Toy üçün qeydiyyatdan keçənlərin SAYI AÇIQLANDI


15:53     02 İyul 2021 2021/07/evlilik-toy-nisan_1625226998.jpg

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icazə.e-gov.az portalında şənlik mərasimlərinin keçirilməsi məqsədilə məkan sahibləri tərəfindən 4841 əməkdaş və 956 tədbir qeydiyyatdan keçirilib.

Femida.az xəbər verir ki, qeydiyyatdan keçirilən tədbirlərin 336-sı Bakı şəhərinin, digərləri isə bölgələrin payına düşür. Tədbirlər 55 rayon üzrə 259 şadlıq sarayını əhatə edir. Ən çox qeydiyyat sayı iyulun 1-də qeydə alınıb. Bu tarixdə 2299 əməkdaş və 383 tədbir üçün icazə alınıb.

Xatırladaq ki, şənlik mərasimlərinin keçirilməsi ilə əlaqədar olaraq icaze.e-gov.az portalı iyunun 26-dan EHİM tərəfindən aktivləşdirilib.

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumatı portala daxil etməlidir. Məkan sahibi tərəfindən əməkdaşlar haqqında məlumatlar portala daxil edildikdən sonra qurumda COVID-19 pasportu olan əməkdaşların faiz göstəriciləri haqqında məlumat əsas səhifədə əks olunur. 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqustdan isə COVID-19 pasportunun olması tələb olunur.

Həmçinin şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatlar icaze.e-gov.az portalına əlavə olunmalıdır. Bu zaman, həmçinin məkan sahibi ilə toy sahibi arasında “Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunması ilə bağlı metodiki göstərişlər”də müəyyən edilmiş tələblərə əməl edilməsinə dair iltizam sənədi də doldurularaq portala yüklənilməlidir.

Sistemdən istifadəyə dair təlimat videosu ilə burada tanış olmaq mümkündür: https://youtu.be/Z5hMlMsOFJk


Femida.az

Açar sözlər:

Oxunub: 864