Vəkillər HELP Tədris Proqramı üzrə təlim kursunu başa vurdu


09:52     13 İyul 2021 21_07_13_1626155728.jpg

HELP Tədris Proqramı üzrə “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya və Avropa Məhkəməsinə giriş” mövzusunda Avropa Şurasının, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Vəkillər Kollegiyasının birgə təlimi üzrə kursun yekun görüşü və kursu müvəffəqiyyətlə başa vurmuş təlim iştirakçılarına sertifikatların təqdimetmə mərasimi keçirilib.

Femida.az xəbər verir ki, tədbirə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zoltan Hernyeş, Avropa Şurasının Layihələr üzrə meneceri Mahir Müşteidzadə, təlimçilər - Ali Məhkəmənin hakimi İlkin Rəcəbov, Vəkillər Kollegiyasının üzvü Sadiq Bağırov və təlim iştirakçıları qatılıb.

Açılış nitqi ilə çıxış edən A.Bağırov tədbir iştirakçılarını salamlayıb, Vəkillər Kollegiyasının Avropa Şurası və Ali Məhkəmə ilə əməkdaşlığının əhəmiyyətindən, vəkillərin gündəlik peşə fəaliyyətlərində Konvensiyanın tətbiqi üzrə bacarıqlarının inkişaf etdirilməsindən, bu cür keyfiyyətli tədrisdən faydalanmaqdan, Avropa İnsan Hüquqları Məhkəməsinin daim inkişafda olan standartları və presedent hüququnun öyrənilməsindən və yerli məhkəmələrdə tədbiq edilməsindən, vəkillərə yüksək keyfiyyətli və onların ehtiyacları ilə uzlaşdırılmış tədris alətlərinin təqdim edilməsindən, təlimlərin nəticəsi olaraq məhkəmələrdə insan hüquqlarının daha yaxşı müdafiə olunmasından və s. bəhs edib.

O cümlədən, Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin (Mərkəz) direktoru Şahmar Məmmədov təqdimatla çıxış edərək Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib, vəkillik fəaliyyətində təlimlərin rolu və əhəmiyyəti, dövlət hesabına göstərilən hüquqi yardım, Mərkəz tərəfindən həyata keçirilən ödənişsiz hüquqi yardım barədə danışıb.

Bundan başqa, Ali Məhkəmənin sədr müavini Ç.Əsgərov məhkəmə-hüquq sistemində islahatlar, beynəlxalq təcrübənin öyrənilməsi, elektron məhkəmənin tətbiq edilməsi, mülki prosesin yeni formasının tətbiq edilməsi, yerli məhkəmə təbrübəsinin ümumiləşdirilməsinin vacibliyi və s. haqqında çıxış edib.

Daha sonra, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Z.Hernyeş “HELP” (Praktik Hüquqşünaslara İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı) proqramı haqqında ətarflı məlumat verib, hüquqşunasların təlimin əhəmiyyəti və Təlimçilərin təlimi barədə çıxış edib.

Tədbirin sonunda Anar Bağırov, Çingiz Əsgərov, Zoltan Hernyeş tərəfindən kursu müvəffəqiyyətlə başa vurmuş təlim iştirakçılarına sertifikatlar təqdim edilib.





Femida.az

Açar sözlər: #VəkillərKollegiyası   #hüquq   #məhkəmə   #təlim  

Oxunub: 16799