirən belə bir optimist mövqeyin 2003-cü ildən bəri getdikcə daha da möhkəmləndirilməsinin nəticəsidir ki, bu gün respublikamızın dinamik inkişafını təmin edən fundamental istiqamətlər sürətlə reallaşır. Azərbaycana ulu öndərin zəngin dövlət idarəçiliyi təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş İlham Əliyev kimi müdrik bir siyasətçi rəhbərlik edir və Heydər Əliyev siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirir. Möhtərəm Prezident İlham Əliyev dövlət idarəçiliyinin möhkəm təməl prinsipləri əsasında Azərbaycanın sürətlə qüdrətlənməsinin təmin edilməsini özünəməxsus peşəkarlıqla bacarmaqla yanaşı, onun davamlılığının yüksək templə inkişafını bu gün də uğurla davam etdirir. Azərbaycanda əldə edilən iqtisadi mənfəətlərin bu gün qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır, informasiyalı cəmiyyət formalaşır, informasiya texnologiyalarının son nailiyyətləri daha böyük sürətlə Azərbaycanın həyatının ayrılmaz bir hissəsinə çevrilir. Bütün bunlarla yanaşı, ölkədə aparılan demokratik islahatlar getdikcə daha geniş vüsət alır, insan hüquq və azadlıqlarının təminatı sistemi daha da mükəmməlləşdirilir, Azərbaycanda tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar möhkəmləndirilir, respublikamızda vətəndaş cəmiyyəti formalaşdırılır. Hər bir vətəndaş onunla dövlət arasındakı münasibətlərdə müəyyən edilmiş rol və vəzifələri, mənsub olduğu dövlətin bu gününə və gələcəyinə görə daşıdığı məsuliyyəti daha aydın görür, hər addımında buna riayət etməyə çalışır.

Bu gün Azərbaycanın yüksək templə hərtərəfli qüdrətlənməsindən danışarkən, xalqına və həyat yoldaşına olan sədaqəti, davranışı, elmi bilikləri, dərin düşüncəsi, peşəkar idarəçilik qabiliyyəti və digər bu kimi əsl Azərbaycan xanımına xas müsbət cəhətləri ilə bütün dünya qadınlarına örnək olan Mehriban xanım Əliyevanın dövlət və xalq qarşısında genişmiqyaslı fəaliyyəti haqqında danışmamaq mümkün deyil. Onun ölkənin Birinci vitse-prezidenti kimi mühüm dövlət postuna gəlişi hazırkı inkişafımızın daha da sürətlənməsinə və uğurlarımızın davamlılığına, həmçinin milli maraqlara hesablanmış bir qərar idi. Heç kəsə sirr deyil ki, xalqımızın qəlbində Mehriban xanıma dərin inam və etimad var. İnsanların öz dərd-səri ilə dolu olan müraciətlərinin çox böyük bir hissəsinin ona ünvanlanması bunun aşkar göstəricisidir. Bu həm də dövlətimizin ədalət gücünə olan inamdır. Prezidentin sosialyönümlü siyasətinin gerçəkləşməsində də, Mehriban xanımın zəhməti və fəaliyyəti misilsizdir. Təbiidir ki, vaxtilə onun xarici və daxili siyasətdə apardığı və bütün dünyada etiraf olunan fəaliyyəti hazırda yeni statusda daha yüksək səmərəliliklə davam edir, bu da öz növbəsində xalqımızın və dövlətimizin yeni uğurlarını şərtləndirir.



