Xalq-iqtidar birliyinin zəfəri


15:06     11 Avqust 2021 2021/08/ilham-qub02_1628680232.jpeg

Dövlət quruculuğu prosesini sürətlə keçən Azərbaycan bu gün də davamlı şəkildə inkişaf edir, daha da qüdrətlənir. Buna səbəb ulu öndər Heydər Əliyevin müdrik ideyalarının və müəllifi olduğu təməl prinsiplərin dövlət başçısı cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun yüksək peşəkarlıqla reallaşdırılması və iqtidar-xalq birliyidir. Ümummilli liderin misilsiz xidmətləri sayəsində azərbaycançılıq, dövlətçilik, dünyəvilik, müasirlik kimi və digər dəyərli ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz tərkib hissəsinə çevrilmiş, müasir Azərbaycanın mövcudluğunun və tərəqqisinin əsasını təşkil etmişdir. Dahi siyasi xadim Heydər Əliyev öz zəngin fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratmaqla, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən layiqincə gəlmişdir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı və onun tərəfindən atılmış düşünülmüş və qətiyyətli addımlar nəticəsində Azərbaycan öz müstəqilliyini və mövcudluğunu qoruyub saxladı, bununla da gələcək inkişafımızın təməli qoyuldu. Böyük tarixi şəxsiyyət güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan uzaqgörən konsepsiyası ilə müstəqil Azərbaycanı sürətli inkişaf yoluna çıxardı.

Femida.az xəbər verir ki, bu fikirləri Şəmkirin hərbi prokuroru, ədliyyə polkovniki, hüquq üzrə magistr Şöhrət Qəhrəmanov "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd edib. Həmin məqaləni təqdim edirik.

Ümummilli liderin xalqı qarşısında daha bir müstəsna xidməti möhtərəm Prezident cənab İlham Əliyev kimi ali liderlik keyfiyyətlərinə malik vətənpərvər şəxsiyyət yetişdirməsi, özündən sonra layiqli davamçı qoyması olmuşdur. Ulu öndər həyatının son günlərində xalqa müraciətində ona özü qədər inandığını vurğulayaraq bildirirdi ki, İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaqdır. Ona inanan xalq da öz seçimini etdi və zaman göstərdi ki, uzaqgörən şəxsiyyətin inamı tam əsaslı, xalqın qərarı isə ən doğru seçim olmuşdur.

Ölkə rəhbəri cənab İlham Əliyevin prezidentlik dövrü bütün sahələrdə köklü islahatların aparılması, ölkə üçün mühüm strateji əhəmiyyət kəsb edən müxtəlif inkişaf proqramlarının hazırlanaraq müvəffəqiyyətlə icra edilməsi, dövlət idarəçilik strukturlarının təkmilləşdirilməsi, eləcə də yeni kadr təyinatlarının həyata keçirilməsi, bir sözlə hərtərəfli tərəqqi prosesinin vüsət alması ilə səciyyələnmişdir.

Dərinləşən islahatlar fonunda Azərbaycan inkişaf tempini qoruyub saxlamış, iqtisadiyyatı uğurla şaxələndirmiş, regional və qlobal təhlükəsizlik məsələlərində sabitləşdirici faktor kimi çıxış etmişdir. Transmilli layihələrin gerçəkləşməsi, ölkə iqtisadiyyatına irimiqyaslı sərmayələrin yatırılması ölkəmizin strateji maraqlarını təmin etmişdir. Əməkdaşlıqda bərabərhüquqlu tərəfdaş prinsipi prioritet seçildiyindən, ölkəmiz regionun və dünyanın böyük iqtisadi layihələrinin əsas iştirakçılarından birinə və etibarlı tərəfdaşa çevrilmişdir.

Dövlətimizin sürətli inkişafı və hərtərəfli qüdrətlənməsi prosesinin uğurla davam etdirilməsi müvafiq göstəricilərlə də öz təsdiqini tapmışdır. Azərbaycanın son dövrlər əldə etdiyi uğurlar, o cümlədən qazanılan nailiyyətlər beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında da təqdir olunmaqla xüsusi qeyd olunmuşdur. Vurğulanmalıdır ki, ən nüfuzlu aparıcı beynəlxalq qurumlardan biri olan Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yeri tutmuşdur. Bundan əlavə, respublikamız 10 ən islahatçı dövlət sırasına daxil edilmişdir. Bundan başqa, dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən inkişaf etməkdə olan 74 ölkə arasında dövlətimiz əhalinin elektrik təchizatı səviyyəsinə görə 2-ci yerdə, inklüziv inkişaf indeksi üzrə 3-cü yerdə, hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə 5-ci yerdə, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdə, hökumətin siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdə, infrastruktur layihələri ilə bağlı-dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdə, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerdə qərarlaşmaqla dünyanın bir çox ölkələrini geridə qoymuşdur.




