Ümummilli Liderimiz milli ideologiyamızın yaradıcısıdır


18:58     07 May 2021 21_05_07_1620399927.jpg


Bizim milli ideologiyamızın konsepsiyası olmalıdır. Şübhəsiz ki, bu konsepsiya tarixi keçmişimizin, milli, mədəni, dini ənənələrimiz üzərində qurulmalıdır. Biz XX əsrdə cürbəcür mərhələlərdən keçdik, ayrı-ayrı ideologiyaların təsiri altında qaldıq.İndi xalqımız hər cəhətdən azaddır. Ona görə də lazımdır ki, ümumiyyətlə, düşünən beyinlərimiz, alimlərimiz və o cümlədən, təhsil sahəsində çalışan müəllim ordusu milli ideologiyamızın formalaşması üçün öz fəaliyyətini göstərsin. Bu ideologiyanı qurmaq, yaratmaq, təşkil etmək, eyni zamanda əməli surətdə həyata keçirmək lazımdır.

HEYDƏR ƏLİYEV
Ümummilli lider

Həyatımızın elə bir sahəsi yoxdur ki, oradakı inkişaf, tərəqqi ümummilli liderimizin adı ilə bağlı olmasın. Məsələn, bütün dünya da bu həqiqəti qəbul edir ki, Azərbaycanın yeni neft strategiyası Heydər Əliyevin gərgin zəhməti sayəsində reallığa çevrildi. 1993-cü ildə artıq Azərbaycanın parçalanacağını gözləyən, eyni zamanda, o vaxtkı iqtidarın tamamilə ölkəmizin mənafeyinə zidd siyasəti nəticəsində bizdən üz döndərən bir çox iri dövlətlər bu siyasət nəhənginin gərgin zəhməti ilə 1994-cü il sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi" kimi tarixə düşən sazişi imzaladılar. Bununla Azərbaycanda sabitliyə, inkişafa əmin olduqlarını bəyan etmiş oldular. Həmçinin, ölkəmizin müstəqilliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü dəstəklədilər.

Artıq 1995-ci ildə daxili və xarici düşmənlərimiz dərk etdilər ki, onlar Heydər Əliyev siyasətinin, dövlət quruculuğu təcrübəsinin qarşısında acizdilər. Azərbaycan ümummilli liderimizin dediyi kimi, "...bundan sonra başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək". Bəli, ölkəmizə diş qıcayan məkrli düşmənlərin geri çəkilməsi də, dövlət quruculuğunda əsas şərt sayılan sabitliyin yaranması da ümummilli liderimizin adı ilə bağlıdır.

Müstəqilliyimizin möhkəmlənməsində, hüquqi, demokratik dövlət quruculuğu işində ilk milli Konstitusiyamızın xüsusi yeri var. "Heydər Əliyev Konstitusiyası" kimi tarixə düşən Əsas Qanunumuz insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsi sahəsində mükəmməl bir sənəddir. Odur ki, bir çox ekspertlər haqlı olaraq Konstitusiyamızı "İnsan hüquqları manifesti" də adlandırırlar. Bu, ümummilli liderimizin xidmətləridir.

Ölkəmizdə Avropa dəyərlərinə uyğun aparılan hüquqi islahatlar da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Hüquq qaydalarının, qanunçuluğun möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsinə görə üçpilləli məhkəmə sistemimizin yaradılması, yeni, müasir tələblərə uyğun hakim korpusunun formalaşdırılması Heydər Əliyevin xidmətləridir.

Şərqdə ilk dəfə ölüm cəzasının ləğv edilməsi Azərbaycanda baş tutdu. Bu gün də bir sıra inkişaf etmiş ölkələrdə hələ də qüvvədə olan bu cəza növünün ölkəmizdə ləğv edilməsi çox cəsarətli addım idi və onu ümummilli liderimiz reallaşdırdı. Tarixə belə həkk olundu, belə də qalacaq və yüz illər sonra da insan hüquqlarının müdafiəçiləri bu mövzudan danışanda ümummilli liderimizi hörmət və izzətlə yad edəcəklər.

