Məhkəmə ekspertizası ilə bağlı hüquqlarının genişləndirilməsi və müddətlərinin dəqiqləşdirilməsi - TƏHLİL


18:14     27 İyul 2021 2020/08/mehkeme_esas_1597837766.jpg


“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanına əsasən mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, o cümlədən məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi məqsədilə qanunvericilikdə mühüm dəyişikliklər edilmişdir.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanununda 29.11.2019-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslərə, həmin şəxslərin vəkillərinə və nümayəndələrinə (qanuni nümayəndələrinə) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququ verilmişdir.

Eyni zamanda nəzərə alınmalıdır ki, cinayət-prosessual qanunvericiliyə görə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda şübhəli, təqsirləndirilən şəxs və ya onların müdafiəçisi, yaxud mülki cavabdeh məhkəmə ekspertizasının aparılmasını məhkəmə ekspertizası idarələrinə sifariş vermək üçün rəsmi müraciət etmək hüququna malikdir.

Qeyd edilməlidir ki, əvvəlki qanunvericilikdə müdafiə tərəfinə aid olan subyektlərin xüsusi biliklərdən istifadə imkanları "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda (vəkil tərəfindən mütəxəssis rəyinin alınması hüququnu təsbit edən 15-ci maddə nəzərdə tutulur), "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanunda (bu Qanunun 22-1-ci maddəsi nəzərdə tutulur) və Cinayət-Prosessual Məcəllədə (CPM-in 92.9.9-cu və 268.1.4-cü maddələri nəzərdə tutulur) təsbit edilmişdir.

Vəkillik fəaliyyətində xüsusi biliklərdən istifadə imkanları artıq genişləndirilmiş, keyfiyyətli hüquqi yardım göstərilməsi üçün vəkillərə mütəxəssislər ilə yanaşı ekspertlərdən də rəy almaq imkanı verilmişdir.

Azərbaycan Respublikasının qüvvədə olan mülki prosessual qanunvericiliyinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Yeni qanunvericilikdə işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmənin bu barədə əsaslandırılmış qərardad qəbul etməsi, onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə ekspertizanın aparılmasını sifariş vermək hüququna malik olması kimi mütərəqqi normalar nəzərdə tutulmuşdur.

Bu halda işdə iştirak edən şəxs məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti ilə müqavilə bağlamalı, ekspertiza sifariş edən şəxsin hesabına həyata keçirildiyindən müvafiq xərci ödəməli, ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verməlidir. Bundan başqa müqavilədə ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilir.

Müqavilədə göstərilən müddətdə ekspert yazılı rəy verir. Rəy ekspertizanı sifariş etmiş şəxs tərəfindən məhkəməyə təqdim olunur. Ekspertin rəyi iş materiallarına əlavə edilir və mülki-prosessual qanunvericiliyə uyğun olaraq digər sübutlarla yanaşı qiymətləndirilir.

Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə görə inzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxs, fiziki şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs və ya onun nümayəndəsi onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək məqsədilə özəl məhkəmə ekspertinə və ya məhkəmə ekspertizası idarəsinə rəsmi müraciət etmək hüququna malikdirlər.

Bundan əlavə inzibati icraatda iştirak edən maraqlı şəxslərin mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi məqsədilə onların öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malik olması barədə müvafiq qanunvericiliyə əlavələr edilmişdir.

Beləliklə, ekspertizanın təyin edilməsi ilə bağlı yeni qanunvericilikdə nəzərdə tutulmuş müddəaların aşağıdakı əsaslar üzrə ümumiləşdirilməsi mümkündür:
- Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş məhkəmə ekspertizaları;

- Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) tərəfindən sifariş edilmiş məhkəmə ekspertizaları;

- “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda inzibati orqanın qərarı ilə təyin edilmiş və ya maraqlı şəxslər tərəfindən sifariş edilmiş məhkəmə ekspertizaları;

- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda təqsirləndirilən şəxs və ya onun müdafiəçisi, yaxud mülki cavabdeh tərəfindən sifariş edilmiş məhkəmə ekspertizaları.

Həmçinin qeyd edilməlidir ki, notarius sübutların təmin olunması qaydasında şahidləri dindirmək, yazılı və maddi sübutları müayinə etmək, o cümlədən ekspertiza təyin etmək səlahiyyətinə malikdir.

Yeni qanunvericilikdə müəyyən edilmiş digər mütərəqqi müddəalar ekspertizaların aparılması müddətlərinin dəqiqləşdirilməsi ilə bağlıdır.

Belə ki, ekspertiza təyin edilməsi haqqında qərar (qərardad) məhkəmə ekspertizası idarəsinə daxil olduğu və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandığı vaxtdan ekspert aşağıdakı müddətlərdə yazılı formada rəy verməli, onu öz imzası ilə təsdiq etməlidir. Ekspertin rəyi dərhal ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə göndərilməlidir:

- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təhqiqatçının, müstəntiqin, prokurorun və hakimin qərarı 1 (bir) aydan gec olmayaraq;
- Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmənin qərardadı 1 (bir) aydan gec olmayaraq;

- həmin Məcəllənin 172.2-ci maddəsində nəzərdə tutulmuş işlərə (işə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlər) münasibətdə 10 gündən gec olmayaraq;
- 172.3-cü maddəsində nəzərdə tutulmuş işlərə (ayrı-ayrı kateqoriya işlərə baxılması və onların həllinə dair qətnamə və ya qərardad çıxarılması üçün qanunla qısaldılmış müddətlər müəyyən edilən işlər) münasibətdə isə 3 günədək;

- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı 10 gündən gec olmayaraq;
- “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericilikdə başqa müddət nəzərdə tutulmamışdırsa, inzibati orqanın qərarı 30 gündən gec olmayaraq.

Bununla yanaşı qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işdə iştirak edən şəxslər tərəfindən sifariş edilən ekspertizlar müvafiq müqavilədə göstərilən müddətdə aparılır.

Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə görə ekspertizanın aparılmasını göstərilən müvafiq müddətlərdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə dərhal məlumat verilməlidir. Bu halda tədqiqatların mürəkkəblik dərəcəsi nəzərə alınmaqla ekspertizanın aparılması müddəti ekspertizanı təyin (sifariş) etmiş orqanla və ya şəxslə yazılı formada razılaşdırılır, inzibati icraata münasibətdə isə inzibati orqan tərəfindən təyin edilmiş ekspertizanın aparılması müddətinin uzadılması barədə qərar qəbul edilir.

Ekspertizanın aparılması müddətlərinə mənfi təsir edən amillərdən biri də ekspert vəsatətinin təmin edilməsi məsələsidir. Yeni qanunvericiliyə əsasən ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında qərar (qərardad) məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə ekspertizanı təyin etmiş orqana və ya şəxsə vəsatət göndərməlidir. Ekspertizanı təyin etmiş orqan və ya şəxs tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinə məlumat verilməklə yuxarıda göstərilən müvafiq müddətlər uzadılır.
Ekspertin vəsatəti göstərilən müddətdə təmin edilmədikdə məhkəmə ekspertizası idarəsinin rəhbəri ekspertiza təyin edilməsi haqqında qərarı (qərardadı) icra olunmadan geri qaytarmaq hüququna malikdir.

Hümmət Vəliyev
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Elmi-tədqiqat və metodiki iş şöbəsinin rəisi

Açar sözlər: #ədliyyə   #məhkəmə   #ekspertiza  

Oxunub: 731