Sabah Milli Məclisdə deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsinə baxılacaq


09:48     02 Avqust 2021 2021/08/de805751-e0e2-359b-9635-e383314f9093_850_1627883445.jpg

Sabah Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.

Femida.az -ın məlumatına görə, bununla bağlı Milli Məclisin bir qrup deputatı iyulun 31-də spiker Sahibə Qafarovaya müraciət edib.

S.Qafarova deputatların tələbini nəzərə alaraq, Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

Xatırladaq ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Açar sözlər:

Oxunub: 906