Qeyd olunanlarla bərabər, tolerantlıq nümunəsi olan Azərbaycan multikultural dəyərləri və sivilizasiyalararası dialoq ideyasını beynəlxalq miqyasda təbliğ etməklə, qlobal sülh və inteqrasiya prosesinə mühüm töhfələr vermişdir. Ölkəmizdə mütəmadi olaraq nüfuzlu beynəlxalq tədbirlər, o cümlədən mötəbər forum və sessiyalar keçirilmiş, Azərbaycanda regional və qlobal əhəmiyyətli məsələlər müzakirə olunmuşdur. Vətənimiz 7-ci Bakı Qlobal Forumu, Cənub Qaz dəhlizinin məşvərət şurası, OPEC ölkələrinin görüşü, Türkdilli Dövlətlərin əməkdaşlıq şurasının VII Zirvə görüşü, Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü kimi mötəbər və digər tədbirlərə ev sahibliyi etmişdir.

Azərbaycanın tərəqqisindən və durmadan güclənməsindən bəhs edərkən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın misilsiz xidmətləri xüsusi vurğulanmalıdır. Birinci vitse-prezidentin yorulmaz fəaliyyəti Vətən müharibəsi zamanı da mühüm əhəmiyyət kəsb etmişdir. Mehriban xanımın humanizmi, xeyirxahlığı, insansevərliyi, dara düşüb köməyə ehtiyacı olanlara əl tutması, onlara arxa-dayaq olması onun ən ali insani keyfiyyətlərə malik şəxsiyyət olduğunun təzahürüdür. Bütün bunların nəticəsidir ki, böyükdən-kiçiyə hər kəs Ona sonsuz məhəbbət bəsləyir.

Ciddi və mürəkkəb qlobal problemlərlə zəngin olan 2020-2021-ci illərdə də bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən planetimizi bürüməklə yer üzərindəki insanların həyat və sağlamlığı üçün ciddi təhlükə törədən koronavirus (COVİD-19) pandemiyasına rəğmən, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın sürətli inkişaf strategiyasını dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə reallaşdıran möhtərəm Prezident cənab İlham Əliyevin müdrik siyasəti və sarsılmaz iqtidar-xalq birliyinin sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürmüş, mütəmadi həyata keçirilən çoxşaxəli və ardıcıl islahatlar davam etdirilmişdir. Regionların tarazlı tərəqqisi təmin olunmuş, həmçinin qeyri-neft sektorunun inkişafı istiqamətində kompleks stimullaşdırıcı tədbirlər həyata keçirilmiş və sair böyük işlər görülmüşdür. Dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin daha da təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi də diqqət mərkəzində olmuşdur. Son dövrlər ölkəmizdə mövcud olan sosial- iqtisadi vəziyyətin təhlili göstərir ki, həyata keçirilən davamlı islahatlar nəticəsində yaradılmış güclü iqtisadi potensialın inkişafının dayanıqlılığı təmin edilmiş və makroiqtisadi sabitlik qorunub saxlanılmışdır.

Qürurverici və sevindirici haldır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çevik və səmərəli iqtisadi siyasəti, bilavasitə onun tapşırığı ilə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində planetimizdə baş verən neqativ proseslərdən ölkə iqtisadiyyatına ciddi xələl gəlməmişdir. Son zamanlar bütün ölkələr üçün iqtisadi sahədə vəziyyət ağır olsa da, dövlətimiz digər ölkələrə nisbətən bu vəziyyətdən daha az zərər və itkilərlə çıxmışdır. Ölkəmizdə reallaşdırılması nəzərdə tutulan tədbirlərdən və işlərdən heç birinin, o cümlədən hər hansı bir sosial layihənin icrasının təxirə salınmaması da bunun təcəssümüdür. Bütün dünyanı cənginə alan Koronavirus (COVİD-19) pandemiyasına qarşı ölkəmizdə aparılan uğurlu mübarizəni də vurğulamaq lazımdır. Dünyanın bir sıra qüdrətli dövlətləri aciz olduğu, xeyli itkilər verdiyi və ciddi zərərə məruz qaldığı halda, ölkəmizin pandemiyadan az zərər və minimal itki ilə çıxması aqil rəhbərin mükəmməl siyasətinin, onun rəhbərliyi ilə aidiyyəti dövlət orqanları tərəfindən görülən əhəmiyyətli tədbirlərin, həyata keçirilən səmərəli fəaliyyətin və xalq-hakimiyyət birliyinin nəticəsidir.

Dövlətimizin qüdrətindən və əldə olunan nailiyyətlərdən bəhs edərkən, 2020-ci ildə baş vermiş nəinki həmin ilin, müasir Azərbaycan tarixinin ən mühüm hadisəsini - Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazan hərbçilərimizin düşmən üzərində parlaq qələbəsini, hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın işğal altında olan dədə-baba torpaqlarımızın azad edilərək, ərazi bütövlüyümüzün bərpa olunmasını xüsusi vurğulamaq lazımdır.

