ADPU-da pedaqoji internatura tətbiq edilir, dövlət imtahanları ləğv olunur


18:49     11 İyun 2021 21_06_11_1623419405.jpg

“2020-ci ildə bütün ixtisasların, o cümlədən də müəllimlik ixtisaslarının yeni dövlət standartları, təhsil proqramları təsdiq olunub. Bu il biz həmin təhsil proqramları əsasında işçi tədris planlarını təsdiq etmişik”.

Femida.az -ın məlumatına görə, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr olunmuş mətbuat konfransında Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirib.

Onun sözlərinə görə, burada mühüm yeniliklər var: "Yeniliklərdən birincisi pedaqoji internaturadır. Bu o deməkdir ki, 8-ci semestrdə müəllimlik ixtisasına oxuyan bütün tələbələr pedaqoji internaturanı keçəcəklər. İkinci mühüm yenilik ondan ibarətdir ki, dövlət imtahanları ləğv olunur. Artıq 8 semestr oxuyandan sonra tələbə bütün imtahanlardan qiymət alırsa, avtomatik olaraq məzun olub əmək bazarına çıxacaq, əlavə imtahan verməyəcək. Çünki adətən dövlət imtahanı iyulda olur, Azərbaycanda isə aprel-may aylarında magistraturaya qəbul, avqustda isə müəllimlərin işə qəbulu imtahanları keçirilir. Ona görə də düşündük ki, bu, yersiz imtahan olar, ali məktəb olaraq belə təklif verdik, Təhsil Nazirliyi də dəstəklədi. Biz məzunlarımızın MİQ imtahanının nəticəsini izləyəcəyik, bunu əsas nəticə olaraq götürəcəyik. Bu proqram 2020-2021-ci tədris ilinə qəbul olan I kurslara tətbiq olunub. 4 il oxuyan ixtisaslarda 2023-2024, 5 illik ixtisaslarda isə 2024-2025 tədris ilində pedaqoji internatura olacaq. Təhsil proqramlarında daha bir yenilik STEAM müəllimliyi və inklüziv təhsil müəllimliyi fənlərinin də əlavə fənn olaraq daxil edilməsidir. Bu, postsovet ölkələri üçün yeganə olaraq Azərbaycanda olan yenilikdir. İnklüziv təhsillə bağlı Dövlət Proqramı var, planlaşdırılır ki, xüsusi təhsil müəssisələri yavaş-yavaş ləğv olunsun, inklüziv təhsil alan uşaqlar normal məktəblərə getsinlər. Təbii ki, inklüzivlər təhsil alan bütün uşaqlar normal məktəbə gedə bilməz, orada müəyyən xəstəliklər var. Amma Avropa İttifaqı ölkələrində olduğu kimi inklüziv təhsil alan uşaqların 70 faizi normal məktəbə gedə bilər. Təbii ki, əgər məktəbdə müvafiq pedaqoqlar və inklüziv təhsil vermək imkanı olan müəllimlər varsa. Necə ki, küçələrdə panduslar düzəldilir, məktəblərdə də inklüzivliyi artırmaq üçün həmin məzmun üzrə yeni kadr hazırlığını aparırıq. 2024-2025-ci illərdə artıq rahatlıqla deyə bilərik ki, yeni nəsil müəllimlərimiz həm inklüzivlik, həm də STEAM müəllimliyi ilə bağlı kifayət qədər bilik və bacarığa malikdir”.

Açar sözlər:

Oxunub: 422