Bütün dünyanın bəhrələnəcəyi Böyük İpək yolu çox qədim ticarət marşrutudur. Uzun illərdir ki, dünya alimləri bu sahədə baş sındırır, Şərqlə Qərbi, ümummiyyətlə dünyanı dolaşan təhlükəsiz və səmərəli nəqliyyat yolu haqqında düşünürlər. Böyük-böyük elmi-tədqiqat institutları bu problemlə məşğuldurlar. Ümummilli liderimiz dünyada yeni müharibə ocaqlarının getdikcə artdığı, Şərqlə Qərbin ziddiyyətli bir dövründə bu qədim İpək yolunun bərpasını gündəmə gətirdi və məntiqlə sübut etdi ki, bu yola alternativ heç bir layihə ola bilməz. Təbii ki, bu layihədə əsas keçid Azərbaycandır və illər keçdikcə onun bəhrəsini daha çox görəcəyik.

Heydər Əliyev Azərbaycanın enerji təhlükəsizliyini etibarlı təmin etmək üçün hələ 1969-1982-ci illərdən iri layihələr həyata keçirməyə başladı. Müstəqillik dövründə bu işlər daha geniş formada davam etdirildi. Bu gün isə həmin strategiya Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Bu məsələ hər bir dövlət üçün çox mühüm, həyati əhəmiyyətli bir işdir, dövlətin müstəqilliyinə qarant duran, digər ölkələrdən asılılığına imkan verməyən taleyüklü məsələdir. Ümummilli liderimiz bu sahədə də zəruri olan hər şeyi edib.

Ümummilli liderimiz istər birinci dəfə, istərsə də ikinci dəfə Azərbaycanda hakimiyyətə gələndə siyasətdə bir səviyyəsizlik, bəsitlik vardı. Böyük siyasətçi bunlara son qoydu, dövlətin idarə olunmasında, xarici və daxili siyasətində bir məktəb yaratdı.

Bu siyahını istənilən qədər uzatmaq olar. Hansı sahəni götürsək, orada ümummilli liderimizin işini, əməlini görəcəyik. Həmin sahənin qurucusu, yaradıcısı Heydər Əliyevin olduğunun təsdiqini görəcəyik. Bunların arasında hər birimizin diqqətini çəkən çox vacib, onun hazırlanması üçün yüksək ağıl, zəka, dünya dövlətlərinin tarixini və təcrübəsini bilmək, uzaqgörənlik, öz xalqını sevmək kimi mühüm şərtlərin olmasını tələb edən bir məsələ də var. Bu da dövlətin milli ideologiyasıdır. Bu da birmənalı olaraq ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Milli ideologiyamızın konsepsiyasını ulu öndərimiz diktə etdi, onun əsaslarını göstərdi, inkişaf istiqamətlərini müəyyən etdi.

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti ölkədə demokratik bir cəmiyyət qurmaq üçün çox işlər gördü. On yeddi ay fəaliyyət göstərən parlament çox mühüm qanunlar, qərarlar qəbul etdi. Hətta bu qısa zamanda milli ideologiyamızı müəyyən etdi. Bu ideologiyanın konsepsiyaları da qismən aydın idi. Üçrəngli bayrağımızda bunlar əksini tapmışdı. Ancaq onları inkişaf etdirməyə, formalaşdırmağa demokratik respublikanın mövcud olduğu 23 ayda mümkün olmadı. Bolşevik istilası hər şeyi yarımçıq qoydu. Əsrin sonunda - müstəqilliyimiz bərpa olunandan sonra ADR-in ənənələrini davam etdiriləcəyi bəyan edilsə də ilk illər bu yolda heç nə etmək mümkün olmadı. Çünki ümummilli liderimizin dediyi kimi, ölkəyə rəhbərlik etmək üçün təkcə istək, iddia azdır. Gərək biliyin, bacarığın, elmin, savadın buna çatsın. İkincisi, güclü iradəyə, xarakterə malik olmalısan. Üçüncüsü, idarəçilik, dövlətquruculuğutəcrübənolmalıdır.

Təbii ki, hər bir dövlətin ideologiyası olur. Və bu ideologiya dünyəvi və milli dəyərlərlə zəngin olanda həmin dövlətin inkişafı da yüksək keyfiyyətlərə cavab verir. Yəni həm xalqın milli, mədəni, dini ənənələri yaşadılır, inkişaf etdirilir, həm də həmin dövlətin inkişaf edən ölkələrə inteqrasiyası baş verir. Əgər bunlar paralel inkişaf etdirilməsə, onda ölkənin tərəqqisi də olmaz.

