Oğurluq edən qardaşlar tutuldu


13:57     02 Avqust 2021 2021/08/hebs--1616496818_1627898478.jpg

Oğuz rayonunun Bucaq və Kərimli kəndləri ərazisində vətəndaşlara məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə rayon polis şöbəsinə müraciət daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az -a bildiriblər ki, daxil olmuş müraciət əsasında cinayət əməlini törədən şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilən tədbirlərlə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Ağdam rayon sakinləri, əvvəllər də analoji cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş Elman və Tariyel İsmayılov qardaşları saxlanılıblar.

Araşdırma zamanı qardaşların icarəyə götürdükləri “Renault” markalı avtomobillə bir neçə dəfə Oğuz rayonuna gəldikləri, burada məqsədlərinə nail olduqdan sonra oğurladıqları heyvanları Bərdə rayonunda satdıqları məlum olub. Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. İki baş xırdabuynuzlu heyvan isə onların yaşadıqları evin həyətyanı sahəsindən götürülərək sahibinə geri qaytarılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Femida.az

Açar sözlər: #Polis    

Oxunub: 288