Azərbaycanın Avropa Məhkəməsinə verdiyi vəsatət təmin edilib


18:31     04 İyun 2021 2021/06/1588321852740_RuYi6Lly_1622817388.jpg

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Ermənistana qarşı ikinci dövlətlərarası şikayət göndərib.

Femida.az xəbər verir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov şikayətlə bağlı şərhində deyib:

“Şikayətdə göstərilir ki, Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki minaların xəritələrini təqdim etməkdən imtinası Azərbaycan vətəndaşlarının İnsan Hüquqlarına dair Avropa Konvensiyasının bir sıra müddəalarında nəzərdə tutulmuş hüquqlarının pozulmasına gətirib çıxarır.

Qeyd olunmalıdır ki, Azərbaycan hazırkı dövlətlərarası şikayəti Avropa Məhkəməsinə təqdim edərək, onun Azərbaycanın Ermənistana qarşı 2021-ci il 15 yanvar tarixli birinci dövlətlərarası şikayəti ilə bir icraat çərçivəsində baxılması barədə vəsatət vermişdir.

Eyni zamanda, bu şikayətlə bərabər, Avropa Məhkəməsinə Ermənistanın üzərinə minaların xəritələrinin təqdim etməsinə dair öhdəlik qoyulmaqla barəsində müvəqqəti təminat tədbirlərinin görülməsi haqqında müraciət ünvanlanmışdır.

Avropa Məhkəməsindən daxil olmuş cavab məktubunda bildirilir ki, işə baxan Böyük Palatanın sədri şikayəti öyrənərək ona Azərbaycanın Ermənistana qarşı 2021-ci il 15 yanvar tarixli dövlətlərarası şikayətinin ayrılmaz tərkib hissəsi kimi baxılması qərarına gəlmişdir. Bununla da Azərbaycanın Avropa Məhkəməsinə verdiyi vəsatət təmin edilmişdir.

Həmçinin Avropa Məhkəməsi bildirmişdir ki, müvəqqəti tədbirlərin görülməsi barədə sorğuya məhkəmədə 2021-ci il mart ayında artıq baxılmış və qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmışdır.

Xüsusi vurğulanmalıdır ki, Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular Birgə Bəyanat imzalandığı 2020-ci il noyabrın 10-dan 130-a yaxın insanın həlak olmasına və ya ciddi yaralanmasına səbəb olmuşdur.

İyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda 3 mülki şəxsin, o cümlədən 2 jurnalistin minaya düşərək həlak olması və digər 4 nəfərin xəsarət alması göstərir ki, azad edilmiş ərazilərdə minaların qurbanlarının sayı hər gün artır. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Məhkəməsi bu məsələyə xüsusi diqqət yetirməlidir.

Açar sözlər:

Oxunub: 608