DİN-dən əməliyyat keçirdi: 20 narkotacir tutuldu


12:00     18 Avqust 2021 2021/08/611ca-1629268583_1629273740.jpg

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçirilib.

DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının paytaxtın Nizami və Yasamal rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələri qəbul edib hissə-hissə onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edən, həmçinin narkotik vasitələrin satışından əldə edilən çirkli pulların müxtəlif yollarla xarici ölkələrdəki banklara transfer olunmasına köməklik göstərən Xəyal Quluzadə, onun tanışı Aydın Kərimov və Zaur Məmmədov saxlanılıblar. Xəyal Quluzadə və Aydın Kərimovun üzərində şəxsi axtarış aparılan zaman onlardan 100 qrama yaxın, paytaxtın Nizami rayonunda yaşadıqları evdən isə əlavə 3 kiloqram 205 qram heroin, 794 qram tiryək, 2 kiloqram 400 qram marixuana və 1 kiloqram 30 qram metamfetamin aşkar olunub. Zaur Məmmədovun üzərindən və yaşadığı evdən isə ümumilikdə 11 kiloqram 650 qram heroin aşkar edilib.

Araşdırma zamanı müəyyən edilib ki, Xəyal Quluzadə, Aydın Kərimov və Zaur Məmmədov xaricdə yaşayan narkotacirlərlə əlaqə yaradaraq onlar üçün ölkə ərazisində narkokuryerlik edən yerli vətəndaşlardan ibarət şəbəkə yaradıblar. Bu şəxslər narkokuryerliyə cəlb etdikləri şəxslərə müxtəlif şirnikləndirici vədlər verərək onları ələ almağa çalışıblar.

Qeyd edək ki, Baş İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində şəbəkəyə daxil olan şəxslərin anket məlumatları dəqiqiləşdirilib. Həmin narkokuryerlərin də saxlanılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan əməliyyatlar barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

Baş İdarə əməkdaşlarının Yasamal rayonunda həyata keçirdikləri növbəti əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər – Elçin Məmmədov, Əzizbala Məmmədov və Zülfü Həsənov saxlanılıblar. Elçin Məmmədovun üzərindən 204 qram heroin, yaşadığı evdən isə 314 qram metamfetamin aşkar edilib. Əzizbala Məmmədov və Zülfü Həsənovdan isə ümumilikdə 6 qram heroin, 29 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 710