"Fəxrizadə əməliyyatı": "Qatil robot" məşhur iranlını necə öldürüb?


19:58     19 Sentyabr 2021 2021/09/16065-1632062574_1632065770.jpg

Ötən ilin payızında qətlə yetirilən iranlı nüvə fiziki Möhsün Fəxrizadəyə hazırlanmış sui-qəsdin detalları məlum olub.

Femida.az xəbər verir ki, "The New York Times" iranlı alimin necə öldürülməsi haqqında məqalə dərc edib.

Məqalədə qeyd edilir ki, İsrail kəşfiyyatı Möhsün Fəxrizadəni yüksək texnologiyalı robot pulemyotla aradan götürüb .

Dəqiqədə 600-ə yaxın atəş aça bilən robot süni intellekt və peyk vasitəsilə idarə olunan bir neçə kamera ilə təchiz edilibmiş. "Qatil robot" Belçika pulemyotu olan "FN MAG" la birgə təxminən bir ton ağırlığında olub. Bu səbəbdən də "Mossad" onu ayrı-ayrı hissələrə bölməklə İran ərazisinə daşıyıb burada yenidən yığmalı olub . Sonra məlum cihaz xüsusi avtomobildə-"Pikap"ın partlayıcı maddələrlə dolu yük yerində gizlədilib. Burada robot əməliyyatdan sonra bütün sübutları gizlətmək üçün partladılmalı imiş.

Ancaq bu planı tam şəkildə həyata keçirmək mümkün olmayıb. Partlayış yalnız cihazı güclü zədələyib və onu tam şəkildə məhv etməyib. Bu isə nəşrin də qeyd etdiyi kimi rəsmi Tehranın qətlin uzaqdan idarə olunan silahla törədildiyini təsdiqləməsinə kömək edib.

Qeyd edək ki, İran Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri, nadir nüvə fiziklərindən olan Möhsün Fəxrizadə ötən ilin noyabrın 27-də Tehran yaxınlığında sui -qəsd nəticəsində öldürülüb. O, ağır yaralansa da sağ qalıb, yalnız xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib. Fəxrizadə və onun mühafizəçilərindən başqa, hadisə yerində heç kim olmayıb.

Möhsün Fəxrizadə Amerikanın "Foreign Policy" nəşrinin tərtib etdiyi dünyanın 500 ən güclü insanı siyahısında beş nüfuzlu iranlı alimdən biri olub .

İran hakimiyyəti hadisəyə görə İsraili və ölkədə qadağan edilmiş müxalif qurum olan "İran Xalq Mücahidləri Təşkilatı"nı günahlandıraraq bu cinayətdə əli olanların cavab verəcəklərini vəd etdi. Bəzi İran rəsmiləri isə ABŞ və Səudiyyə Ərəbistanının iştirakına da işarə edərək sui -qəsddə iştirak edən bəzi şəxslərin həbs edildiyini bəyan etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 915