"Risk qrupuna daxil olan uşaqlar koronavirusu ağır keçirir" - Baş pediatr


14:47     14 Avqust 2021 2021/08/1E398C67-AD47-46BB-B3B3-287B50A8EBFB_1628938096.png

Hazırda COVID-19 infeksiyasına uşaqlar arasında da rast gəlinir. Onlar koronavirusu böyüklərə nisbətən yüngül keçirsələr də, bəzilərində ağırlaşmalar müşahidə olunur və onlar xəstəxanaya yerləşdirilirlər. Qızdırma, öskürək, mədə-bağırsaq pozuntuları xəstəliyin əlamətləridir.

Femida.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatr Erkin Rəhimov bildirib.
Onun sözlərinə görə, COVID-ə yoluxan uşaqların 84-85 faizində infeksiya ya yüngül, ya da simptomsuz keçir:

“Əgər uşaqlarda iştahsızlıq, mədə-bağırsaq pozuntuları, yüksək hərarət və öskürək əlamətləri varsa, onlardan mütəq yaxma götürülərək virusa yoluxmanı öyrənmək lazımdır. Koronaviruslu uşağın ağciyələrinin vəziyyəti yaxşıdırsa, evdə müalicə oluna bilər. Uşaqlar bol maye qəbul etməli, bədən temperaturu normada saxlanılmalıdır. Uşağa lazımsız antibiotiklər təyin etmək olmaz, xəstə həkim məsləhəti ilə müalicə olunmalıdır. Ağırlaşma olduğu halda, uşaqlar xəstəxanaya yatırılmalıdır".

Pediatr qeyd edib ki, koronavirus əsasən risk qrupuna daxil olan uşaqlarda ağır keçir:
"Bir yaşdan kiçiklər, yanaşı xroniki böyrək, ürək, ağciyər xəstəliyi olanlar, serebral iflic, xərçəngdən əziyyət çəkənlər COVID-19-u ağır keçirə bilərlər. Həmçinin artıq çəkili uşaqlarda infeksiyanın əlamətləri digərlərinə nisbətən daha kəskin olur”.

“SinoVac” və “Pfizer” vaksinlərinin bəzi ölkələrdə uşaqlar üzərində sınaqdan keçirildiyini deyən həkim Azərbaycanda da bir neçə ay sonra uşaqların peyvəndlənməsinə başlanılmasının mümkünlüyünü vurğulayıb.
"Bu addımı atmadan öncə əlimizdə çoxlu dəlillər olmalıdır. Bunun üçün müəyyən vaxt lazımdır”.

Femida.az

Açar sözlər: #Uşaq   #Koronavirus    

Oxunub: 642