Çox-çox təəssüflər ki, müstəqilliyimizin ilk illəri hakimiyyətdə olanların və buna can atanların heç birində bu keyfiyyətlər yox idi və milli ideologiyanın mahiyyətini olduğu kimi dərk etmir, onu dövlət quruculuğu prinsipləri ilə uyğunlaşdıra bilmirdilər. Daha doğrusu, ADR-in təcrübəsi olsa belə dövlətin milli ideologiyasını müəyyən edə bilmirdilər. Əksinə, şəxsi ambisiyalarla çıxış edənlər ölkənin inkişafını bütün sahələrdə ləngidir, daha doğrusu, onun dayaqlarını laxladırdı. İqtisadiyyatdakı və siyasətdəki uğursuzluqlar ölkəni uçuruma aparırdı. Hərə ölkəni bir tərəfə çəkirdi. Hakimiyyət uğrunda "mübarizəyə qoşulanlar"ın hərəsi bir xarici dövlətin ətəyindən yapışmışdı. Onların göstərişləri ilə oturub-dururdular. Təbii ki, bu asılılıq heç vaxt müstəqil siyasət yeritməyə imkan verməzdi. Xarici qüvvələr öz ideologiyalarını diqtə edirdilər. Bu isə azərbaycançılıq ideyasından, milli ideologiyadan çox uzaq bir iş idi.

Azərbaycançılıq anlayışını qanı, canı ilə duymayan kəslər milli ideologiyamızı yaratmağa, inkişaf etdirməyə, formalaşdırmağa ağlı, zəkası, iradəsi, qətiyyəti çatmazdı.

Tarixi təcrübə də təsdiqləyir ki, milli ideologiyası olmayan dövlət müstəqil ola bilməz. Yad təsirlərə məruz qalar, nəticədə yad ideologiyaya xidmət edər. Kənar ideologiyaya xidmət etmək isə elə başqasının təsiri altında olmaq kimi bir şeydir. Ümummilli liderimiz Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdə - milli ideologiyanı formalaşdırmağın mümkün olmadığı dövrdə o, azərbaycançılıq ideyasını inkişaf etdirdi. Azərbaycan dilinin inkişaf etdirilməsi, bunun davamı olaraq 1978-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dili "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" kimi təsbit olunması, tariximizi saxtalaşdıranlara qarşı Heydər Əliyevin sərt mövqeyi, bütün sahələr üzrə milli kadrların hazırlanması sovet ideologiyasının içində azərbaycançılığı formalaşdırır, milli ruhu yüksəldirdi.

Bütün bunlar ardıcıl aparıldığından xalqın milli yaddaşını təzələdi. İmperiyanın ciddi qadağalarına baxmayaraq, şüurlardakı bu intibah getdikcə qarşısıalınmaz prosesə çevrildi. Və artıq əsrin sonunda alovlandı. O illərdə milli ruhlu bəzi əsərlərin yaranması, yeni sənət əsərlərinin ortaya çıxması, dilçilərin və tarixçilərin xalqın milli ruhundan qaynaqlanan yeni tədqiqat əsərləri yazmaları da bu proseslərin məntiqi nəticəsi idi.

Min dəfə təəssüflər olsun ki, müstəqilliyimizi yenidən qazananda bu dəyərlər inkişaf etdirilmədi, dövlət tərəfindən bu taleyüklü məsələyə diqqət yetirilmədi. Bunu elmi şəkildə hazırlayıb ortaya qoyan zəka sahibi olmadı. Odur ki, dövlət quruculuğu işi də yubanırdı. 1993-cü ilin iyununda xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan ümummilli liderimiz ilk vaxtlar ölkəni fəlakətdən xilas etdi. Dövlətçiliyi qorudu. Yalnız bundan sonra milli ideologiyamızın formalaşması üçün qəti addımlar atdı. Daha doğrusu, ölkədə həyata keçirilən bütün islahatlar bu ideologiyaya xidmət edirdi, onu formalaşdırırdı. İndi onu sistemli şəkildə öyrənmək, fəaliyyətimizə tətbiq etmək, proqram şəklində yeni nəslə öyrətmək məsələsi gündəlikdə dururdu. Məhz buna görə, 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 6-cı ildönümünə həsr olunmuş mərasimində ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Milli İdeologiyası haqqında geniş nitq söylədi, onun əsaslarını şərh etdi. Bildirdi ki, bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə, həm sosial-iqtisadi sahədə gördüyümüz işlər milli ideologiyamızın üzərində qurulur. Hər kəs öz fəaliyyətini düzgün nizamlamaq, dövlətçiliyə xidmət etmək üçün bu ideologiyanın əsaslarını bilməli və işini də onun əsaslarına uyğun qurmalıdır.