Möhtəşəm 44 gün — Prezident—xalq birliyinin təntənəsi

Ulu öndərin mükəmməl siyasətinin onun ən layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edərkən Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəni xüsusi vurğulamaq lazımdır. Ümummilli lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında növbəti təxribatlara başlayan Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da ikinci Qarabağ müharibəsi başladı. Bütün xalq Vətən müharibəsinin qələbə ilə başa çatmasını qarşıya məqsəd qoydu. Dövlət başçısı cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı dillərdə əzbər olmaqla xalqı öz liderinin ətrafında daha da sıx birləşdirərək mülki vətəndaşlarda mübarizə əzmi, hərbçilərimizdə isə böyük ruh yüksəkliyi yaratdı. Ermənistanın növbəti təxribatlarının qarşısını almaq və düşməni sülhə sövq etmək məqsədilə gedən 44 günlük müharibədə müdrik və qətiyyətli Ali Baş Komandan və onun rəhbərlik etdiyi qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri şanlı tarix yazmağa müvəffəq oldular. Elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vuran qəhrəman övladların sayəsində qısa zamanda ardıcıl uğurlar qazanılmaqla kəndlərimizin, qəsəbələrimizin, yaşayış məntəqələrimizin, eləcə də şəhərlərimizin, o cümlədən Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və nəhayət Şuşanın işğaldan azad olunması Ermənistanı sülhə sövq etdi və bu biçarə düşmənin kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Bununla da, haqq mübarizəsi hərbi-siyasi qələbəmizlə başa çatdı və ədalət bərpa olundu. Hərbi Prokurorluq işçisi olaraq qeyd olunan dövrlərdə bilavasitə döyüş əməliyyatlarının və əldə olunan ardıcıl zəfərlərin şahidi, eləcə də işğaldan azad olunmuş torpaqlara ilk ayaq basan şəxslərdən biri kimi xüsusi vurğulamaq istərdim ki, müşahidə etdiyim mənzərələrin unudulmaz təəssüratlarını sözlə ifadə etmək mümkün deyil. Ardınca Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən və şəhid verilmədən işğaldan azad edilməsi isə hər birimizdə ömür boyu xatırlanacaq xoş ovqat yaratdı.

Xüsusi vurğulanmalıdır ki, Vətən müharibəsi zamanı Azərbaycan cəmiyyətində indiyə qədər görünməmiş birlik və həmrəylik yaşandı. Cəbhədə şiddətli döyüşlərin getdiyi bir vaxtda siyasi partiya və təşkilatlar, həmçinin ayrı-ayrı tanınmış ictimai-siyasi xadimlər, bütün ziyalılar xalqın, dövlətin, Ali Baş Komandanın, ordunun yanında olduqlarını bəyan edir, ümummilli məsələ ətrafında birlik nümayiş etdirirdilər. Təbii ki, qazanılan bu möhtəşəm qələbə müdrik və yenilməz sərkərdəsi olan qüdrətli ordu və ona dəstək verən əzmkar xalq birliyinin nəticəsi idi.

Hələ 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda uzaqgörən lider İlham Əliyev demişdir: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Bəli, gözlənilən o möhtəşəm gün gəldi. Dekabrın 10-da paytaxtımızın ən böyük meydanı olan Azadlıq meydanında Vətən müharibəsindəki qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Paradın keçirildiyi gün təsadüfi seçilməmiş, düşmənin cəfəng “müstəqillik” tarixinin yaddaşlardan silinməsinə hesablanmışdır. Bu münasibətlə keçirilən möhtəşəm parad böyük zəhmətin, eləcə də uzun illər ərzində görülmüş nəhəng işlərin bəhrəsi idi. Azərbaycan xalqı tarixi ədalətin bərpa edilməsini bayram edərək müstəqillik illərində əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə rəsmən elan etdi.

Hər kəsə məlumdur ki, bundan öncə də həmin meydanda bir neçə parad keçirilmişdir. Bu paradın əvvəlki paradlardan fərqi ondan ibarət idi ki, həmin gün, meydandan düşmən ordusunu darmadağın etməklə ərazi bütövlüyümüzü təmin etmiş Müzəffər Ordu keçirdi. Hər birimizi hədsiz qürurlandıran və hələ də təəssüratlarının təsiri altında olduğumuz bu parad müstəqil Azərbaycanın ilk Zəfər paradı idi. Eyni zamanda, Türkiyə-Azərbaycan əbədi qardaşlığının növbəti təzahürü olan bu hərbi parad həm də Azərbaycanı sevməyən ermənipərəst dövlətlər üçün böyük əhəmiyyətli siyasi bir eyham oldu.

Ümummilli lider Heydər Əliyevin müasir tələblərə uyğun gerçəkləşdirilən ali və ölməz ideyalarının ölkəmizə, eləcə də xalqımıza qazandırdığı sadaladığımız bütün bu uğurlar qəti əminliklə onu deməyə əsas verir ki, bu mütərəqqi ideyaların müəllifi millətimizin qəlbində əbədi olaraq yaşayacaqdır.

Rasim KAZIMOV,
Azərbaycan Respublikası
Hərbi prokurorunun müavini,
ədliyyə general-mayoru.

Açar sözlər:

Oxunub: 721