Göyçayda şadlıq sarayının sahibi cərimələnib


17:38     30 İyul 2021

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Göyçay rayonu, Potu kəndi ərazisində fəaliyyət göstərən yerləşən fiziki şəxs Novruzov Şamil Çingiz oğluna məxsus “Bizim bağ” şadlıq sarayına keçirdiyi baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğunu aşkar edib.


AQTA-dan Femida.az-a verilən məlumata görə, yoxlama zamanı həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub.

Eyni zamanda, pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda keçirilən şənlik mərasiminin 150 nəfərdən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu və bir masa arxasında 10 nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.

Açar sözlər:

Oxunub: 961