Odur ki, ümummilli liderimiz bu nitqində milli ideologiya və onun əsasları haqqında da geniş məlumat verdi. Qeyd etdi ki, milli ideologiyanın əsasını birinci dövlətçilik təşkil edir: "Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır". Odur ki, böyük öndər tövsiyə edirdi: milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun. Çünki əks halda bu ideologiya formalaşa bilməz, yad təsirlərə tez məruz qalar, zərbə altına düşər.

Ümummilli liderimiz bu məsələdə qardaş Türkiyəni örnək kimi göstərirdi. Qeyd edirdi ki, Türkiyədə insanlarda milli vətənpərvərlik hissi, Vətənə sədaqət hissi çox yüksəkdir. Türkiyənin belə güclü, qüdrətli dövlət olması ilk növbədə bu amillə - milli vətənpərvərlik, milli qürur hissləri ilə bağlıdır: "Gərək hər bir vətəndaş öz Vətəninə görə, öz millətinə görə, öz xalqına görə, öz ana dilinə görə milli qürur hissi keçirsin, azərbaycanlı olması ilə fəxr etsin". Ümummilli liderimiz fəxr edirdi azərbaycanlı olmağı ilə: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm, mən azərbaycanlıyam". Çünki bu hisslər - milli vətənpərvərlik, milli qürur hissi olmasa dövlətçiliyi yaşatmaq çətindir. Dövlət dövlətçiliyi möhkəmləndirirsə, bunun üçün cəmiyyətə arxalanır. Çünki bu siyasət söz olaraq, yalnız dildə deyilirsə, kağız üzərində qalırsa onun heç bir əhəmiyyəti olmayacaq. Ümummilli liderimiz bu məsələni çox incəliklə şərh etdi. Bildirdi ki, cəmiyyət insanlardan ibarətdir. İnsanların hər biri gərək əsl vətəndaş olsun, vətənpərvər, milli qürur hissi ilə yaşayan insan olsun. Çünki dövlətçiliyi inkişaf etdirən vətəndaşlardır. Odur ki, böyük öndər bunu milli ideologiyamızın əsas hissəsi adlandırırdı. Dövlətçilik yoxdursa, milli ideologiyadan da söhbət gedə bilməz.

Böyük dövlət qurucusu Heydər Əliyev həmin nitqində bildirdi ki, milli ideologiyamızın ikinci hissəsi milli-mənəvi dəyərlərimizdir: "Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz".

Bəs milli-mənəvi dəyərlərimizin əsasları hansılardır? Ümummilli liderimiz sözügedən nitqində milli-mənəvi dəyərlərimizin də əsaslarını şərh etdi, əsaslandırdı: "Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs Qurani-Şərifdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın siyasi və dövlət xadimləri, böyük elm və mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət-ənənələrimizdir. Bu, bizim milli-əxlaqi mentalitetimizdir, bu, bizim bütün başqa mənəvi dəyərlərimizdir".

Dünyada bütün xalqların milli-mənəvi dəyərləri var. Amma elə "dəyərlər" var ki, onu "el içinə çıxartmaq", kiməsə göstərib, öyrənmək olmur. Çünki onu sivilizasiya qəbul etmir. Bəlkə də, belə qüsurlu adətlər bütün xalqlarda olub. Amma onlar inkişaf etdikcə bundan xilas olublar. Söhbət ondan gedir ki, dəyərlər 5 əsrə, 10 əsrə formalaşmır, uzun zaman gərək olur. Sonralar mənimsənilən adətlər müsbət təcrübədə əsrlərin sınağından çıxmış həmin dəyərlərə uyğunlaşdırılıb qəbul edilir. Böyük öndərimiz fəxrlə deyirdi ki, biz qürur duymalıyıq ki, bizim milli-mənəvi dəyərlərimiz bizi utandırmır, heç nəyə ləkə salmır, əksinə bizi xalqlar yanında başı uca edir. Bu da xalqımızın çox zəngin mədəniyyətə, əxlaqa, tarixə malik olduğunu təsdiqləyir. Sovet hakimiyyəti dövründə kommunist ideologiyası vardı. Və bu ideologiya bizim milli-mənəvi dəyərlərimizi sıxışdırmaq istəyirdi. Ancaq sovet ideologiyasının şüurlarda kök salmasına nə qədər güc tətbiq edilsə də, milli-mənəvi dəyərlərimizə üstün gələ bilmirdi. Çünki milli-mənəvi dəyərlərimiz çox dərin köklərə malikdir. Odur ki, bu dəyərləri heç laxlada da bilmədilər.

