Rövşən Əkbərovun məhkəməsi təxirə salınıb


11:35     15 Sentyabr 2021 21_09_15_1631691359.jpg

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.

Femida.az -ın xəbərinə görə, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan prosesin təxirə salınmasına səbəb hakimlərdən birinin koronavirusa yoluxması olub.

Bildirilib ki, hakim Elbəy Allahverdiyevin verdiyi “COVID-19” testinin nəticəsi pozitiv çıxıb.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Açar sözlər:

Oxunub: 1059