Mağazaya oğurluğa girən şəxs obyekt sahibinə vintaçanla xəsarət yetirib


10:47     28 Sentyabr 2021 21_09_28_1632810265.jpg

Ucar rayonunda mağazalardan oğurluq edilib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə avqust ayının 15-də rayonun Küçəkənd kəndi ərazisində yerləşən mağazaların birinə dam hissəsini qıraraq qanunsuz daxil olan və oradan pul, müxtəlif növ siqaret və bir ədəd mobil telefon oğurlayan Göyçay rayon sakini, 29 yaşlı Yunis Quliyev tutulub.

İstintaq zamanı saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun sentyabr ayının əvvəlində Ucar rayonu Alpout kəndi ərazisində yerləşən mağazaların birinə oğurluq etmək məqsədilə qanunsuz daxil olduğu, lakin bu zaman obyekt sahibi ilə qarşılaşdığından ona vintaçanla xəsarət yetirərək hadisə yerindən qaçdığı da müəyyən edilib.

Həmçinin Y.Quliyevin yaşadığı Göyçay rayonu ərazisində yerləşən bir mağazadan müxtəlif növ siqaret oğurladığı da şöbə əməkdaşları tərəfindən sübuta yetirilib.

Dindirilmə zamanı Y.Quliyev törətdiyi əməlləri etiraf edərək, əldə etdiyi pulları xərclədiyini, siqaretləri isə satdığını bildirib. Bir ədəd mobil telefon isə maddi sübut kimi ondan götürülüb.

Faktlarla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Onun digər analoji hadisələr də iştirakının olub-olmaması araşdırılır.

Açar sözlər:

Oxunub: 793