Və yaxud başqa bir yanaşma. İçimizdən çıxıb, özümüzü bəyənməyənlər də vardı. O illərdə, bu gün də belələri var. Milli dəyərlərimizi köhnəlik sayırdılar, özlərini qabaqcıl, bilikli, mütərəqqi insanlar hesab edirdilər. Ancaq yanılırdılar. Nə qədər çalışsalar da heç kim qan yaddaşımızdan bu dəyərləri silə bilmədi. Çünki milli dəyərlərimizə yad olanları zorla adətlərimizə çevirmək olmur. Nə qədər təsirli vasitələr tətbiq edilsə də, müəyyən mərhələdən sonra o özü çıxdaş olur.Çünki zorla xalqın varını, dövlətini almaq olar, sərvətlərini talamaq olar, ancaq milli-mənəvi dəyərlərini almaq olmaz, o qanda yaşayır. Qan yaddaşını isə heç nə ilə silmək olmur. Amma, böyük öndərimizin dediyi kimi, "bəzi konyuktur xarakterli insanlar bizim öz milli-mənəvi dəyərlərimizə xor baxırdılar, özlərini onlardan ayırmaq istəyirdilər. Guya ki, "bu geri qalmış bir şeydir, bizim keçmişdə olan adətlərimizdir, biz bundan deyilik, biz qabaqcılıq, nə bilim mütərəqqiyik, filanıq". Ümummillil iderimiz deyirdi: "Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim adət-ənənələrimizdir. Bir də təkrar edirəm, bizim milli-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır". Bəli, milli ideologiyamızın bir istiqaməti olan bu dəyərləri heç bir qüvvə sarsıda bilmədi. Kommunist ideologiyasının dilimizə, dinimizə, adət-ənənələrimizə gücü çatmadı. Qoruyub, saxladıq. Odur ki, ümummilli liderimiz hamıya tövsiyə edirdi ki, indi bu ideologiyanı inkişaf etdirmək, genişləndirmək lazımdır.

Ümummilli liderimiz milli ideologiyamızla bağlı söylədiyi nitqində maraqlı bir əhvalat da danışdı. Dedi ki, ötən əsrin 70-ci illərində Moskvadan respublikamıza gələn nümayəndə heyəti şəhərləri, kəndləri gəzirdilər. Onları heyrətləndirən məsələlərdən biri də adət-ənənələrimiz, milli dəyərlərimiz oldu. Deyirdilər ki, "biz filan yerə getdik, 10-15 gənc oturmuşdu. Bizi görən kimi hamısı ayağa qalxdı. Biz təəccüb etdik. Necə oldu ki, bunlar ayağa qalxdılar. Bu, niyə belədir? Axı, indi Rusiyada bir kəndə, şəhərə gedək, bizi görüb heç danışdırmayacaqlar, heç bizə fikir verməyəcəklər. Amma burada bunlar ayağa qalxdılar". Heydər Əliyev onları başa salır ki, bu, təbii bir haldır. Xalqımızın xüsusiyyətidir, mentalitetimizdir. Kiçiyin böyüyə, ev sahibinin qonağa hörmətidir. Əsrlər boyu əcdadlarımız tərəfindən qorunub saxlanılıb, bizə çatdırılıb. Odur ki, ümummilli liderimiz mentalitet sözünü mənfi bir məfhum kimi qiymətləndirənlərə də iradını bildirdi: "Bəzən də deyirlər ki, bəli, Azərbaycan xalqının mentaliteti belədir. Yəni, mədəniyyəti o qədər yoxdur, dünya mədəniyyəti ilə hələ o qədər yaxınlaşmayıbdır, filan olmayıbdır". Ümummilli liderimizin rusiyalı qonaqlarla bağlı danışdığı əhvalat kifayətdir deyək ki, azərbycanlıların öz mentaliteti ilə öyünməyə haqqı var.