Bütün dünyaya məlum idi ki, Ermənistan uzun müddət ərzində Azərbaycanın 20 faiz ərazisini, beynəlxalq səviyyədə tanınmış tarixi torpaqlarını - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayırdı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılmasını nəzərdə tutan müddəaları özündə əks etdirən 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, həmin qətnamələr icra olunmur, bununla əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar heç bir tədbir görmürdü. Qeyd olunan diplomatik uğurlara rəğmən, gedən proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrin icra edilməməsi bu qənaətə gəlməyə əsas verirdi ki, beynəlxalq hüquq sözügedən məsələyə dair hissədə işləmir. Buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər dəfə mötəbər kürsülərdən deyirdi: “...Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik...”.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş Ordu quruculuğu siyasətini müasir dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu istiqamətdə də mühüm addımlar atılmış, ordumuzun ən müasir silah-sursat, hərbi texnika və avadanlıqlarla təchiz olunması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, hərbi qulluqçuların sosial rifah halının yaxşılaşdırılması məqsədilə zəruri tədbirlər görülmüşdür ki, bu da Vətənin etibarlı müdafiəsində mühüm əhəmiyyət kəsb etməkdədir. Yeri gəlmişkən vurğulanmalıdır ki, “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2021-ci il hesabatında 138 ölkənin orduları sırasında 64-cü yerdə qərarlaşmış, bununla da ötən illərdə olduğu kimi Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlamışdır. Təsadüfi deyildir ki, 2016-cı ilin aprelində, 2018-ci ilin mayında və 2020-ci ilin 27 sentyabrından başlayaraq düşmənin törətdikləri növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə Azərbaycan Ordusu öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut edərək zəfərlərimizi və vətən savaşındakı tarixi qələbəmizi təmin etmişdir.

27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da ikinci Qarabağ müharibəsi başladı.

Elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vuran qüdrətli Silahlı Qüvvələrimizin qısa zamanda ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrimizi, eləcə də şəhərlərimizi, o cümlədən 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və nəhayət 8 noyabrda Şuşa şəhərini işğaldan azad etməsi Ermənistanı sülhə sövq etdi və bu biçarə düşmənin kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Ardınca 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın işğaldan azad olundu. Bununla da, haqq mübarizəsi hərbi-siyasi qələbəmizlə başa çatdı.

Qeyd etmək zəruridir ki, hər zaman olduğu kimi, Vətən müharibəsi dövründə də qardaş Türkiyə ölkəmizə mənəvi-siyasi dəstək verdi.

10 dekabr 2021-ci il tarixdə “Azadlıq” meydanında şanlı qələbənin şərəfinə keçirilən Zəfər paradında Türkiyənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın Prezident cənab İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.

15 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində tarixi görüşü və həmin gün orada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması özgə bir qürurverici mənzərə idi. İki ölkə və onun xalqları arasında olan dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edən, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirən, iki dövlət və onların xalqlarının maraq və mənafelərinə xidmət edən sözügedən sənədin imzalanması olduqca mühüm hadisə kimi tarixə düşdü.

“Otuz il ərzində işğal altında olan torpaqlar öz sahiblərinə qayıdıb. Biz qayıtmışıq. Düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq”, - deyən cənab İlham Əliyev bir daha Qarabağın azadlığını, onun əsl sahiblərinin qayıtdığını hər kəsə bəyan edir. Cənab Prezidentin tarixi torpaqlarımıza səfərləri həm dönüş, həm də doğma yurdumuza Böyük Qayıdışın rəmzi, gələcəyə inamlı baxışımızın ifadəsidir. Dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad olunmuş ərazilərimizə ardıcıl səfərləri zamanı işğal dövründə kənd və şəhərlərimizin xarabalıqlara çevrilməsini, yağmalanmasını, təbiətimizə qəsd edilməsini ürək yanğısı ilə bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Hər kəsə agah olur ki, biz təkcə işğalçı, terrorçu düşmənlə yox, həm də vandallarla, vəhşilərlə üz-üzə qalmışdıq. Düşmən xalqımıza məxsus maddi mədəniyyət abidələrini dağıtmış, məscidlərimizi təhqir etmişdir. Tarixdən də bəllidir ki, bütün müharibələr zamanı yaşayış məskənlərini, maddi mədəniyyət nümunələrini dağıdanlar yalnız və yalnız mədəni inkişafdan geri qalan, yırtıcı şüur və təfəkkürə malik barbarlar olmuşlar.

Bu gün tarixi torpaqlarımızda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir və ən qısa zamanda Vətənimizin digər bölgələri kimi bu tarixi ərazilərimiz də gülüstana çevriləcəkdir.

Göründüyü kimi, doğma Azərbaycanımız durmadan çiçəklənərək daha da qüdrətlənir və xalqımızın rifahı hərtərəfli yaxşılaşır. Bütün bunları şərtləndirən ən mühüm amil isə xalq-iqtidar tandemidir. Əminik ki, bu birlik əbədi və sarsılmazdır.


Açar sözlər:

Oxunub: 865


Oxşar xəbərlər