Şuşada Mehmandarovların malikanə kompleksi bərpa olunur
22:44 28 Sentyabr 2021
İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir.
Mədəniyyət Nazirliyindən Femida.az-a verilən məlumata görə, həyata keçirilən işlər çərçivəsində hazırda Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri aparılır.
Şuşada yerləşən Mehmandarovların malikanə kompleksi Mehmandarovlar ailəsinə məxsusdur və Azərbaycanın tarixi-memarlıq abidələrindən biridir.
Azərbaycan xanlıqlarının, o cümlədən Qarabağ xanlığının idarəetmə sistemində bir çox mülki və hərbi vəzifələri yerinə yetirən Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanə kompleksi inşa olunub.
Şuşa şəhərində yerləşən Mehmandarovların malikanə kompleksinə böyük yaşayış evi, kiçik yaşayış evi və məscid daxildir. Həmçinin daha sonralar məscidə gedən yolun üstündə bulaq tikilib.
Mehmandarovların malikanə kompleksi ilk dəfə 1977-78-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılıb. Bina sovet dönəmində Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib. 1987-ci il mayın 19-dan vaxtilə Mehmandarovlar ailəsinə məxsus olan yaşayış kompleksində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyətə başlayıb.
Şuşa şəhəri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldığı üçün filialdakı daşınması mümkün olan eksponatlar təxliyə olunaraq Bakıya gətirilib.
Müharibə dövründə Mehmandarovların malikanə kompleksinə də ciddi ziyan dəyib, dağıntılar törədilib. Mülkdə olan əksər tikililər yerlə-yeksan edilib. Mehmandarovların kiçik yaşayış binası isə ermənilər tərəfindən Şuşa Tarix Muzeyi kimi fəaliyyət göstərirdi. Kompleks ərazisindəki məscid isə ermənilər tərəfindən mənimsənilmiş və Geologiya Muzeyinə çevrilmişdi.
Femida.az
Oxunub: 627
Oxşar xəbərlər
- Şuşada yaşayanlara tibbi xidmətlərin göstərilməsi qaydası açıqlanıb
- Şuşada Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans başlayıb
- Şuşada BMT-Azərbaycan tərəfdaşlığının ildönümü ilə bağlı konfrans başa çatıb
- Şuşada şəhid olan əsgər İkinci Fəxri xiyabanda dəfn olunacaq
- Şuşada iki nəfər minaya düşərək ölüb
- Şuşadakı terror hücumu Rusiya sülhməramlılarının laqeydliyinin nəticəsidir
- Şuşada dalğalanan Bayrağın günü - Klip
- Şuşada ermənilərin atıb qaçdığı 19 raket sistemi aşkarlanıb - FOTO
- Şuşada Daşaltı məscidinin təməli qoyulub
- Şuşada Radio-Televiziya Yayım Stansiyası tikiləcək