Yanğınsöndürənlərimizin fəaliyyəti Türkiyədə yüksək qiymətləndirilir


16:47     03 Avqust 2021 2021/08/d3c58c4c-77e0-3b2b-bdae-5da459a7d23c_850_1627995256.jpg

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyədə olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.

Femida.az-ın məlumatına görə, Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşları da Türkiyədə səfərdədir.

Səfər çərçivəsində nazir müavini E.Mirzəyev Marmarisdə Böhranların İdarə edilməsi Mərkəzində Türkiyədə daxili işlər nazirinin müavini Mehmet Ersoyla görüşüb.

E.Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasına gəldiyini deyib.

Nazir müavini səfərinin məqsədinin Türkiyəyə yardıma gələn Azərbaycan yanğın-xilasetmə qüvvələrinin koordinasiyasının idarə edilməsinin təşkili olduğunu vurğulayıb. Etibar Mirzəyev Azərbaycan FHN-in qüvvələrinin yanğınsöndürmə istiqamətindəki fəaliyyəti barədə ətraflı danışıb. Nazir müavini E.Mirzəyev Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupunun da artıq qardaş Türkiyə Respublikasında olduğunu xatırladaraq, qrupun tərkibi və imkanları barədə ətraflı məlumat verib.

Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Türkiyənin daxili işlər nazirinin müavini Mehmet Ersoy göstərilən dəstəyə və köməyə görə Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına təşəkkür edib.

Femida.az

Açar sözlər: #FHN   #Türkiyə    

Oxunub: 921