Ümummilli liderimiz İslam dinini milli-mənəvi dəyərlərimizin əsaslarından biri kimi dəyərləndirir: "Müqəddəs kitabımızda, Qurani-Şərifdə böyük əxlaqi normalar əks olunubdur. Onlardan səmərəli istifadə etmək lazımdır və onları yaymaq, inkişaf etdirmək lazımdır". Amma bir məsələni önə çəkir. Bildirir ki, "biz imkan verməməliyik ki, dini bəzi şəxslər məqsədləri üçün istismar etsinlər. Buna imkan verməməliyik. Dinin ondan öz şəxsi məqsədləri üçün istifadə etmək istəyən ayrı-ayrı adamların əlinə keçməsinə imkan verməməliyik. Din həqiqi din xadimləri tərəfindən istifadə və tətbiq olunmalıdır". Etiraf edək ki, keçmişdə də, bu gün də dinimizdən şəxsi məqsədlər üçün istifadə edənlər həmişə ona qarşı mənfi rəyin formalaşmasına səbəb olublar. Dini fundamentalizm də, fanatizm də bundan irəli gəlib.

Böyük öndər milli ideologiyamızı təkcə bu dəyərlər üstündə yox, həm də bəşəri dəyərlər üzərində formalaşdırmağı ən vacib amil sayırdı. Çünki bunsuz dünyaya inteqrasiya, dünyada nüfuz qazanmaq olmaz: "Ümumbəşəri dəyərlər, birinci növbədə, bizim yaratdığımız Konstitusiyada əsas məqsəddir. Biz dünyəvi dövlət qururuq. Biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Bax, bu bir cümlədə ümumbəşəri dəyərlərin ifadəsi öz yerini tapıbdır". Ancaq böyük öndər dönə-dönə qeyd edirdi ki, ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərimiz vəhdətdə inkişaf etməli, formalaşmalıdır. Bu sintez milli ideologiyamızın bu günü və gələcəyidir.

Ümummilli liderimiz Heydər Əliyev milli ideologiyamızın bu konsepsiyasını incəliyinə qədər izah edir, onun ayrı-ayrı müddəalarına aydınlıq gətirir, bildirir ki, milli-mənəvi dəyərlər ilə ümumbəşəri dəyərləri birləşdirib, zənginləşdirəndə biz xalqımızın ümumi dəyərlərini, mənəvi dəyərlərini yaradırıq. Bunun içərisində isə həm demokratiya, həm hüquq normaları, həm dünyəvi dövlət, həm insan azadlığı, insan hüquqlarının qorunması, plüralizm, sərbəst ticarət, insan sərbəstliyi, sərbəst bazar ticarəti, sərbəst bazar iqtisadiyyatı var - bunlar hamısı ümumbəşəri dəyərlərin bizim milli-mənəvi dəyərlərə vəhdətindən meydana gələn müddəalardır.

Bütünbunlarmilliideologiyamızınəsaslarıdır.Onları birgə inkişaf etdirib, Azərbaycan xalqının ümumi mənəvi dəyərlərini yaradırıq.Ancaq milli ideologiyamızın bu əsasları özlüyündə bir əsas üzərində qurulur. Heydər Əliyev bu əsası belə izah edirdi: "Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvidəyərlər – bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir".

Bu gün ümummilli liderimizin siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin ideyalarını həyatda gerçəkləşdiririk. Və bu inkişafda dönə-dönə heyrətlə şahidi oluruq ki, ümummilli liderimiz xalqı, Vətəni üçün ağlagəlməz, bir insan ömrünə sığışa bilməyən böyük işlər görüb. Bu məsələlərdən biri də milli ideologiyamızın yaradılmasıdır. Bu ideologiyanın əsaslarını düzgün müəyyənləşdirməyin özü dərin ağıl, zəka, uzaqgörənlik tələb edir. Böyük öndər bunu etdi. Bu sahədə ikinci böyük xidməti o oldu ki, bu dəyərləri, bu əsasları inkişaf etdirdi, formalaşdırdı. Bununla da xalqı, Vətəni qarşısında növbəti tarixi xidmətini yerinə yetirdi.

Ümummilli liderimiz Heydər Əliyev fəaliyyəti boyu nə iş görübsə, orada azərbaycançılıq ideyasının izləri var. Bu ideyalar müstəqillik illərində inkişaf etdi, formalaşdı, müstəqil dövlətimizin dayaqlarına çevrildi. İnkişaf edən ölkəmizdə hansı sahəyə üz tuturuqsa, orada ümummilli liderimizin əməllərini görürük. Odur ki, hər birimiz əminliklə, qürur və iftixarla deyirik: Biz Heydər Əliyevin qurub yaratdığı Azərbaycanın vətəndaşlarıyıq!

Hümmət Vəliyev
Ülviyyə Mehdiyeva
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları

Femida.az

Açar sözlər: #HeydərƏliyev   #ədliyyə   #hüquq   #milli   #ideologiya  

Oxunub: 750